NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırladığı tamaşanı Babək Rayon Mədəniyyət Sarayında rayon sakinlərinə göstərib.
“Ehsan xan Kəngərli” tarixi dramı XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələri əks etdirir. Rusiya-İran müharibəsi və Naxçıvanın ruslar tərəfindən işğal olunması əsərin əsas süjet xəttini təşkil edir.
İlk dəfə Naxçıvan teatrında səhnəyə qoyulan “Ehsan xan Kəngərli” tamaşasında o zaman Naxçıvan xanlığının düşdüyü çətin vəziyyət təsvir olunur. Ehsan xan bu vəziyyətdən məharətli bir siyasətçi kimi çıxmaq istəyir. Dövrün əsas problemi Rusiya çarı tərəfindən ermənilərin Naxçıvana zorla köçürülərək yerləşdirilməsidir. Bu addımın qarşısını almaq üçün Ehsan xan rus diplomatı Aleksandr Sergeyeviç Qriboyedovla söhbətlər aparır.
Tamaşada Ehsan xanla yanaşı, Abbasqulu ağa Bakıxanovun da bədii obrazı diqqəti cəlb edir. Bakıxanov erməni fitnələrinin qarşısını almaq üçün Ehsan xana çıxış yolu tapmaqda kömək edir.
"Ehsan xan Kəngərli” tamaşasında dövrün ictimai-siyasi hadisələri faktlarla səhnəyə gətirilir ki, bu da tamaşaçını cəlb edir.
Tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissor xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Qeyd edək ki, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Ehsan xan Kəngərli” tamaşasını muxtar respublikanın bütün rayonlarında göstərməyi nəzərdə tutub.
Əli Rzayev