“Naxçıvan Maarifi” sənədli- bədii filminin təqdimatı keçirilib - FOTOLAR
Heydər Əliyev Sarayında keçirilən təqdimat mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Dövlət Himni səsləndirilib.
NUHÇIXAN xəbər verir ki, təqdimatı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Azərbaycan tarixinə, elminə, ədəbiyyat və ictimai fikrinə çoxsaylı görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlərin mühüm, tarixi xidmətlərinin nəticəsidir ki, bu qədim diyarda elmi, ədəbi, mədəni fikrin inkişafı bir çox dövrlərdə nümunə rolunu oynamışdır.
Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Elxan Nəcəfov bildirib ki, regionda maarifçi hərəkatın öyrənilməsi, onun verdiyi bəhrənin üzə çıxarılması, burada xalq maarifinin və məktəbin vəziyyətinin, onun mütərəqqi əsasda inkişafına təsir göstərən amillərin üzə çıxarılması xüsusi əhəmiyyət kəsb edir. Bu isə ölkə pedaqoji fikir tarixinin zənginləşməsini təmin edir, qazanılmış müsbət təcrübədən, mütərəqqi ənənələrdən bu gün də istifadə olunmasına imkan verir.
Təqdimatda çıxış edən fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov vurğulayıb ki, bəhs olunan dövrdə Naxçıvanda maarifçi hərəkat yüksək səviyyəyə qalxmış, elm və təhsildə böyük uğurlar əldə edilmişdir. Naxçıvan maarifçiləri tək bir sinfin deyil, bütün millətin adından, cəmiyyət həyatını yaxşılaşdırmağa səy göstərmişlər.
Sonra Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti barədə qısa videoçarx nümayiş olunub.
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və rəhbəri Aydın Talıbov çıxış edərək qeyd edib ki, “‘Naxçıvan maarifi’ filmi bizim üçün sadəcə bir mədəni layihə deyil – bu, Veysəloğlu Şirkətlər Qrupunun strateji baxışının, təhsilə və milli-mənəvi dəyərlərə sadiqliyinin ifadəsidir.
Bu film gənc nəslin öz köklərinə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə vermək məqsədi daşıyır.
Sonra “Naxçıvan Maarifi” sənədli- bədii filmi nümayiş olunub.