Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndələrindən olan Lətif Kərimovun anadan olmasından 119 il ötür.
Böyük sənətkar 1906-cı il noyabrın 17-də Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində dünyaya gəlib. O, uşaq yaşlarında ailəsi ilə birlikdə İranın Məşhəd şəhərinə köçüb və xalçaçılığın ilkin sirlərini burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasında öyrənib.
1928-ci ildə Şuşada “Qarabağxalça” artelində təlimatçı, 1930-cu ildə isə “Azərbaycanxalça” birliyində rəssam-təlimatçı kimi fəaliyyət göstərib. Lətif Kərimovun yaradıcılığı təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində yüksək qiymətləndirilib. Onun Firdovsinin 1000 illiyinə ithaf etdiyi xalça 1936-cı ildə Parisdə keçirilən Ümumdünya sərgisində təqdim olunub.
Sənətkar 1940–1941-ci illərdə həmkarları ilə birlikdə Nizaminin yubileyinə həsr olunan “Xəmsə” mövzulu beş xalça hazırlayıb. O, həmçinin Bakı və Qubada xalçaçılıq məktəblərinin, eləcə də 1967-ci ildə Bakıda Xalça Muzeyinin yaradılmasında mühüm rol oynayıb.
Azərbaycanın tanınmış xalçaçı-rəssamı və xalçaşünası Lətif Kərimov 1991-ci il sentyabrın 8-də Bakıda vəfat edib. Sənətkarın “Əfşan”, “Səfiəddin Urməvi”, “Ləçəkturunc”, “Butalı”, “Şəbi-hicran”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Əsrlərin nəğməsi”, “Əcəmi” və digər qiymətli əsərləri bu gün də Azərbaycan Milli Xalça Muzeyində qorunub saxlanılır.
Lətif Kərimovun zəngin yaradıcılığı və xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1946-cı il fevralın 25-də “Şərəf nişanı” ordeni, 1950-ci ildə “Stalin” mükafatı, 1960-cı il mayın 24-də “Azərbaycan SSR xalq rəssamı” fəxri adı və digər orden və medallarla təltif olunub.
Nurtac İsmayılova
