Möminə Xatun türbəsində geofiziki tədqiqatlar aparılır, yeraltı boşluqlar və abidənin bünövrə dərinliyi araşdırılır.
Bunu NUHÇIXAN-a açıqlamasında italiyalı geofizik Mattia Balestrid deyib.
Mütəxəssis aparılan tədqiqatların əsas məqsədinin Möminə Xatun türbəsində mövcud problemləri müəyyənləşdirmək və onların həlli yollarını tapmaqdan ibarət olduğunu bildirib.
M.Balestrid qeyd edib ki, tədqiqat prosesində iki əsas geofiziki üsuldan istifadə olunur. Bunlardan biri yerə nüfuz edən radar sistemidir. Bu üsul vasitəsilə 2–3 metr dərinlikdə yerləşən obyektlər müəyyən edilir. Radar tədqiqatının əsas funksiyası yeraltı boşluqları və mümkün su mənbələrini aşkarlamaqdır.
Tətbiq edilən ikinci üsul elektrik kəşfiyyatıdır. Bu metod daha dərin qatlarda yerləşən maneələrin və abidənin bünövrəsinin hansı dərinlikdə olduğunu müəyyən etməyə imkan verir. Əldə edilən nəticələr sifarişçi şirkətə təqdim ediləcək və təmir-bərpa prosesində istifadə olunacaq üsullar həmin şirkət tərəfindən müəyyənləşdiriləcək.
Geofizik qeyd edib ki, tədqiqatlar zamanı skaner qurğusundan da istifadə olunub. Bu skaner vasitəsilə ərazinin 3D bulud texnologiyası əsasında modeli yaradılır. Elektrik kəşfiyyatı üsulu ilə əldə olunan məlumatlar ərazidəki anormallıqları daha aydın şəkildə görə bilmək üçün bulud texnologiyasına yerləşdirilir.
M.Balestrid əlavə edib ki, bəhs olunan işlərin bir-iki gün ərzində yekunlaşdırılması planlaşdırılır. Növbəti mərhələdə burada əldə olunmuş məlumatlar İtaliyada analiz ediləcək və nəticələr qısa müddətdə bildiriləcək.
