Mirzə Qədim İrəvani yaradıcılığı– miniatürdən realizmə keçidin incə ahəngi - FOTOLAR

A- A A+

XIX əsr Azərbaycan təsviri incəsənətində xüsusi yeri olan rəssamlardan biri Mirzə Qədim İrəvanidir. O, 1825–1875-ci illərdə yaşamış və Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilir. Yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığı ilə uyğunlaşdıraraq orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənətində miniatürdən realizmə keçidin təməlini qoymuşdur.

Mirzə Qədim 1825-ci ildə İrəvanda anadan olmuş, atası Məhəmməd Hüseyn isə taxta üzərində oyma və şəbəkə sənətində məşhur idi. İbtidai təhsildən sonra “Üsuli-cədid” məktəbini bitirmiş, Tiflisə gedərək progimnaziyanı başa vurmuş, fars, rus və fransız dillərində mükəmməl biliyə malik olmuşdur. 1840-cı ildə İrəvana qayıdan rəssam ömrünün sonuna qədər burada yaşamış, poçt teleqrafçısı vəzifəsində çalışmışdır.

XIX əsrin ortalarında Azərbaycan mədəni mühitində təsviri sənət Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, Usta Qəmbər Qarabaği kimi rəssam və ustaların yaradıcılığı ilə səciyyələnirdi. Bu yüksəliş mərhələsinin zirvəsi isə Mirzə Qədim İrəvani olmuşdur.

Yaradıcılığının ilk illərində şüşə və parça üzərində işləyən rəssam sonralar portret və ornamental kompozisiya üzrə məşhurlaşmışdır. Onun “Süvari”, “Rəqqasə”, “Dərviş” portretləri xüsusilə seçilir. Sonuncu İrəvan xanı Hüseynqulu xanın sarayının divar rəsmlərini bərpa etmək dəvətini qəbul edən Mirzə Qədim, 1867–1874-cü illərdə Sərdar sarayının müxtəlif otaqlarında rəsmlər və portretlər işləmişdir. Bu portretlər monumental formada, üslub və texnika baxımından Azərbaycan təsviri sənətində yeni keyfiyyətə malikdir. Sarayda çəkilən Fətəli şah Qacar, Abbas Mirzə və Hüseynqulu xanın portretləri yadda qalan əsərlərdən sayılır.

Rəssamın yaradıcılığının ən məhsuldar dövrü 1860–1870-ci illərə təsadüf edir. Bu dövrdə yaranmış əsərlər arasında “Oturmuş qadın”, “Vəcihulla Mirzə”, “Şah Tələt”, “Molla”, “Gənc qadın”, “Fətəli şah”, “Abbas Mirzə”, “Naməlum qadın” kimi portretlər yer alır. Akvarel və tempera texnikasında işlənmiş bu əsərlərdə klassik Şərq miniatür sənətinin dekorativ üslubu ilə realist dəzgah boyakarlığı birləşdirilmiş, özünəməxsus bədii forma və orijinal üslub yaranmışdır.

Mirzə Qədim İrəvaninin qadın portretləri xüsusilə diqqət çəkir. Kompozisiya, koloriti, fiqurların duruşu, geyimi və ornament bəzəyi baxımından oxşar olsa da, obrazların ifadəliliyi və fərdi xüsusiyyətləri ilə fərqlənirlər. “Oturmuş qadın” portreti XIX əsr Orta Şərq rəssamlığında ideal qadın gözəlliyini əks etdirən nümunəvi əsərlərdən biridir. Digər diqqət çəkən əsərlər: “Şah Tələt”, “Naməlum qadın”, “Şahzadə Aleksandr arvadı ilə”, “Şah və vəziri”dir. “Şahzadə Aleksandr arvadı ilə” əsəri rus mətbuatında dərc edilmiş şəkil əsasında çəkilsə də, rəssam kompozisiyada dəyişikliklər edərək Şərq motivləri və dekorativ elementlərlə zənginləşdirmişdir.

Rəssam həmçinin xalq sənətinin zəngin ənənələrini dərindən bilən mahir ornamentalist olmuşdur. Onun əsərlərində xalça, mürəkkəb naxışlı şəbəkə, geyim və ev əşyalarının ornamentləri diqqəti çəkir. Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılan güzgü qapıları üzərində çəkdiyi gül və çiçək təsvirləri yüksək sənətkarlıq nümunəsidir. Ümumiyyətlə, Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycan təsviri incəsənətində şərti dekorativ üslubdan realist sənətə keçidin başlanğıcı hesab edilir.

Onun zərif koloritli, ornamental naxışlarla işlənmiş tabloları, monumental portret və kompozisiyaları müasir dövrdə də yüksək qiymətləndirilir. 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin 14 fevral sərəncamı ilə Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olunmuşdur. Bu sərəncam sənət və sənətkara verilən yüksək qiymətin nümunəsi olaraq, rəssamın irsinin gələcək nəsillərə ötürülməsini təmin edir.

Sərəncam çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda “XIX əsr Azərbaycan təsviri incəsənətində Mirzə Qədim İrəvani yaradıcılığı” adlı elmi seminar təşkil edilmiş, tələbələrin əsərlərinin sərgisi keçirilmiş, həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində “Təvözkar Mirzə Qədim İrəvani” sərgisi və elmi konfrans təşkil olunmuşdur. Bu tədbirlər Mirzə Qədim İrəvaninin yaradıcılığının təbliği və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.

 

 

                                                                

Həbibə Allahverdiyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı

Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: