“Molla Nəsrəddin” jurnalının nəşrinin 113 illiyi qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Tarix Muzeyində Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi, “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 113 illiyi ilə bağlı tədbir keçirilib.

Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov tədbirdə  Cəlil Məmmədquluzadə haqqında geniş məlumat verib.

Vurğulanıb ki, 113 il bundan əvvəl böyük yazıçının redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuat tarixinin ən parlaq səhifələrindən biridir. Jurnalın nəşrə başlaması təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, bütün İslam aləmində də mühüm hadisə idi.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova, C. Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, C. Məmmədquluzadənin Naxçıvan şəhərindəki Ev Muzeyinin direktoru Aytən Ələkbərova çıxış edərək böyük yazıçının yaradıcılığı və “Molla Nəsrəddin” jurnalının xalqımızın siyasi və ictimai həyatında tutduğu mövqedən, xalq həyatında oynadığı böyük maarifçilik ideyalarından ətraflı söhbət açıblar.

Tədbirin sonunda isə muzeydə sərgiyə baxış olub.

 

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: