MÜSTƏQİL AZƏRBAYCANIN YENİ TARİXİNİN YAZILMASINDA ABİDƏLƏRİMİZİN ƏHƏMİYYƏTİ

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının 3 noyabr 2025-ci ildə baş tutan 80 illik yubiley tədbiri ölkə Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi ilə yaddaşlara yazıldı. 17 mart 1945-ci ildə yaradılan bu elm məbədgahının qət etdiyi yolun əhəmiyyətini, əldə etdiyi elmi nəticələri yüksək qiymətləndirən ölkə başçısı onun cəmiyyətin inkişafında aparıcı rolunu xüsusi olaraq vurğulamışdır: “Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır.” Akademiyanın fəaliyyətinin canlanması ötən əsrin 70-ci illərində başlamışdır. Bu dövrdə Ümummilli Lider Heydər Əliyevin qayğısı ilə yeni elmi-tədqiqat institutları yaradılmış, yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş, nəticə olaraq, ölkəmizin milli intellektual kadr potensialı güclənmişdir. Bu prosesin uğurlu nəticəsi özünü müxtəlif elm sahələrində o cümlədən tarix elmlərinin tədqiqində daha bariz şəkildə göstərmişdir. Uzun müddət ölkəmizdəki arxeoloji abidələrin araşdırılmasında həlledici rola malik olan İ.Meşşaninov, A.Miller, A.Spitsın, T.Passek, B.Latınin və digər əcnəbi tədqiqatçıların nəzarətində araşdırılan abidələrimizin tədqiqində tədricən S.Qazıyev, İ.Cəfərzadə, M.Hüseynov, İ.Nərimanov, O.Həbibullayev timsalında onlarla milli arxeoloq kadrların imzalarına rast gəlinməyə başlanmışdır.

Bu gün ərazi bütövlüyünü təmin etmiş Azərbaycan sürətlə inkişaf edir, dünyaya inteqrasiya olunur. Siyasi, hərbi, diplomatik sahələrdə əldə edilən inkişafın elmdə də əks olunmasının vacibliyi artıq zamanın tələbinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən elm adamları qarşısında qoyulan başlıca inkişaf istiqamətləri məhz bu zərurətdən irəli gələn vəzifələri müəyyənləşdirməklə Azərbaycan elminin qlobal səviyyədə nüfuzunu artıran yeni üfüqlər açır.

   Bu vəzifələr içərisində müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərin yazılması başlıca prioritetlərdən biri olaraq tarixçi alimlər qarşısında qoyulmuşdur. Ölkə başçısı bu məsələnin vacibliyini vurğulayaraq qeyd etmişdir: “Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var.Xüsusilə Qərbi Azərbaycanda tarixi yer adlarımızın dəyişdirilməsinə diqqət çəkən ölkə başçısı toponimlərimizi real şəkildə əks etdirən tarixi xəritələrin dərc edilməsinin, Zəfər tariximizlə bağlı elmi əsərlərin yazılmasının vacibliyini vurğulamışdır. Yeri gəlmişkən qeyd etməliyik ki,  arxeoloji abidələrdə də erməni terroru zaman-zaman özünü göstərmişdir. Qərbi Azərbaycandakı Mahaltəpənin “Arataşen”, Xatunarxın “Aknaşen”, Təzəkənd arxeoloji mədəniyyətinin “Karmirberd” olaraq dəyişdirilməsi ermənilərin “toponim oğurluğu”nun əyani sübutlarındandır. Təbii ki, Azərbaycan alimləri tərəfindən bu abidələrlə bağlı yazılan elmi əsərlərdə onlar tarixi adları ilə təqdim olunur. Lakin  belə əsərlərin sayının artması tarixi, arxeoloji, memarlıq abidələrimizin bu torpaqların aborigenləri olan əcdadlarımız tərəfindən yaradıldığını sübut etməklə yanaşı, onların timsalında milli-mənəvi həmçinin tarixi-mədəni dəyərlərimizin beynəlxalq miqyasda tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Müstəqil Azərbaycanın yeni tarixinin yazılmasında tarixi-memarlıq abidələri, arxeoloji abidələr, həmçinin onlardan aşkar olunan maddi-mədəniyyət nümunələri tarixi-mədəni irsimizin sübutları olaraq mühüm əhəmiyyət daşıyır. Qərbi Azərbaycandakı çoxsaylı toponimlərin böyük əksəriyyəti məhz bu abidələrin adlarında yaşadılmışdır. Bu abidələr əzəli torpaqlarımıza Böyük Qayıdışın reallaşdırılmasında da tarixin daşlaşmış şahidləri olaraq mühüm əhəmiyyət daşıyır. Həmin ərazilərdə əcdadlarımızın qədim dövrlərdən məskunlaşdıqlarını təsdiq edir. İşğaldan azad edilmiş Qarabağ və ətrafındakı abidələr bu baxımdan xüsusi diqqət tələb edir. Onların ümümazərbaycan tarixşünaslığı kontekstində dərindən tədqiq edilməsinə ehtiyac var. Çünki işğal altında olduqları müddətdə bu abidələrdə qeyri-leqal “araşdırmalar” aparılmış, beynəlxalq elmi ictimaiyyətə uydurma erməni adlarıyla tanıdılmağa çalışılmış, bəzən də məqsədyönlü şəkildə Azərbaycanın qədim mədəniyyətləri ilə oxşar elementləri təhrif edilmişdir. Azıx mağarası kimi onlarla arxeoloji abidələrimiz, həmçinin xeyli miqdarda ibadət yerləri bu cür qeyri-qanuni münasibətlərdən nəsibini almışdır. Arxeoloji abidələr yerüstü tarixi-memarlıq abidələrindən fərqli olaraq, onları yaradan etnosların izlərini torpağın altında mühafizə edirlər. Onların artefaktları mənsub olduğu mədəniyyətlərlə genetik bağlarını saxlayir. Bunu Naxçıvan ərazisində e.ə. VII minillikdə meydana çıxmış Kültəpə mədəniyyətinin Qərbi Azərbaycandakı Xatunarx, Mahaltəpə kimi abidələrdəki izlərində görmək mümkündür. Bu abidələrin adları dəyişdirilsə də onların tarixi Azərbaycan coğrafiyasında formalaşmış qədim mədəniyyətlərin tərkib hissəsi olduğu faktını tarixdən silə bilməmişdir.

Bu gün ışğaldan azad olunmuş torpaqlarımızdakı abidələr yenidən tədqiq edilməklə tariximizin yeni səhifələrinin işıqlandırılmasına dəyər qatır. Müzəffər Ali Baş Komandanın qəhrəman əsgərlərinin canı-qanı ilə azad edilmiş bu ərazilərin tarixinin müstəqil Azərbaycanın tarixşünaslığı kontekstində yenidən işlənməsində bu abidələr tariximizin daşlaşmış arxivləri olaraq əhəmiyyətli töhfə verəcəkdir.

ZEYNƏB QULİYEVA

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Tarix elmləri doktoru

AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: