Etnoqrafiyamızın və folklorumuzun yaşadılmasında aşıqların rolu

A- A A+

Azərbaycan etnoqrafiyası çox zəngindir. Zaman keçdikcə obyektiv və subyektiv səbəblərdən məişətimizlə bağlı bir çox məlumatlar unudulub. Amma bu gün xalq yaradıcılığında və folklorumuzda bu istiqamətdə yetərincə sayda nümunələr qorunub saxlanır.  Sadəcə onları araşdıranda daha maraqlı faktlarla üzləşirsən. Belə qənaətə gəlmək olar ki, hər bir dövrdə yaranan bu cür poetik nümunələr sonradan xalqın etnoqrafiyası və dünyagörüşünün təcəssümünə çevrilir.

Müasir texnologiyanın inkişafı ilə bağlı olaraq gənc nəsil qara kotan, xış, vəl kimi əkinçilik terminlərə yəqin ki, yalnız muzeylərdə, tarix kitablarında rast gəlirlər. Amma xalq yaradıcılığında, əsasən də ağıqların bayatıları, qoşmaları və qıfılbəndlərinə bununla bağlı geniş nümunələr var. 

Etnoqraf Qəmərşah Cavadov “Əkinçilik mədəniyyətimizin sorağı ilə” monoqrafiyasında “qara kotan”la bağlı etnoqrafik səfər zamanı qeydə aldığı bir rəvayəti xatırladır. Qara kotanla bağlı bir qıfılbənd və açmasını verir.

                                  Boy ola, ay bayqu ola,

                                  Bayquda yatan quş ola.

                                  Səksən ayaq, qırx buynuz,

                                  Bu nə əcəb iş ola.

Açması:

                                  Boy ola, boytan ola,

                                  Bayquda yatan ola.

                                  Səksən ayaq, qırx buynuz,

                                  Baba olmaya, kotan ola.

Amma burada bizim diqqətimizi çəkən bayqu ifadəsi oldu. Q. Cavadov qıfılbənddəki “bayqu” sözünə diqqət yönəldir və bayatının çox qədim dövrlərin məhsulu olduğunu göstərir. Tarixi mənbələrə istinadən Oğuz qəbilələrinin hər birinin özünəməxsus damğası və anğonu(totemi) olduğunu, bu müqəddəs quşlardan birinin adının “bayqu” olduğunu, ehtimala görə şeir-sənət hamisi hesab edildiyini qeyd edir. Qıfılbənddə işlədilən “bayqu”nun bayquş olmayıb, əksinə, şifahi xalq ədəbiyyatımızda və eləcə də onun geniş yayılmış qolu olan bayatılarımızda, bayquya xeyirxah bir qüvvə kimi baxıldığını yazır və Aşıq Ələsgərin “Ayağa məni” təcnisindən nümunə gətirərək fikrini təsdiqləyir.

                          Ələsgərəm, dada gəldi, budu yar,

                          Bayquların məskənidir bu diyar.

Q.Cavadovun etdiyi bu qeyd marağımıza səbəb oldu. Apardığımız tədqiqatlar nəticəsində bayatılarda “bayqu” sözünə rast gəlməsək də, dahi aşıqlarımızın yaradıcılığına əsasən “bayqu”nun həqiqətən də bayquş olmayıb, nəinki şeir-sənət , hətta sevgi-məhəbbət himayəçisi olduğu qənaətinə gəlirik. Düzdür, bəzi aşıq şerlərində bayqu-bayquş kimi təsvir edilir.

“Azərbaycan dilinin izahlı lüğəti”ndə bayqunun bayquş sözünün qədim forması olduğu göstərilir. Aşıq Rəcəbin, Seyid Əzim Şirvaninin şerlərindən çəkilən misalda bayqu-bayquş mənasında işlədilib. Ancaq Aşıq Mehdinin “Di danış” qoşmasından çəkilən misalda:

                          Bayqu gələr, məskən salar sənə yar,

                          Sən hurisən, sən pərisən mənə yar,

                          Sən çor deynən, mən can deyim yenə yar,

İnsafa gəl zərəfşanım, di danış.

Bayqunun bayquş olduğunu güman etmirik. Digər aşıq şeirləri də bunu təsdiq edir.

- Abbas Tufarqanlının “Əylənməz” gəraylısında:

                          Gözəlin qaşı qaradı,

                          Bayqunun meyli haradır?

                          Bu dünya karvansaradır.

                          Hər gələn qonar, əylənməz.

- “Məni gör” qoşmasında:

                          Sər qoydun payəndaz, etdim üz yara,

                          Bayqu kimi meydan vermə üz yara.

                          Zülf pərişan, yaxa yırtıq, üz yara,

Könlümü şikəstə bulan, məni gör.

- Xəstə Qasımın “Ahular məni” qoşmasında:

                          Xəstə Qasım kim yaraşır əğyara,

                          Bayqunu gör, məskən salmış ağ yara.

- Varxiyanlı aşıq Məhəmmədin (Ya “dal”a) təcnisində:

                          Məhəmməd yenə də ayyarı sevdin,

                          Bayqu tək yaslanıb ay yarı sevdin.

                          Eşqə cünun oldun, ay yarı sevdin,

                          Layiqdimi indi onu yad ala?

- Şəmkirli aşıq Hüseynin bayatılarında:

                                  Söyünü yara bağlar,

                                  Bayqular yara bağlar,

                                  Yaramı yar bağlasın,

                                  Yar yaxşı yara bağlar.

- Aşıq Ələsgərin “De bir üz, bir üz” təcnisində:

                                  Bayqu həsrət çəkdi yara yetmədi,

                                  Təbib neştər vurdu yara yetmədi.

                                  Yazıq Ələsgər də yara yetmədi.

                                  Çalxan qəm bəhrində de bir üz, bir üz.

Aşıq Ələsgərə on il şagirdlik eyləyən Aşıq Əsədin “Of-of” təcnisi daha maraqlıdır.

                                  Bayqular məskəni yara qalyanı,

                                  Tutubdu dəstinə yar a qalyanı,

                                  Doldurub verəndə yara qalyanı,

Çəkəndə ləbində eyləməzmi uf,

O şirin ləbindən busə dilədim,

Baxar, başın bular, ay edər of-of.

Birinci misradaki “qalyan” açıq yaraların üzərinə qoyulan məlhəmdir. Bayquş məskəni yara məlhəmi olmadığı kimi, Aşıq Ələsgər də öz diyarını bayquş məskəninə oxşatmazdı. Göründüyü kimi, Azərbaycan xalqının unudulan hər bir sözündə bir hekayə, bir dastan yatır.

Biz də təsdiq edirik ki, bəzi aşıq və şairlərimiz bayqunu bayquş timsalında işlədiblər.

Aşıq Qurbaninin “Canım hey” qoşmasında:

Köç-köç oldu, köçdü ellər, obalar,

Bayqudan viranda qalan canım hey.

Bizə elə gəlir ki, Aşıq Ələsgərin dediyi kimi bayqular məskənində viranəyə düşdüyünə işarə edir.

Aşıq Vəli Miskinli isə bayqunu həqiqətən bayquş mənasında işlədir.

                          Yenə yada düşdü keçən çağlarım,

                          Bayqular məskəni oldu dağlarım,

                          Büllur otaqlarım, güllü tağlarım,

                          Yağıya, yadlara qaldı ağlaram!

XX əsr aşıq və şairlərin əsərlərində bayqu sözünün işlədilməsinə rast gəlmirik. Görünür, hələ XIX əsrin sonlarında bu söz arxaikləşmiş, mənası unudulmuşdur.

 

 Zaleh Novruzov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: