Azərbaycan ədəbiyyatı öz dahi yazarları ilə əsrlər boyu dünya ədəbiyyatında xüsusi yer tutub. Nizami öz Xəmsəsi ilə dünya ədəbiyyatının korifeyi olduğu kimi, İmadəddin Nəsimi də dünya ədəbiyyatının fəlsəfi aləminə öz möhürünü vurmuşdur. İstər vətənimizdə, istərsə də Orta Asiya türkləri qazax, qırğız, özbək, türkmən, eləcə də Türkiyə xalqları arasında şöhrət qazanan İmadəddin Nəsimi günümüzdə belə dünya poetik mühitini öz fəlsəfi fikirləri ilə heyrətləndirməkdədir. Onun yaradıcılığı bu gün də Şərq və Qərb xalqlarının mədəni sərvətləri xəzinəsində özünəməxsus layiqli yerini saxlamaqdadır.
Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi tarixi ədəbi və fəlsəfi fikir yaddaşımıza milli qayıdışımızın bir daha bariz nümunəsidir.
Tarixi qaynaqlarda adı Seyid Əli olan, lakin İmadəddin Nəsimi təxəllüsü ilə dünya ədəbiyyatında özünə layiqli yer tutan bu filosof şair Azərbaycan türkü olmaqla, 1369-cu ildə Şamaxıda doğulmuş, 1417-ci ildə Suriyanın Hələb şəhərində edam edilmişdir. Bu sufi, hürufi aliminin yaradıcılığına diqqət etdikdə, burada insan təfəkkürünün və onun idrakının maddi və mənəvi aləmdə təzahür formaları və başqa fəlsəfi fikirlər əsas yer aldığını görürsən. Bu istiqamətdə ilk təhsilini Şamaxıda almış Nəsimi, hürufi Fəzlullah Nəiminin elmi, tərbiyə və təlimlərindən öz fəlsəfi fikirlərini təkmilləşdirib. O, ilk dövrlər sufizm mövqeyində dayanarqtanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirib. Onun ruhu X əsrin sufi filosof-şairi Mənsur Həllacın təliminə yaxın idi. Bu dahi şair-filosof sonra hürufiliyə meyl etmişdir.
Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi qədim türk-Azərbaycan, eləcə də Şərq və yunan fəlsəfəsini dərindən öyrənib. Bu qədim fəlsəfi fikirlərlə bərabər onların ədəbiyyatı, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə də tam yiyələnib, İslam və xristian dinlərinin əsaslarına yaxından bələd olub.
Qeyd edək ki, Sufizm m.ö. təxminən8-ci yüz ilin sonlarından Zərdüştlükdə yer almışdı. Hələ o zaman şaman sufilər ağ geyimdə məbədlərə gedir, insanın tanrı və kainatla vəhdəti ideyasını təbliğ edirdilər. Dünyanın ən qədim dini olan sufizm, ilk dövlət dini kimi sonralar yaranan dinlərin-İudaizmin, Xristianlığın, Müsəlmanlığın və Buddizmin inkişafına da xüsusi təsir göstərib. Bu fəlsəfi fikir 5-ci əsrin ortalarında Yunanıstanda da yayılıb. Burada filosoflar fiziki dünyanı öyrənməyi dayandırıb, diqqəti fərdlə daha yaxın mövzulara yönəltməyə başladılar.
Zərdüştlükdəki bu fəlsəfəni insanın özünə doğru yönəldən Sokrat, əxlaqi problemlərə daha çox önəm verirdi. Onun fikri sufizmdən bəhrələnmiş, burada xeyir və şərin nə olması, xeyrin bilikdə, şərin cəhalətdə olduğu, var-dövlətin isə, heç bir xeyir gətirmədiyi göstərilirdi. Bu yeni intellektual cərəyanın ilk nümayəndələri şaman sufilər-sofistlər idi.
Hələ m.ö. VIII əsrdə bu fəlsəfəni önə çəkən şaman sufilərin ideyaları Nəsimi yaradıcılığında daha mükəmməl yer almaqla onun tuyuğ, qəzəl, rübai və s. bu tipli yazılarında öz əksini tapıb. Onun əsrlərində fəlsəfi istiqamətlər çoxluğu diqqəti cəlb edir. Burada vəhdəti vücud, metafizik, təbiət kimi fəlsəfi baxışlar özündə xeyli sayda elmi birləşdirir. Bu isə Nəsiminin Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alimləri İbn Sina, Xaqani, Nizami,Övhədi, Marağayi, Fələki, MənsurHəllac, Fəzlüllah Nəimi, Şeyx Mahmud Şəbüstəri kimi xeyli sayda görkəmli şəxsiyyətlərin sahib olduğu biliklərə dərindən yiyələnməsindən irəli gəlirdi.
Bəs Nəsimi fəlsəfəsindəəsas istiqamət nə idi? Hələ o dövr onun əsərlərinin bir çox dillərə tərcüməsi, bu dillərdə ədəbi yaradıcılıqla məşğul olan ədiblərin bu böyük filosof şairi təbliğ etmələri, onun yaradıcılığındakı hansı istiqamətlərlə bağlı idi və buradakı fəlsəfi fikirlər nəyi izah edirdi?
Nəsimi əsərlərinə nəzər saldıqda, onun fəlsəfi istiqamətdəki düşüm toplusunda idealist, materialist düşüncələr daha qabarıq şəkildə özünü təqdim edir. İnsanın kainata bu yanaşma tərzi hələ bəşəri təfəkkürün formalaşdığı ilk dövrlərdən mövcud olmuş, insan idrakı təbiət hadisələri fövqündə bu iki düşüncə vəhdətində əsl həqiqətə istiqamətlənmiş və onun dərkinə səy etmişdir. Nəsiminin, Azərbaycan ədəbiyyatına gətirdiyi xeyirlə şər fəlsəfəsi, bu aləmin insan və kainatla vəhdəti kimi elmi düşüncələrində biz dördlük ünsürü ilə, şəriət, təriqət, mərifət və həqiqətlə qarşılaşırıq.
Ey özündən bixəbər qafil, oyan.
Haqqa gəl kim haqq dediyi batil, oyan.
Olma fani aləmə mail, oyan.
Mərifətdən nəsnə qıl hasil, oyan.
Bu dörd misralıq tuyuğda Nəsimi insanın maddi aləmə bağlılığında özünü dərk edə bilmədiyi, Haqqın dediklərindəkibatilliyin üzə çıxarılması, onun qəflətdə olmaqla özünə vurduğu ziyan, Haqqı-yaradanı tanıya bilmədiyi ona xatırladılır və insana bu kəsalətdən oyanması tövsiyə edilir. İnsanın özünün özünə vurduğu ziyanı Cəhənnəm atəşinin belə vura bilmədiyini insana dərk etdirməyə, anlatmağa çalışan böyük sufi şairi, insanın fani dünyaya vurğunluqdan-qəflət yuxusunda olmasını maddi varlıqla və ondakı nəfs təzahürləri ilə bağlayır. Nəsimi insana zərər verən şiddətli olan şeyin nə olduğunu bilməklə, insanın fani dünyaya bu vücud-maddilik tamahından daha çox bağlılığının yanlış olduğunu ona anlatmağa çalışır. O bütün bunları qavramağın insanın bu qəflətdən ayılıb, kəsalətdən azad olmasının yolunu göstərdiyimiz dördlük fəlsəfəsinin üçüncüsündə mərifətdə-elmdə görür.
Qeyd edək ki, bu dördlük fəlsəfi fikri ilk dəfə XI əsrfilosofu Muhəmməd ibn əl-Qəzali tərəfindən, irəli sürülüb. Burada ilkin olaraq insanın özündə bir inancın təcəllası- Şəriət, bu inancın təsdiqini əsaslandırmaqla ona bağlılıq-Təriqət yer alırdı. Bundan sonra isə bütün bunların tam dərki üçün elmi biliklərə sahib olmaq- Mərifət və sonda elm ilə Yaradana qovuşmaq- Həqiqəti dərk etmək ideyası əsas götürülürdü. Daha sonra bu fəlsəfi fikir, Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsərində də yer almaqla bir qədər təkmilləşdirilmiş, Haqqa qovuşmağın yolu yenə də şəriət, təriqət, mərifət və həqiqət mərhələlərinə bölünmüşdür ki, burada mərifət yenə də elm olaraq izah edilmişdir. Nəsrəddin Tusi düşüncəsində insani nəfslər əxlaqı, davranış, nitq nəfsi ilə tanrıya qovuşan kamil insanı xarakterizə edir, lakin burada da heyvani nəfslər şərə xidmət edir.
Nəsimi yaradıcılığında da insani nəfs-mərifət dəqiq elmlərdə və dünyanın dərkində görünür və nəticə olaraq elmin sonsuz olduğu fikrində dayanılır. “İnsan” adlı yaranışın bütün hallarda öz şüurunun təzahürləri və bundan ortalığa çıxan mahiyyət, vücud-maddilik və nəfs-mücərrədlik şəklində bütün bəşəri yaranışda mövcuddursa, təbii ki, bu vəhdət birliyində insan xarakteri şərə yaxındır. Nəsimi əsərlərində bütün bu qanunauyğunluqlar və ya heyvani nəfslərin kamillik baxımından inkarı kimi ortalığa çıxan təzahürlər olduğu şəkildə öz əksini tapır.İnsan psixologiyasında baş verən təlatümlərin zəruriliyi və reallığının nəticələri vücud və nəfs vəhdətində bu filosof şairin yaradıcılığında yer alır.
Divi-rəcimin atıdır əmmarə nəfsin mərkəbi...
Möhnəti çoxdur cahanın zülmətində gen, sağın...
misralarında Nəsimi ilk olaraq nəfsdən yayınmaqla paklıq inamına qovuşmaq, içdəki kəsalətdən-cahan zülmətdindən yayınmaqla insanın özünü dərkini ona tövsiyə edir və
Dünya evinin səltənəti beş gün imiş çün,
Bünyadını yıx, ər kimi zirüzəbər eylə
misralarında isə, dünya nemətinin murdar leş olub insan vücudunu- şəxsiyyətini əyməsi, ondan uzaq olması gərəkliyi və özündə bu inamin aşılanması vurğulanır. Çünki vücudun mövcudluq forması və nəfsin bu maddi varlıqdakı təzahürləri də əbədi və mütləq deyil.
Gərçi bu gün Nəsimiyəm, həşimiyəm, qureyşiyəm
Ayətim bundan öncədir, ayəti-şana sığmazam.
misralarında Nəsiminin həm Həşimi, həm Qureyşitayfalarından olması, müəyyən tayfa təriqətlərini adlaması və bunlardan da qabaq insanın ruhla vəhdətdə mövcudluğu, ruhun əbədiyaşar olması və müxtəlif zaman kəsiyində ayrı-ayrı fərdlərin cismində dünyaya gəlişi fikri reallaşır. Diqqət etsək, bu ideya bəşəri elmdə yer alan “maddə kütləsinin itməməsi” və “enerjinin saxlanması” qanunları ilə üst-üstə düşür. Buradainsanın dünyaya gəlişi və bir gün də gedəcəyi önə çəkilir ki, bu baxımdan özünü dərk etmə və insani kamilliyə yüksəlməsi inam və elm tələb edir.
Mərifətdir xalis altun sikkəsi fəzl, hünər...
Mərifətdən nəsnə qıl hasil, oyan...
kimi xeyli sayda misralarda isə, artıq Tanrının dərkə gedən yolun üçüncü mərhələdən, mərifət-elmdən keçdiyini diqqətə çatdıran şair, elmlərə sahiblənməklə kamilliyə-Haqqa qovuşmaq ideyasını önə çəkir.
Haq mənəm, Haq məndədir, Haqsoylərəm...
misrasında, eləcə də xeyli sayda qəzəl, məsnəvi, rübai və tuyuğlarında Nəsimi Tanrıya olan məhəbbətin özündə həqiqi olub-olmadığını dərk etmək, özündə dəniz misalı comərdlik, günəş misalı şəfqət və torpaq misalitəvazö kimi üç xisləti birləşdirməkdən geniş bəhs edir. Bu misra müqəddəs kitab “Qurani –Kərim”də bir ayənin daşıdığı məna ilə də tam olaraq üst-üstə düşür. Burada “Mən sizi özümə bənzər xəlq etdim” ayəsindəki ifadə insanın tək bir fərd olduğunu və bu fərdilkdə elm və kamilliklə Allahı dərk etməsi ona tövsiyə edilir ki, bu Nəsiminin dini elmlərə nə qədər yaxından bələd olduğunu dördüncü mərhələyə bütün varlığı və kamilliyi ilə adladığnı bir daha sübut edir.
Nəsimi fəlsəfəsi əslində bu xalqın özünün Zərdüştlük fəlsəfəsindən yaradaraq ortaya qoyduğu,yunanlara və digər xalqlara hələ m.ö. VIII əsrdə adlayan fəlsəfi fikirdir. Böyük filosof şairimiz bu fəlsəfəni dərindən mənimsəməklə onu Şərq və Qərb fəlsəfi elmi mühitinə diktə edib.
Firudin Rzayev
Filologiya üzrə fəlsəfə doktoru