Naxçıvanın tarixi ilk dəfə səhnələşdirildi - FOTOLAR
Bir müddət öncə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi “Ehsan xan Kəngərli” tarixi dramı tamaşaya qoyuldu. Bu Naxçıvan xanlığının tarixi haqda tamaşası hazırlanan ilk dram əsəri idi.
Naxçıvan xanlığı ilə bağlı mətbuatımızda da, elmi və bədii ədəbiyyatımızda çox versiyalar vardı. Xaqani Əliyevin İrəvan xanlığının tarixindən bəhs edən “İrəvan - üzü günəşə baxan şəhər” və Şəki xanı Hacı Çələbi xana həsr etdiyim “Qızılqaya xəyanəti” adlı tarixi dramları ilə tanışlıqdan sonra Xalq artisti, rejissor Kamran Quliyev müəllifə Ehsan xan Kəngərli haqqında da dram əsəri yazmağı məsləhət bilib.
Ehsan xan Naxçıvanın xanı olmayıb, amma bu xanlığın tarixində böyük önəm daşıyıb. Ona görə də yazıçı-dramaturq Xaqani Əliyev xanlığın tarixini daha dərindən öyrənməyə başlayıb. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin mütəxəssis kimi verdiyi məsləhətlər maraqlı bir dram əsərinin ərsəyə gəlməsində böyük rol oynayıb. Pyesin üzərində bir ildən çox işlənilib. Müəllif tarixi materiallarda Naxçıvan şəhəri və Ehsan xan haqqında çoxlarının bilmədiyi maraqlı faktlarla qarşılaşıb ki, həmin hadisələrdən biri dramın süjet xəttinin əsasını təşkil edir.
1827-ci ilin yayında Naxçıvan xanlığı rus ordusu tərəfindən işğal olunur. Şah rejimi ağır məğlubiyyətinin acısını Naxçıvan əhalisindən çıxaraq onları zorla, silah gücünə dədə-baba torpaqlarından şah İranına köçürür. Çarizmin erməni sevgisi hopmuş siyasətini Cənubi Qafqazda həyata keçirən komandan İ.F.Paskeviç Urmiya gölü ətrafında yaşayan, Naxçıvana köç etməyə hazır vəziyyətdə olan, “farsın çörəyini yeməkdənsə, rusun ot-ələfini yeməyə hazır” olan 15 min erməni və yunan ailəsini boşaldılmış Naxçıvanda məskunlaşdırmağa hazırlaşır. Hətta onlara yola düşmələri üçün xəbər də göndərir. Bu baş verərsə, sonralar böyük fəsadlara səbəb olacağını, şəhərin həmişəlik itiriləcəyini dərk edən Abbasabad qalasındakı Kəngərli süvarilərinin başçısı Ehsan xan qəti siyasi addımlar atır, A.A.Bakıxanovun və A.S.Qriboyedovun köməyi ilə İ.F.Paskeviçlə danışıqlar aparır və ermənilərin köçürülməsinə imkan vermir, böyük faciələrə səbəb ola biləcək bu hadisənin qarşısını alır, nankor qonşularımızın Naxçıvan “arzularını gözündə qoyur”. Qaçqın düşmüş naxçıvanlıları boş qalmış evlərinə qaytarır.
Müəllif əsəri yazarkən bir ədəbiyyatla kifayətlənməyib, Naxçıvandakı muzeylərdə xanlıqla bağlı gördüyü çoxsaylı rusdilli ədəbiyyatların hamısından bəhrələnib. Əsərin qəbul olunmasının və tamaşının möhtəşəm alınmasının kökündə məhz bu cür tarixi reallığa əsaslanmaq dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tamaşanın muxtar respublikanın bütün rayonlarında göstərilməsini tapşırıb.
“Ehsan xan Kəngərli” dramı Naxçıvan xanlığının tarixindən bəhs edən və əsasında tamaşa hazırlanan ilk əsərdir. Sözsüz ki, xanlığın tarixindən dram əsərləri yazılıb. Amma müəllifin gəldiyi qənaət belədir ki, əsərin seçilib-bəyənilərək tamaşaya hazırlanması qürurvericidir. Elə bu səbəbdəndir ki, Xaqani Əliyev bu ilkə imza atmasında zəhməti olanların hər birinə minnətdarlığını bildirir.
Tarixi hadisələrdən bəhs edən bədii əsərlər yazanda bəhs olunan hadisəyə əlavələr etmək, başqa səmtə yönəltmək, kontekstdən çıxarmaq olmaz. Tarix özü həmin hadisəni olduğu kimi yaddaşına yazıb və baş verən hadisələri yazmaqda da davam edir. Demək tarix özü ən yaxşı yazıçıdır. Onun yazdığı müxtəlif mövzulu hadisələrin başlanması, inkişafı, kuliminasiyası və nəticəsi var. Bu nöqtədən baxanda tarix özü həm də ən yaxşı rejissordur. Şiller deyir ki, epopeya, roman, povest, sadə hekayə öz forması ilə hadisələri bizdən uzaqlaşdırır, indiki zamanı keçmiş zamana aparır. Dram əsərləri isə keçmişi bu günə gətirir. Əgər yazıçı və rejissor tandemi bəhs etdikləri tarixi hadisəni müasirlik müstəvisində təqdim etməyi bacarsalar, deməli tarixi tamaşa da alınacaqdır.
Bu cəhətdən yanaşaraq demək olar ki, “Ehsan xan Kəngərli” tamaşasında rejissorun yaradıcı baxışı özünü göstərib. Əsərin əvvəlində bütün obrazlar qaranlıqdan çıxıb özlərini təqdim edirlər. Bu da sanki bir filmi xatırladır. Artıq tamaşaçı bunun vasitəsilə olduğu yerdən həmin dövrə qayıda bilir. Rejissor bu priyomla tamaşaçını asanlıqla tarixin bəhs edilən zamanına aparır və beləcə hadisələr başlayır. Bununla o insanları səhnəyə bağlayır və bu bağ sona qədər qopmur. Eləcə də finalda ümumiləşdirilmiş erməni obrazından başqa bütün obrazlar qapıdan keçərək qaranlığa gedirlər. Yüksəkdə dayanmış Ehsan xan işıqlandırılır. O, Azərbaycan xalqını ehtiyatlı olmağa, Naxçıvana iddialı olan mənfur qonşularımızın bu arzularını həmişə gözündə qoymağa hazır olmağa, əcdadlarımızın əmanət qoyub getdiyi vətəni düşməndən qorumağa səsləyir. Tamaşaçı Ehsan xanın timsalında görür ki, bu xalqın uzaqgörən, mərd oğulları hər zaman olub və var.
Tamaşanın rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Xalq artistləri Rza Xudiyev (Ehsan xan), Rövşən Hüseynov (Kalbalı xan), Həsən Ağasoy (Kərim xan), Əməkdar artist Bəhruz Haxverdiyev (Şıxəli bəy), Səyyad Məmmədov (Qriboyedov) və digərləri maraqlı obraz və personajlar yaradıblar. Aktyor oyunu xüsusilə vurğulanmalıdır. Rza Xudiyev tamaşanın qəhrəmanı Ehsan xan obrazını böyük ustalıqla canlandırıb. O, öz oyunu ilə Ehsan xanın düşüncələrini, seçim qarşısında qalarkən keçirdiyi daxili psixoloji sarsıntılarını məharətlə çatdırıb.
Tamaşada mürəkkəb obrazlardan biri də Kərim xan obrazıdır. Bu obrazı Həsən Ağsoy tamaşaçılara sevdirə bildi. Taxtını, var-dövlətini itirməklə bərabər, ailəsi də iki yerə parçalanan Naxçıvan xanlığının son xanı Kərim xanın faciəsi dəhşətlidir. Xanlığın istilasından sonra Azərbaycan da onun ailəsi kimi iki yerə bölünüb. Aktyor onun ailə faciəsinin fövqündə vətənimizin ikiyə bölünməsinin nə dərəcədə faciəli olduğunu öz ecazkar oyunu ilə gözlərimiz önünə gətirərək istila ilə barışmayan Kərim xan obrazını tamaşaçıya sevdirə bilib.
Hər daşına tarix hopmuş şəhər
Mədəniyyət Nazirliyinin ilin yekunlarına aid kollegiya iclasında Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev zala müraciətlə hamıya Naxçıvana getməyi, teatrlara, muzeylərə baxmağı, mədəniyyət sahəsində görülən işlərlə tanış olmağı məsləhət bildi. Yazıçı-dramaturq Xaqani Əliyev təriflərə layiq bu şəhərlə yaxından tanış olub. Onun Naxçıvan haqqında fikirləri çox maraqlıdır: Naxçıvanda hər addımda tarixlə qarşılaşırsan. Sözün həqiqi mənasında tarix bu şəhərin bir hissəsidir. Naxçıvan insanın öz keçmişi ilə qarşılaşdığı, dünənini sübut edən faktlarla görüşdüyü, tarixin sirlərini dərk etdiyi və ona toxuna biləcəyi bir yerdir. Burada bizi dünənimizə bağlayan tarix, maddi və mənəvi dəyərlər qorunub saxlanılır, öyrədilir və gələcək nəsillərə ötürülür. Bu mənada Naxçıvan şəhəri özü hər daşına tarix hopmuş, açıq səma altında olan böyük bir muzeydir. Bu muzey-şəhərdə tarixin məhəbbətlə necə qorunduğundan, “əzizləndiyindən” qürur duyursan. Burada yaşayan insanlar isə canlı eksponatlardırlar. Bu şəhər mənim yaddaşımda muzeylər, tarixi abidələr şəhəri kimi qalacaq. Hər addımda bir muzey, bir abidə var. Naxçıvandakı dünyaca tanınmış müqəddəs Əshabi-Kəhf ziyarətgahına getmək çoxdankı arzum idi. Bu arzuma çatdım. Həqiqətən də, bu ziyarətgah insanı öz sehrinə salan, möcüzəli bir məkandır. Sədərəyə, Şahbuza, Duzdağa, sərhəddəki Heydərabad qəsəbəsinə getdik. Hər tərəf çox səliqəli, gözoxşayan idi. Naxçıvandakı sakitlik, səliqə-sahman, nizam-intizam məni heyran etdi. Bu şəhər qəlbimi oxşadı, gözəl təbiəti, təmiz havası ilə yanaşı, müasirliyi, abadlığı, könül rahatlığı mənə əsl zövq verdi.
Tamaşanın premyerasına iştirak edən aktrisa Zülfiyyə Eldarqızı son illər Naxçıvanda gedən iqtisadi inkişafı, yenidənqurma işlərini təqdirəlayiq hal kimi dəyərləndirir. O Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşü barədə yazır ki, biz burada çox gözəl gənclik yetişdiyini gördük. Onlar sərbəst şəkildə, çəkinmədən onları maraqlandıran mövzularla bağlı suallarını ünvanladılar. Burada yetişdirilən kadrların gələcəkdə incəsənətin müxtəlif sahələrinə öz töhfələrini verəcəklərinə əminik. Görüşdə bizlə birgə Əməkdar artist Sərvər Əliyev də iştirak edirdi. Biz gələcəkdə bu sənətlə məşğul olacaq gənclərə öz tövsiyələrimizi verdik. Suallardan da aydın görünürdü ki, burada təhsil alan tələbələr incəsənətə çox maraqlıdırlar və bu sahəni sevərək seçiblər. Digər tərəfdən Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının fəaliyyəti istedadlı tələbələrin inkişafında, onların yaradıcılıq bacarıqlarının püxtələşməsində böyük rol oynayır. Mən söz verdim ki, onlara dərsliklər, ədəbiyyatlar göndərəcəm. Bundan başqa, təklif etdik ki, Bakıdan buraya mütəxəssislər dəvət olunsun. Bu təkliflərimiz də qeyd olundu. Bütün bunlar əlbəttə, o tələbələrin yaxşı kadr kimi yetişməsi üçündür.
Naxçıvandakı teatr binası insanı valeh edir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya standartlarına cavab verən bir səhnəni görəndən sonra muxtar respublikada mədəniyyətə göstərilən qayğının bir daha şahidi olduq. Bu əzəmətli bina, möhtəşəm səhnə, bənzərsiz şərait insanda yalnız yaradıcılıq şövqü və xoş hisslər yaradır. Adama elə gəlir ki, sanki nağıllar aləmindədir, buradakı nizam-intizam, səliqə-səhman, peşəkar aktyor-rejissor heyəti çox möhtəşəmdir. Gələcəkdə Naxçıvan Teatrı və Naxçıvan Dövlət Universiteti ilə birgə daha böyük işlər görəcəyimizi arzulayır və buna inanırıq.
Şahanə Müşfiq
“525-ci” qəzet
30.03.2019