Qədim mədəniyyət mərkəzlərimizdən olan Naxçıvan MR milli-mənəvi dəyər məcmusu olan xalq yaradıcılığı örnəklərinin yaranması, qorunması, ən əsası da icrası baxımından ən aktiv məkandır: əsl folklor və etnoqrafiya mühitidir. Ərazidə yaşayan əhalinin folklor yaddaşı olduqca zəngindir. Milli-mənəvi dəyərlərimizin sürətli şəkildə itmə təhlükəsinə məruz qaldığı müasir dövrdə burada əksinə olaraq milli dəyərlər hələ də qorunaraq aktiv icra ortamındadır. Odur ki, sözügedən məkanda xalq yaradıcılığımızın – folklorumuzun yaşamasına zidd olan məqamlar, müqayisədə çox azdır. Yəni internetləşmə əsrində yaşadığımızdan dolayı milli-mənəvi dəyərlərimiz itmək təhlükəsində qaldığından (əlavə edək ki, bu problem təkcə Azərbaycanda deyil, bütün dünya xalqlarının mədəniyyəti üçün xarakterikdir), keçmişdə icra və ifa olunan mənəvi dəyər faktlarımız bu gün sıradan çıxmaqdadır. Lakin bu məsələ, sevindirici haldır ki, bir problem kimi Naxçıvan Muxtar Respublikası ərazilərində, demək olar, izlənilmir. Çünki Naxçıvan MR əhalisi öz milli köklərinə sadiq qalaraq adət-ənənələrinin icrasına olduqca böyük önəm verir. Bu da mənəvi dəyərlərimizin qorunub yaşamasına, gələcək nəslə ötürülməsinə xidmət edir.
Naxçıvan MR ərazisi olan Ordubad rayonu isə öz qədimliyi, adət-ənənə zənginliyi, mühafizəkarlığı baxımdan nəinki Naxçıvan MR-in digər regionları, o cümlədən Azərbaycanın digər əraziləri ilə müqayisədə seçiləndir. Bu münasibətlə bu il – 21 fevral 2024-cü ildə Prezident İlham Əliyev “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncam imzaladı. Hər zaman Ordubadın qədimliyini öz nitqlərində böyük qürur hissi ilə ifadə edən, fəaliyyətində ərazinin inkişafına, buradakı əhalinin rifahının yaxşılaşdırılması məsələlərinə diqqət və qayğıyla yanaşan Ulu Öndər haqlı olaraq söyləmişdir: “Ordubad Azərbaycanın incisidir”. Bəli, bu gün Ulu Öndərin əsasını qoyduğu “Xoşbəxt və firavan Azərbaycan” konsepsiyasını çox böyük uğurlarla davam etdirən Prezident İlham Əliyevin qədim mədəniyyətimizin mərkəzlərindən olan Ordubad haqqında imzaladığı Sərəncamı bu məkanın bundan sonrakı həyatının daha da firavan və xoşbəxt təməlini qoydu. Ordubad ərazisində mövcud olan hər bir tarixi-memarlıq abidəsinin qorunması, eləcə də ərazidə yaşayan milli-mənəvi dəyərlərin yaşamasına, gələcəyə ötürülməsi işində hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidir.
Naxçıvan Muxtar Respublikasının qədim mədəniyyət mərkəzlərindən olan Ordubad rayonu maddi-mənəvi dəyərərin mövcudluğu, müxtəlif mərasim faktlarının mükəmməl şəkildə icra edilərək qorunduğunu müşahidə etdiyimiz həm də aktiv folklor və etnoqrafiya məkanı – mühitidir. Milli folklorumuzun hər bir janrına uyğun olan sözlü yaradıcılıq örnəkləri ərazinin folklor yaddaşında yaşamaqdadır. Hazırda ərazidə mövsüm və məişət mərasimlərinin qədim düşüncələri ehtiva edən proseslərlə icrasını müşahidə edirik. Həmçinin buradakı əhalinin folklor yaddaşında qədim mərasimlərin icrası da izlənilir. Əslinə baxanda bu mərasimlərin bəziləri əvvəllərdə yarandığı və icra olunduğu kimi icra olunsa da, bəziləri isə dövrün və zamanın vurduğu təzyiqlər, maddiyyat kimi mənəviyyatın qarşısında da qoyduğu “tələblər” nəticəsində az və ya çox dərəcədə dəyişilərək icra olunmaqadır. Bütün bunlara baxmayarar, sözügedən ərazidə folklor tamaşalarının, mövsüm və mərasim faktlarının icrası aktivdir. Ən azından, bu qədərinin icrası milli yaddaşın qorunmasına çox böyük dəstəkdir. Belə ki, həmin tamaşaların icrası zəminində digər folklor örnəklrinin də ifası və icrası mütləqləşir, vazkeçilməz olur.
Qədim türk öz övladlarını, necə deyərlər, aktiv – fəal böyütmək üçün oyunlar, oyun-tamaşalar yaradıb. Uşaqlar arasında icra olunan oyun və ya oyun-tamaşaların özündə də milliliyi, qədimliyi, ulu keçmişin izlərini özündə mühafizə etmiş elementlərin özləri də milli düşüncəmizin qədimliyini ehtiva edir. Lakin təkcə bunlar deyil, buradakı əhalinin sürdüyü həyat tərzini azca diqqətlə müşahidə etmək kifayətdir ki, haqqında bəhs olunan məkan və onun əhalisinin bütünlükdə milli dəyərlərin qoruyucusu olması bir daha təsdiqlənsin. Bu haqda çox söz demək olar, lakin məqsədimiz Ordubad şəhərindəki qədim tikililərdən biri – XVIII əsr abidəsi olan hamam haqqında bəhs etməkdir. Sözügedən hamam Ordubad şəhərinin mərkəzində, Təbriz küçəsinin Mingis məhəlləsi ilə kəsişdiyi yerdə yerləşir. XVIII əsrə aid edilməsi hamamın əvvəlki, yəni bərpadan öncəki memarlıq quruluşuna əsasən təsdiqlənib. Bunu da əlavə edək ki, hamam 2009-cu ildə bərpadan sonra öz memarlıq quruluşunu, demək olar ki, xeyli itirmişdir. Əvvəlki bina isə şərq memarlıq üsulu ilə inşa edilmiş, eləcə də ərazinin mədəni dəyərlərini ifadə edən bəzək və naxışlarla tamamlanmışdır.
Ordubad şəhərinin əhalisi üçün bu hamam təkcə çimib-paklanıb, təmizlənmək üçün bir məkan xarakterində olmayıb. Bura həm də mövcud milli dəyərlərin qorunduğu, yenilərinin yaranıb formalaşdırıldığı aktiv folklor məkanı olub... Ordubad şəhər əhalisinin söylədiyinə görə, yaxın dövrlərədək, yəni hər bir evdə hamam inşa edilənədək bu hamamdan istifadə yüksək səviyyədə idi. Əhalinin həftənin müxtəlif günlərində bura gələrək paklanıb-təmizlənməsində də əraziyəməxsus yanaşmalar mövcud olmuşdur. Qadınlar həftənin cüt, kişilər isə həftənin tək günləri hamamdan istifadə edə bilərdilər. Qadınların hamamdan təmizlənmək məqsədilə istifadə etdikləri günlərlə yanaşı müxtəlif mərasimlər, xüsusən də məişət mərasimlərini icra etdikləri zamanlar da olurdu. Hətta analar oğulları, bacılar qardaşları üçün hamamda qız bəyənər, yeri gələndə elə hamamda elçilik də edərdilər. Toy mərasimlərinin əvvəlindən başlayaraq uyğun şəkildə hamam mərasimləri təşkil olunardı. Toy günündən bir gün əvvəl gəlin hamamı mərasimi keçirilərdi. Ordubad şəhərinin Təbriz küçəsində yerləşən XVIII əsrə aid bu qədim hamamda sözügedən mərasimin son illərə qədər keçirilməsi aktual idi. Gəlin təntənəli şəkildə hamama aparılardı. O özü ilə ona cehiz verilmiş hamam boğçasını götürərdi. Boğçada hamam fitəsi, kisə, daraq, sabun, mis parç və s. ləvazimatlar olardı. Həmin ləvazimatlardan gəlinin qaynanası və baldızları üçün də qoyulardı. Gəlin köçən qızın rəfiqələri, onunla bərabər qız evindən gedən cavan qız-gəlinlər mərasimi başlamazdan əvvəl “hamam nəğmələri” oxuyardılar:
Narımı tökdüm tasa,
Yarım düşdü tas-kasa.
Dərdimi yara deyim,
Bəlkə yar qulaq asa.
Nar, nar, nargilə,
Gəlin gedək yargilə.
İynə sancdım divara,
Elçi göndərdim yara.
Elçidən cavab gəlməz,
Özüm elçiyəm yara.
Nar, nar, nargilə,
Gəlin gedək yargilə.
Gəlin hamamda ona cehiz verilmiş su vedrəsini su ilə doldurub bir əlində də su parçı ilə əvvəlcə qaynanasının, sonra isə baldızlarının, qayın arvadlarının başına, çiyinlərinə su tökərək bu sözləri deyərmiş: “Səhhətdərin olsun, xanımcan (qaynana)”, “Səhhətdərin olsun, şahbacı (böyük baldız)”, “Səhhətdərin olsun, ağabacı (kiçik baldız)”, “Səhhətdərin olsun, mirzəcanı (böyük qayınarvadı)”. Bu kimi etik münasibətlər gəlinin oğlan evi üzvlərinə ilk münasibətini – mehribanlığını, hörmətini ifadə edirdi. Oğlan evinin qadınları gəlinin bu sözləri deyərək icra etdiyi xidməti dəyərləndirər, ona qızıl bəzək əşyaları hədiyyə edərdilər. Gəlin hamamının pulunu oğlan evi ödəyərdi. Deməli, təməli yenicə qoyulan ailənin toy mərasiminin ilk mərhələsi hamamda təmizliyə, paklığa çıxmaqla icra olunardı. Zəngin söz yaddaşlı maraqlı informatorlarımız, Ordubad şəhər sakinləri Rəhimova Kəmalə (1967) və Seyidova Xədicə (1972) öz ulularından eşitdiyi xatirələri yaddaşlarında canlandıraraq deyirlər ki, gəlin hamamı mərasiminin sonu müxtəlif musiqi alətlərinin müşayiəti ilə oxuyub-oynamağa həsr olunardı.
Ümumiyyətlə, Ordubad şəhəri ərazisində hamamla bağlı qədim əxlaqi və dini dəyərlərə hazırda böyük ehtiramla yanaşılır. Sözügedən XVIII əsr hamamı isə bu dəyərlərin qorunduğu qiymətli abidə olub. Hamama cavan qadın daxil olarkən oradakı yaşlı qadınların çiyinlərinə ehtiram əlaməti olaraq su tökərdi. Bu, həmin qadınlara çox xoş gələr, əvəzində ona alqışlar ünvanlayardılar.
Azyaşlı özvladlarını hamama aparan analar hamam boğçasından əlavə çərəzlər, meyvə quruları, əsasən heyva dilimləri qoyulmuş boğça da götürərdilər. Bunlar hamamın istisi və buxarında çimib yorulmuş uşaqlara xoş əhval verərdi.
Ordubadda hamamdan çıxan insana qayğı ilə yanaşmaq kimi adətlər ailələrdə indi də müşahidə olunur. Belə ki, hamam təmizliyindən sonra əraziyəməxsus müxtəllif şirniyyatlar, mürəbbələr, əsasən də gülqəndlə çay içmək insana yeni, daha xoş əhval bəxş edir.
Bütün bunlar qədim mədəniyyət mərkəzi Ordubad rayonunun maddi-mədəni abidələrinin mənəvi-mədəni örnəklərlə sintezləşmiş şəkildə mövcudluğunu, günümüzdə də yaşadığını təsdiq edən dəyərli faktlardır.
Naxçıvan Müəllimlər İnstitutu
filologiya üzrə fəlsəfə doktoru,
dosent Aytən Cəfərova
