Sandro Bottiçellinin tablosunun “surətinin” rəssamın öz əsəri olduğu müəyyən edilib

A- A A+

Britaniya ekspertləri italyan rəssamı Sandro Botiçellinin (1445-1510) “Əlində nar tutmuş Madonna” (1487) adlı şedevrinin sonrakı dövrlərdə mükəmməl yerinə yetirilmiş “surəti” sayılan tablonun bərpası zamanı müəyyən ediblər ki, bu əsər Bottiçellinin öz fırçasının məhsuludur və onun Florensiyadakı emalatxanasında yaradılıb. NUHÇIXAN xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti “English heritage” təşkilatına istinadla yazıb.

XIX əsrin sonlarında kolleksiyaçı Culius Verner tərəfindən əldə edilmiş tablo uzun illər Londonda şəxsi kolleksiyada saxlanılıb. Hesab edilib ki, əsər çox istedadlı naməlum rəssam tərəfindən çəkilib. Lakin bərpaçılar tablo üzərindəki qalın sarı lak qatını təmizləyəndən sonra ingilis mütəxəssisləri öz fikirlərini dəyişiblər.

“English heritage” təşkilatının əməkdaşı Reyçel Ternbull bildirib ki, tablo infraqırmızı şüalarla işıqlandırılan zaman mütəxəssislər Bottiçellinin emalatxanasında yaradılan əsərlərlə heyrətamiz oxşarlıq aşkar ediblər. “Əlində nar tutmuş Madonna” əsərinin bu versiyası Bottiçelli üslubuna çox yaxındır, onun dövrünə və təsvir texnikasına uyğun gəlir və qovaq ağacından taxta lövhə üzərində çəkilib. Ekspertlər Albert və Viktoriya Muzeyinin, habelə London Milli Qalereyasının mütəxəssisləri ilə məsləhətləşmələrdən sonra qərara gəliblər ki, “Əlində nar tutmuş Madonna” əsərinin bu versiyası Sandro Bottiçellinin Florensiyadakı emalatxanasında yaradılıb.

Kembric Universitetinin incəsənət tarixi üzrə professoru Pol Coanidesin sözlərinə görə, o dövrdə Florensiyanın digər rəssamları kimi, Bottiçellinin də öz studiyası olub. Ehtimal olunur ki, bu studiyada ucuz qiymətə satılması üçün populyar əsərlərin versiyaları daha yaradılıb.

“Əlində nar tutmuş Madonna” əsərinin böyük ölçüdə məşhur variantı isə Florensiyada, Uffitsi Qalereyasında saxlanılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: