“Ehsan xan Kəngərli” tamaşası Ordubad rayonunda göstərilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırladığı tamaşanı Ordubad Rayon Mədəniyyət Sarayında rayon sakinlərinə göstərib.
İlk dəfə Naxçıvan teatrında səhnəyə qoyulan “Ehsan xan Kəngərli” tamaşasında Naxçıvan xanlığının düşdüyü çətin vəziyyətdən çıxış yolu axtaran Ehsan xanın siyasi düşüncələri və xüsusən ermənilərin Naxçıvana yerləşdirilməsinin qarşısını almaq üçün rus diplomatı Aleksandr Sergeyeviç Qriboyedovla apardığı söhbətlər olduqca maraq doğurur. Naxçıvanın gələcək taleyi ilə bağlı Kəngərli xanları arasında yaranan fikir ayrılığı və Ehsan xanın təşəbbüsü ələ alaraq xalqın taleyini hər şeydən üstün tutması əsərdə konfliktin gərginliyini daha da artırır.
“Ehsan xan Kəngərli” tamaşasında dövrün ictimai-siyasi hadisələri faktlarla səhnəyə gətirilir.
Bu maraqlı tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Tarixi mövzuda olan tamaşa rayon sakinləri tərəfindən maraqla qarşılanıb.