Həsən Ağaməhəmməd oğlu Məmmədov 22 noyabr 1938-ci ildə Salyan rayonunda anadan olub. O, Azərbaycan teatr və kino sənətində özünəməxsus yeri olan görkəmli aktyorlardan biri kimi tanınır.
İlk təhsilini Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində alsa da, sonradan təhsilini yarımçıq qoyaraq aktyorluq sənətini seçib. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirərək Akademik Milli Dram Teatrına göndərilib. Elə buradaca Həsən Məmmədov kino aktyoru kimi məşhurlaşmağa başlayıb.
1972-ci il fevralın 2-dən etibarən fəaliyyətini “Azərbaycanfilm” kinostudiyasında davam etdirib. 1992-ci ildən isə doğma kollektivinin aktyor truppasında çalışıb. Kino yaradıcılığında unudulmaz obrazlar yaradan aktyor “Böyük dayaq”, “Arşın mal alan”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Bizi bağışlayın”, “Birisi gün gecə yarısı”, “İstintaq”, “Dədə Qorqud”, “Axırıncı aşırım”, “Sevil”, “Yeddi oğul istərəm”, “Bir cənub şəhərində”, “Qızıl qaz”, “Bakıda küləklər əsir”, “Alma almaya bənzər”, “Səmt küləyi”, “İstintaq davam edir”, “Şahid qız”, “Qəm pəncərəsi”, “Həm ziyarət, həm ticarət” kimi filmlərdə bir-birindən fərqli və yaddaqalan rolları ilə tamaşaçı rəğbəti qazanıb.
Yüksək sənət fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına, 21 noyabr 1998-ci ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
Ömrünü sənətə həsr edən görkəmli aktyor 21 avqust 2015-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. Həsən Məmmədov Azərbaycan aktyor məktəbinin parlaq nümayəndələrindən biri kimi daim hörmət və ehtiramla xatırlanır.
Nurtac İsmayılova
