18 sentyabr – böyük Azərbaycan şairi, klassik və çağdaş ədəbiyyatın görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın anım günüdür. Bu il şairin vəfatından 37 il keçir.
Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbrizin Bağmeşə bölgəsində, o dövrün tanınmış hüquqşünaslarından olan Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. İlk təhsilini Təbrizdə Motahari məktəbində alıb, sonradan Tehrandakı Darülfünun məktəbində təhsilini davam etdirib. Həyatının bir dövründə Tibb kollecində oxuyub, daha sonra Xorasan və Tehranda notarius və bank sektorlarında çalışıb.
Uşaqlıqdan ədəbiyyata dərin maraq göstərən Şəhriyar 7 yaşından azərbaycanca, 9 yaşından farsca şeirlər yazmağa başlayıb. Onun ilk şeir toplusu 1931-ci ildə Tehranda çap olunub. Kitab üç tanınmış şəxsiyyət – Məlikü-şüəra Bahar, Səid Nəfisi və Peyman Bəxtiyari tərəfindən təqdim olunub.
Məhəmmədhüseyn Şəhriyar həm Azərbaycan türkcəsində, həm də fars dilində yazdığı şeirlərlə İran ədəbiyyatının ən güclü lirik şairlərindən biri kimi tanınıb. Onun poeziyasında humanizm, vətən sevgisi, bəşəri duyğular və doğma dilə bağlılıq əsas yer tutur.
Azərbaycan və İran ədəbiyyatına verdiyi töhfələrə görə, 13 mart 1996-cı ildə Şəhriyarın anadan olmasının 90 illiyi Azərbaycan ədəbi-mədəni həyatında rəsmi şəkildə qeyd olunmuşdur.
Şairin vəfat etdiyi gün – 18 sentyabr, 2002-ci ildən İran parlamentinin qərarı ilə Milli Şeir və Ədəbiyyat Günü kimi qeyd olunur. Bu, onun yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsidir.
Məhəmmədhüseyn Şəhriyar 1988-ci il sentyabrın 18-də, uzun sürən xəstəlikdən sonra Tehranda vəfat etmiş, Təbrizdə yerləşən “Şairlər məqbərəsi”ndə dəfn olunmuşdur.
Bu gün həm Azərbaycanda, həm də İranda dahi söz ustadının xatirəsi dərin ehtiramla yad olunur.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi