İpək Yolu Beynəlxalq Mədəniyyət sərgisində Azərbaycan-Çin mədəni əlaqələrinin tarixindən danışılıb - FOTOLAR
Çinin Dunhuanq şəhərində 8-ci İpək Yolu Beynəlxalq Mədəniyyət sərgisi açılıb.
NUHÇIXAN xəbər verir ki, 97 ölkə və 8 beynəlxalq təşkilatdan təxminən 1200 nəfərin iştirak etdiyi sərginin mövzusu “Mədəniyyətlərarası mübadiləni dərinləşdir, qarşılıqlı bilik mübadiləsini təşviq et” olub.
Tədbirin əsas məqsədi qədim İpək yolu üzərində yerləşən ölkələr arasında mədəni əməkdaşlığı gücləndirmək, mədəni mübadilə üçün yeni platforma yaratmaqla xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq etməkdir. Sərgi çərçivəsində 4 müxtəlif mövzulu forum, müxtəlif ölkələrdən incəsənət truppalarının konsert proqramları da təşkil olunub.
Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev sərgi çərçivəsində təşkil olunan “Dunhuanq mədəniyyətinin beynəlxalq təşviqinin praktik yolları” forumunda mədəni yüklü terminlərin qarşılıqlı tərcümə metodları mövzusunda məruzə ilə çıxış edib.
Natiq Çinlə Azərbaycan arasında mədəni əlaqələrin tarixinə toxunaraq iki xalqın İpək yolu üzərində mədəni əlaqələrin qurulmasındakı rolunu xüsusi vurğulayıb, müasir dövrdə qarşılıqlı akademik tərcümənin bu əlaqələrə təkan verdiyini diqqətə çatdırıb. O, Dunhuanq və İpək yolu mədəniyyətinə aid terminlərin qarşılıqlı tərcüməsi zamanı yaranan çətinliklər və onların aradan qaldırılma metodlarıyla bağlı araşdırmasını təqdim edib.