Şərqin qapısında Qadın, Ana adına ucaldılan Möminə xatun türbəsinin təsviri sənətdə bədii təzahürləri - FOTOLAR

“Biz gedirik, ancaq qalır rüzigar. Biz ölürük əsər qalır yadigar”

A- A A+

Azərbaycanın gözəl güşələrindən olan qədim tarixə, mədəniyyətə malik olan “Naxışlar diyarı”, “Bəşəriyyətin beşiyi”, “Şərqin qapısı” adlanan Naxçıvan təbiət gözəlliyi ilə yanaşı tarixi memarlıq abidələrinin zənginliyi ilə seçilmişdir.

Belə tarixi memarlıq abidələrindən biri Memar Əcəmi yaradıcılığı incilərindən olan zərif naxışları, gözəl ornament kompozisiyası ilə yaradılmış XII əsr memarlıq nümunəsi olan Möminə xatun türbəsidir. Memar Əcəmi yaradıcılığının incilərindən olan Möminə xatun türbəsi və müəllifi olduğu digər memarlıq abidələri həm zəngin kompozisiyası, həm də ifadə etdiyi mənaya görə dünya mədəniyyəti tarixində özünə böyük yer tutmuşdur. O dünən, bu gün bir çox Azərbaycan və dünya memarlarının, incəsənət xadimlərinin yaradıcılığı üçün ilham mənbəyi olmuş və bundan sonra da olacaqdır. Bu tarixi gözəllik və zənginlik  hər zaman xarici və yerli rəssamların yaradıcılığında da rəngarəng tema təşkil etmişdir.  

Əcnəbi tarixçilərin, rəssamların – britaniyalı şərqşünas Ulyam Ouseley 1812-ci ildə “Naxçıvan qalıntıları”, fransız naturalisti, alim, yazıçı, arxeloq, tarixçi Frederik Debua de Monpere 1834-cü ildə Möminə xatun türbəsi”, Barbantın 1876-cı ildə taxta üzərində cızılmış “Naxçıvan. Möminə xatun türbəsi”, Lankelotun “Naxçıvanda türbə və minarənin qalıqları” qrafik nümunələri türbənin XIX əsr görünüşünün bədii realist ifadəsidir.

1979-cu ildə isə V.F.Qolovanov “Şair Nizami Gəncəvi ilə memar Əcəminin görüşü” adlı əsərdə arxa fonda Naxçıvanın tarixi abidələri təsvir olunmuşdur. Memar Əcəmi Əbubəkr oğlunun memarlıq incilərindən olan XII əsr abidəsi Cümə məscidi, Mömünə xatun türbəsi, İbn Küseyr oğlu türbəsi və başqa abidələr göstərilmişdir. Ön planda isə dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə abidələrin müəllifi memar Əcəminin müsahibəsi təsvir olunmuşdur. 1979-cu ildə isə V.F.Qolovanov (1924-1990) yağlı boya ilə 149 x119 sm ölçüsündə işləmişdir. Əsər hal-hazırda Naxçıvan Dövlət Rəsm Qalareyasında sərgilənir. Əsərin eyni kompozisiyada, lakin fərqli üslub və koloritdə naxçıvanlı rəssam Rafael Qədimov yaratmışdır. Naxçıvanlı rəssamların yaradıcılığında isə bu mövzuya müraciət özünü daha qabarıq göstərir. Realizmin banisi olan Bəhruz Kəngərlidən başlayaraq müasir dövrümüzə qədər yerli rəssamların yaradıcılığında həm realizm üslubunda, həm də müxtəlif ifadə yanaşmaları ilə qadın, ana adına ucaldılmış memarlıq incisinin bədii təzahürlərinə sıxlıqla rast gəlinir.

Müasir dövrümüzdə eləcə də yerli rəssamlardan əlavə Naxçıvana səfər edən əcnəbi rəssamların yaradıcılığında türbənin realist və üslub müxtəlifliyinin rəngarəng nümunələrinin şahidi oluruq. Daha çox 2012-ci ildən başlayaraq 2014-cü, 2016-cı, 2018-ci, 2021 və 2023-cü illərdə Naxçıvanda keçirilən “Naxçıvan-Bəşəriyyətin beşiyi” beynəlxalq rəsm festivallar zamanı zərifliyi və möhtəşəm memarlıq quruluşu ilə seçilən bu abidənin tablolarda əbədiləşdirmişdilər.

Ulu öndər, sənətsevər lider Heydər Əliyev çıxışı zamanı söyləmişdir:

 “Möminə xatın türbəsini bir neçə variantda çəkmişəm. Çox təəssüf edirəm, mən Bakıya, oradan Leninqrada, Moskvaya gedəndən sonra buradakı kitablarım, çəkdiyim şəkillər hamısı dağıldı. Təəssüf edirəm. Akvarellə çəkdiyim çox gözəl şəkillərim vardı”.  

Ulu öndər Heydər Əliyevin apardığı elm, təhsil və incəsənət siyasəti hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan xalqının gələcəyi naminə uğurla davam etdirilir. Məhz elə bu il–14 fevral 2025-ci il tarixində ölkə Prezidenti tərəfindən 22 may 2025- ci il tarixində “Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” və bu tarixi mədəniyyət abidəsinin müəllifi orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində abidəsinin ucaldılması haqqında imzaladığı sərəncamlar bu qədim torpağa, sənətə və sənətkara böyük qayğı və diqqətin təcəssümüdür.

 

 Həbibə Rəşad qızı Allahverdiyeva 

Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı,

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müdiri 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: