İğdır vilayətində Qərbi Azərbaycan irsi yaşadılır - FOTOLAR

A- A A+

1920-ci ildə dədə-baba torpaqları olan Qərbi Azərbaycan bölgəsindən — tarixi İrəvan xanlığından köç edən soydaşlarımızın bir qismi qardaş Türkiyənin İğdır vilayətində məskunlaşıb. Uzun illər ərzində adət-ənənələrini qoruyub saxlayan irəvanlılar milli-mədəni irsimizin mühüm sahələrindən olan xalçaçılıq sənətini də bu günədək yaşatmağı bacarıblar. Buna İğdır vilayətində fəaliyyət göstərən 35 nəfərlik xalça emalatxanası əyani sübutdur.

1993-cü ildən fəaliyyət göstərən bu emalatxanada Qərbi Azərbaycana məxsus xalçaların toxunması və yaşadılması tarixi irsə göstərilən ehtiramın bariz nümunəsidir.

Müsahibimiz, Qarabağ xalçaları emalatxanasının müəllimi Sakine Cangel Turan bildirir ki, emalatxanada Osmanlı saray xalçaları, Qarabağ kilimləri və türk motivləri əsasında toxunan müxtəlif nümunələr mövcuddur. Son dövrlərdə isə toxunan kilimlər sırasına İrəvan kilimi naxışları da əlavə olunub.

Onun sözlərinə görə, İrəvan xanlığı tarixən türk xanlığı olub və bu torpaqlardan İğdıra köç edən babalarımız mədəni irsi də özləri ilə bura gətiriblər. Bu gün həmin sənəti yaşatmaq onların nəslinin mənəvi borcudur. Məhz bu səbəbdən hazırda toxunan kilimlər arasında İrəvan kilimləri xüsusi yer tutur.

Digər müsahibimiz, “Qərbi Azərbaycana Qayıdış” Cəmiyyətinin İğdır vilayəti üzrə nümayəndəsi Sərdar Ünsal qeyd edir ki, illər əvvəl yurd-yuvalarından köçsələr də, vətən sevgisi heç zaman qəlblərindən silinməyib. Onun sözlərinə görə, bu duyğunu dərindən hiss edən kilim ustası Sakine Cangel 1920-ci ildən qalan kilim motivlərinin eskizlərini hazırlayaraq onları müasir toxuculuğa tətbiq edib. Nəticədə bu gün İğdırda İrəvan kilimləri toxunur və tarixi irs yaşadılır. Sərdar Ünsal bu təşəbbüsün ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Beləliklə, İğdırda toxunan İrəvan kilimləri təkcə qədim türk irsinin yaşadılmasına deyil, eyni zamanda qadınların sosial-iqtisadi cəhətdən güclənməsinə də mühüm töhfə verir. Bu kilimlər keçmişlə bu günü birləşdirən dəyərli mədəni körpü rolunu oynayır.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: