Kəngərli məktəblilərinə “Tıq-tıq xanım” tamaşası göstərilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Kəngərli Rayon Mədəniyyət Sarayında uşaqlara şairə-dramaturq Kəmalə Ağayevanın “Tıq-tıq xanım” tamaşasını göstərib.
Tamaşadan əvvəl teatrın bədii rəhbər – direktoru, Xalq artisti Şirzad Abutalıbov çıxış edərək balaca tamaşaçılara Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolu haqqında qısa məlumat verib. Qeyd edilib ki, teatr uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, estetik zövqünün formalaşmasında mühüm rol oynayıb. 1989-cu ildə yaradılan teatr xarici ölkələrdə də qastrol səfərlərində olub və teatr festivallarında iştirak edərək tamaşaçı sevgisi qazanıb. Bildirilib ki, teatrın repertuarında “Niyyət açarı”, “Sirli sözlər”, “Göyçək Fatma”, “Qoğalın sərgüzəşti”, “Qırmızı papaq”, “Ələddinin sehrli çırağı”, “Qırmızı, yaşıl, mavi” və başqa tamaşalar var.
Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanmış “Tıq-tıq xanım” da teatrın maraqlı tamaşalarından biridir. Uşaqlar bu əsərə maraqla baxırlar.
Tamaşada xeyirxahlıq, mərhəmət rəmzi olan surətlərlə yanaşı lovğalıq, təkəbbür, özündənrazı kimi mənfi xüsusiyyətləri təmsil edən surətlər də yer alıb. “Tıq-tıq xanım”dakı surətləri teatrın aktyorları Vəsmə Quliyeva, Ulduz Süleymanova, Əfqanə Ələsgərova, Arzu Səfərov, İlham Babayev, Süleyman Süleymanov, İlqar Babayev, İbad Nəbiyev, Ləman Əhmədova canlandırırlar.
Uşaqların bu dəfə də maraqla qarşıladığı “Tıq-tıq xanım” tamaşasının quruluşçu rejissoru Şirzad Abutalıbov, rəssamı Rəfael Qədimov, bəstəkarı Əli Məmmədovdur.
Əli Rzayev