Naxçıvanda Duz Muzeyinin ləğvi barədə rəsmi məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, muzeyin eksponatları Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək və orada yaradılacaq guşədə nümayiş etdiriləcək: "Naxçıvan Dövlət Tarix Muzeyi xalqımızın tarixinin, mədəniyyətinin, yeraltı və yerüstü sərvətlərinin nümayiş edildiyi, həmçinin daha çox yerli və əcnəbi ziyarətçilərin gəldiyi muzeydir. Bu səbəbdən ləğv edilmiş Naxçıvan Duz Muzeyinin fondunda olan eksponatların muzeyin fonduna verilməsi qərara alınıb".
Qeyd olunub ki, Duz Muzeyi Muxtar Respublika Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. Muzeyin əvvəllər Duzdağ otelində ayrılmış bir ekspozisiya zalı və iki xidmət otağı olub, burada gələn qonaqlara xidmət göstərilib. 2023-cü ildə Duzdağ otelinin balanssaxlayıcısı dəyişdiyindən muzey oradan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə köçürülüb.
Muzeydə olan 138 ədəd eksponatın böyük hissəsi duz materialından hazırlanıb.
