Naxçıvan məktəbliləri Xalça Muzeyindən zəngin təəssüratlarla ayrılıblar - FOTOLAR
Martın 24-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində olublar.
NUHÇIXAN xəbər verir ki, naxçıvanlı məktəblilərə Azərbaycan Xalça Muzeyi barədə məlumat verilib.
Şagirdlərin nəzərinə çatdırılıb ki, 1967-ci ildə yaradılan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi 2014-cü ildə Bakının mərkəzində - Dənizkənarı Milli Parkda yerləşən, bükülmüş xalçanı xatırladan yeni orijinal binaya köçürülüb. Hazırda sadəcə “Azərbaycan Xalça Muzeyi” adlanan muzeyin sərgi zallarında və fondunda Tunc dövründən bu günümüzədək 13 min 300-dən artıq eksponat saxlanılır.
Muzeydə Quba, Qəbələ, Şirvan, Qazax, Təbriz, İrəvan, Gəncə, Şəki, digər şəhər və regionlardan Azərbaycanın əsrlərboyu tarixini əhatə edən qiymətli eksponatlar və sənət əsərləri nümayiş olunur. Onların sırasında Tunc dövrünə aid arxeoloji tapıntılar, xalçaçılıqda istifadə olunan alətlər, XII əsrin saxsı qabları, XIX əsrə aid bədii tikmələr və milli geyimlər, metal, taxta, şüşə və zərgər məmulatları, silahlar, əlbəttə ki, Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə xas olan milli ornamentli, məzmunlu xalça və xalça məmulatları ekspozisiyada xüsusi yer tutur.
Qeyd olunub ki, 2010-cu ilin noyabrında “Azərbaycan ənənəvi xalçatoxuma sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Azərbaycan Xalça Muzeyinin yaradıcısı, Xalq Rəssamı Lətif Kərimovun və XX əsrin digər xalçaçılarının əl işləri ekspozisiyada xüsusi yer tutur.
Sonda Muxtar Respublikanın tarixi və mədəni yerləri haqqında məlumatların əks olunduğu kitablar muzeyə naxçıvanlı qonaqlar tərəfindən hədiyyə olunub.
Naxçıvanlı məktəblilər Xalça Muzeyindən zəngin təəssüratlarla ayrılıblar.