Azərbaycan ilə Özbəkistan arasında genişmiqyaslı “İpək Yolunun əsas məkanları” layihəsi çərçivəsində Praqada birgə yol şousu keçirilib. Tədbir Avropanın altı şəhərini - Frankfurt, Vyana, Sürix, Budapeşt, Praqa və Barselonanı əhatə edən Avropa turunun bir hissəsi olub.
NUHÇIXAN xəbər verir ki, təşəbbüs Azərbaycan Turizm Bürosu (ATB) və Özbəkistanın Milli Təbliğat Mərkəzi arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd iki ölkənin mədəni, tarixi və təbii turizm potensialını təşviq etmək, Böyük İpək Yolu boyunca birgə marşrutlar hazırlamaq və tur operatorlarının peşəkar əlaqələrini gücləndirməkdir.
Tədbirdə turizm komitələrinin, təbliğat mərkəzlərinin, otel şəbəkələrinin nümayəndələri, eləcə də Çexiyanın tur operatorları və müvafiq təşkilatların rəhbərləri iştirak ediblər.
Təqdimat zamanı Azərbaycan və Özbəkistan nümayəndələri iki ölkənin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş əsas turizm məkanlarını təqdim ediblər. Xüsusi diqqət ekoturizmin, qastronomiyanın, xizəkçiliyin, sağlamlıq və mədəni turizmin inkişafına yönəldilib.
Rəsmi sessiyadan sonra B2B toplantısı keçirilib. Burada Özbəkistan, Azərbaycan və Çexiyadan olan tur operatorları əməkdaşlıq perspektivlərini müzakirə edib, birgə turizm məhsullarının hazırlanması üçün təkliflər mübadiləsi aparıblar.
Tədbir Çexiyanın turizm ictimaiyyəti və mediasında böyük maraq doğurub. İştirakçılar qeyd ediblər ki, Azərbaycan və Özbəkistan hazırda zəngin tarixin müasir infrastruktur və yüksəkkeyfiyyətli turizm xidmətləri ilə ahəngdar şəkildə qovuşduğu müasir, təhlükəsiz və qonaqpərvər ölkələr kimi qəbul edilir.
