Zamanın ən amansız üzü bəzən insanın taleyinə düşən kölgədir. XX əsrin ağrılı illərində belə bir kölgə Azərbaycanın fikir və söz dühalarının üzərinə də düşdü. O kölgənin altında taleyi qırılan, amma sözü sönməyən bir ad da var idi- Hüseyn Cavid.
Xoşbəxt bir ailə fotosu…ata, ana, oğul və qız. Sol tərəfdə böyük şair Cavid, atasının arxasında duran Turan. Axı qızlar atalarına daha çox bağlıdırlar. Sağ tərəfdə cəfakeş azərbaycan qadını Mişkinaz xanım, onunsa arxasında dağ kimi oğul, Ərtoğrul… Nə yazıq ki, bu xoşbəxtlik çox çəkmədi, bir anda tari -mar oldu. 1937-ci ilin represiyası zamanı cinayəti qələm olan şair həyatının ən ağır hökmünü aldı. Bir gecənin içində ailəsindən, sözündən, elindən ayrıldı. 8 il azadlıqdan məhrum edilərək soyuq, yad və amansız bir vilayətə-Sibirə sürgün edildi. Onu Sibirin buz kimi torpaqlarına təkcə qatar aparmadı. Ədalətsizlik, qorxu və susdurulmuş həqiqət apardı. Müxtəlif düşərgələrdə saxlanıldı, ağır fiziki işlərdə çalışdırıldı. Qida çatışmazlığı, tibbi yardımın olmaması, dözülməz iqlim şəraiti, istintaq təzyiqləri böyük şairin sağlamlığını məhv etdi. Cavid soyuqdan üşümürdü, ədalətsizliyə üşüyürdü. O sürgündəikən oğlunun ölümünü də bilmədi. 84 il öncə, 5 dekabr 1941-ci ildə Hüseyn Cavid sürgündə kimsəsiz, gözlərinin nurunu itirmiş və ayaqları donmuş halda vəfat etdi. Ailəsindən, vətənindən uzaqlarda, yad ellərdə torpağa tapşırıldı. Şairin məzarı da uzun illər dəqiq bilinmədi. Və 1956-cı il represiyalarından sonra Cavid tam bəraət aldı. 59 yaşında pantürkist-millətçi kimi Sibirə sürgün edilən Cavidin nəşi Ulu Öndər Əliyevin səyi ilə 100 yaşında -1982-ci ilin oktyabrında vətənə gətirildi, şairə böyük məqbərə ucaldıldı. Bu o dövrdə represiya qurbanının nəşinin vətənə qaytarılması baxımından nadir bir hadisə idi.
Hər ilin bu günü Hüseyn Cavidin xatirə günü gələndə zaman dayanır sanki. Ötən əsrin ağrıları, ümidləri və sarsıntıları eşidilir bir anlıq. Bu gün biz təkcə böyük bir ədibi yad etmirik. Vicdanı, bütovlüyü və həqiqət qarşısında əyilməyən bir ömrü xatırlayırıq.
Təkcə şair, drammaturq deyildi. Düşünən bir məmləkətin siması idi Cavid. Söz onun üçün yalnız ifadə vasitəsi yox, həqiqətin qanadı idi. Həqiqət isə hər zaman rahat yaşaya bilmir. Zamanın ədalətsiz hökmü Cavid kimi söz adamlarını təhlükə saydı və onları susdurmaq istədi. Ancaq sözün doğulduğu yerdə sükut müvəqqətidir. Onun cismi Sibirin soyuqlarında donsa da fikri insanların qəlbində, yaddaşında əridi. Və represiya şair, dramaturq Hüseyn Cavid adını tarixdən silə bilmədi. Sürgünlər, ayrılıqlar, acılar onu susdurmadı, sözün qanadlarını daha da genişləndirdi, göylərə qaldırdı səma şairini.
Bəzən taleyi özündən böyük olur insanın. Bəzən bir ömür bir əsrə bərabər ağrını daşıyır. Məhz belə bir tale yaşadı.
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.- dedi Cavid əfəndi. “İblis”i, “Şeyx Sənan”ı, “Uçurum”u, ”Peyğəmbər”i, “Topal teymur”u, “Səyavuş”u ilə səhnələrdə, sətirlərdə və yadaşlarda yaşadı. Özü demişkən
Yüksələn məhv olar,
Fəqət enməz!
Nuri-haqq daima yanar,
Sönməz!
Sözün ucalığında yaşayan, fikri ilə zamanın daş divarlarını yarıb keçən, ucalarda dayanan bir söz adamını, ulu Cavidi ehtiramla anırıq.
Türkanə Əmoyeva
Naxçıvan televiziyasının redaktoru
