Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş elmi konfrans olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və  Ədəbiyyat İnstitutunun  direktoru, AMEA-nın  müxbir  üzvü Əbülfəz Quliyev görkəmli alim Həmid Araslının çoxcəhətli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən danışıb.

Orta əsrlər Azərbaycan ədəbiyyatının bir sıra sənətkarlarının yaradıcılığı məhz Həmid Araslının axtarışları nəticəsində üzə çıxıb - deyən Əbülfəz Quliyev yarım əsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə onun Azərbaycan şifahi xalq ədəbiyyatına da dair tədqiqatlar apardığını, xalqımızın ölməz abidəsi olan "Kitabi-Dədə Qorqud"un Azərbaycanda ilk tədqiqatçısı kimi tanındığını diqqətə çatdırıb.

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin  müdiri, filologiya  üzrə  fəlsəfə doktoru Ramiz Qasımovun, həmin şöbənin əməkdaşları Nərgiz İsmayılovanın və Aytən  Cəfərovanın çıxışları dinlənilib. Qeyd olunub ki, Həmid Araslı böyük Azərbaycan şairləri - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məshəti Gəncəvi, Xaqani Şirvani, Nemətullah Pişəvari və Şah İsmayıl Xətai haqqındakı sanballı araşdırmaları ilə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirib. Diqqətə çatdırılıb ki, bu il 650 illiyi qeyd olunan  İmadəddin Nəsiminin əsərlərinin nəfis tərtibatda çapı da məhz görkəmli elm xadiminin adı ilə bağlıdır.

 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: