“Göyçək Fatma” tamaşası Şərur rayonunda göstərilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonundakı “Baharı kinoteatr”ında Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Göyçək Fatma” tamaşasını uşaq və məktəblilərə təqdim edib. Məşhur xalq nağılının əsasında yazılan əsərin müəllifi Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış şairə-dramaturq Kəmalə Ağayevadır.
Tamaşanın qəhrəmanı Fatma gözəl və nəcib insani sifətlərə malikdir. Ögey anası və ögey bacısı ona qarşı nə qədər pislik etsələr də, sonda Fatma dostları və yaxşı insanların köməyi ilə o xoşbəxt olur.
Tamaşada Göyçək Fatma rolunu gənc aktrisa Ləman Əhmədova canlandırır. Aktrisalar Ulduz Süleymanova (Ögey ana), Vəsmə Quliyeva (Ögey bacı), İlqar Babayev (Qarı nənə) və başqalarının oynadığı obrazlar maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru, teatrın direktoru və bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı Rəfael Qədimov, bəstəkarı isə Əli Məmmədovdur.
Əli Rzayev