NUHÇIXAN xəbər verir ki, bu il də Novruz bayramı və məktəblilərin yaz tətili günlərində teatrlar uşaqları maraqlı, mövzu baxımından rəngarəng tamaşalarla sevindirir.
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə şair dramaturq Kəmalə Ağayevanın eyniadlı xalq nağılının motivləri əsasında yazdığı “Tıq-tıq xanım” tamaşasını balaca seyrçilərinə təqdim edib.
Uşaqlara xeyirxahlıq, fədakarlıq, dürüstlük və sadaqət kimi dəyərləri təlqin edən tamaşa üçün maraqlı musiqiləri Əli Məmmədov bəstələyib.
Naxçıvan Dövlət Kukla Teatrı seyrçilərə bu il bir neçə maraqlı tamaşa təqdim edəcək.
Uşaqların sevimli ünvanlarından biri olan Naxçıvan Dövlət Uşaq Teatrı da bayram günlərində uşaqlara “Adam badam iyisi gəlir” tamaşasını təqdim edib. Tamaşanın rejissoru Nurbəniz Niftəliyevadır.
Maraqlı səhnələri olan tamaşa balacalara əsl bayram əhval ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, hər iki tamaşa mart ayının 26-dək izləyicilərə təqdim ediləcək.
Mədinə Rəhimli