Bu gün Xalq artisti Elza İbrahimovanın anım günüdür

A- A A+

Bu gün Azərbaycanın və Dağıstanın Xalq artisti, görkəmli bəstəkar Elza İbrahimovanın anım günüdür.

Elə nəğmələr var ki, insanın mənəvi dünyasını zənginləşdirir, duyğularını saflaşdırır və illər keçsə də dəyərini itirmir. Vəfatından 14 il ötən Elza İbrahimova da məhz belə ölməz əsərlərin müəllifi kimi yaddaşlarda yaşayır. Onun “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Sən yadıma düşəndə” və digər mahnıları bu gün də böyük sevgi ilə dinlənilir.

Zəngin yaradıcılığa malik bəstəkar mahnı janrı ilə yanaşı, opera, simfonik poema, oratoriya, kamera-instrumental əsərlər və tamaşalara musiqilər müəllifidir. Hüseyn Cavidin əsəri əsasında yazdığı “Afət”, Qarabağ faciəsinə həsr olunan “Yanan laylalar” operaları, eləcə də “Neftçilər himni” onun geniş yaradıcılıq diapazonunun göstəricisidir. Milli qəhrəmanlara və tarixi hadisələrə həsr etdiyi rekviyem və əsərlər də xüsusi yer tutur.

Elza İbrahimova Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri olub. Onun yaradıcılığında milli muğam intonasiyaları ilə Qərb musiqi üslubunun vəhdəti aydın hiss olunur. Bəstələri emosionallığı, melodikliyi və dərin məzmunu ilə seçilir.

Fitri istedadı və zəhməti sayəsində musiqi sənətində özünəməxsus yol açan Elza İbrahimova dövlət tərəfindən yüksək fəxri adlara layiq görülüb. Onun əsərləri bu gün də səsləndikcə, əsl sənətin zamansız və ölməz olduğu bir daha təsdiqlənir.

NURTAC İSMAYILOVA

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: