Böyük şair və mütəfəkkir İmaddədin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində anadilli şeirin əsasını qoyan, məhəbbət və gözəlliyi tərənnüm edən bir sənətkardır. Ədəbiyyatımızda həyatı əfsanə və rəvayətlərlə dolu olan şairlərdən bəlkə də birincisidir. O, öz təkrarsız əsərləri ilə milli mənəviyyatımızın ayrılmaz bir parçası olan dahi şəxsiyyətdir.
Əsl adı Seyid Əli Seyid Məhəmməd oğludur. Lakin ədəbiyyat aləmində “İmaddədin Nəsimi” adı ilə məşhurlaşıb. İlk təhsilini Şamaxıda alıb, dövrün elmlərini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəyib, İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olub. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini qəbul edən Əli, bu təriqətin fikirlərini nümayiş edən şeirlər yazmağa başlayıb və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə oxşar səslənən “Nəsimi” təxəllüsünü qəbul edib. İmaddədin Nəsimi hürufiliyin intibah imzası idi.
Ömrünün bir hissəsi XV əsrə təsadüf edən Nəsimi Füzuliyə qədərki istər anadilli, istərsə də o zaman dəbdə olan ərəb və farsdilli şeirin bənzərsiz ifadəçisidir. Həm də Nəsimi bir sufi şair olaraq əsərlərində sufi ideyalarını əks etdirib. Həllac Mənsur, Fəzlullah Nəimi və sonda Nəsimiyə qədər gəlib çatan sufi ideyalarının nişanı, əsasən, dövrün zülmkar hökmdarlarına, padşahlarına yönəlmişdi. Bu yolla sufilər insanın zülmkar bir varlıq olmadığını, belə bir varlıq hətta Tanrı qatına qalxmağa layiq bilinirdi.
Nadanlığın və cahilliyin daim izlədiyi Nəsimi müxtəlif ölkələrdə sığınacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilmir. Hələb şəhərində isə şairin həyatında ən böyük faciə baş verir, dərisi soyulmaqla edam edilir... Əslində, Nəsimi edama məhkum olunmaqla dünyadan köçmədi. O, əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edir, dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub.
İmaddədin Nəsimi mürəkkəb yaradıcılıq yolu keçib. Nəsiminin yaradıcılığını hürufiliklə çərçivələmək heç də düzgün deyil. Çünki Nəsimi hürufiliyə qədər də şeirlər yazırdı. Ədəbiyyatşünaslar bu baxımdan onun yaradıcılığını iki mərhələyə -Nəimiyə qədər yəni, 1386-ci ilə qədərki dövr , ikinci mərhələ isə ondan sonrakı dövrə ayırırlar.
Nəsimi hər şeydən əvvəl lirik şairdir. Şairin aktuallığı onun sevgi hissinin incəliklərini çözməsində idi. Nəsimi aşiqanə qəzəlləri ilə insan qəlbini ovsunlamağı bacarır:
Can eşqə düşdü, ey könül, yarəb, nədir tədbirimiz?
Can neyləsin, biçarə, çün həqdən budur təqdirimiz.
Və yaxud 8 beytdən ibarət olan “Yanaram” qəzəlində sevən bir gəncin təbii duyğuları, keçirdiyi şirin əzab hissləri səmimi və axıcı bir dillə tərənnüm olunur:
Səndən uzaq, ey sənəm, şamü səhər yanaram,
Vəslini arzularam, dəxi betər yanaram.
Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazıb, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olub. O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləyib.
Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir. Onun ana dilimizdə olan şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir. Atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsimi özünün şəhdi-şəkəri xalq dilinin zəngin şırnaqlarından gələn əsərləri ilə Azərbaycan şeir dilinə ilk dəfə kamil ədəbi dil əyarı vurub, onun öz zamanı üçün ən yüksək nümunələrini yaradıb. Bu əsərlər öz təravətini bu gün də qoruyub saxlayır. Dilimizdə poetik ənənənin hələ yüksək səviyyədə tam təşəkkül tapmadığı, bəzi ziddiyyətlərin mövcud olduğu bir vaxtda ana dilində belə yüksəkkeyfiyyətli şeirlər yaratmaq əsl ədəbi qəhrəmanlıq idi. Məhz Nəsiminin tarixi xidmətləri sayəsində Azərbaycan dili ərəb və fars dilləri ilə yanaşı Yaxın Şərqin ən geniş yayılan poeziya dillərindən biri səviyyəsinə yüksəlib.
Dahi şairin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Nəsimi həmçinin Azərbaycan şeirinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynayıb, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışıb. Dahi şair ədəbiyyatımızda ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazıb. Onun rübailəri, tuyuğları bədii quruluş və məzmunca orijinal, qiymətlidir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, həyat və kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunub.
Həmçinin şairin yaradıcılığında insan gözəlliyinin və insan qüdrətinin tərənnümü əsas yer tutur. O, insanda məhəbbət, bilik, sədaqət, vəfa kimi gözəl sifətlər görmək istəyir. Var-dövlətə həris olub insan gözəlliyini qiymətləndirməyənləri nadan adlandırır, onlara istehza edir. Nəsimi yaradıcılığında “mən” həyatdır, gözəllikdir, kainatdır, bəşəriyyətin taleyidir. O, elə bir poetik dünyadır ki, bütün kainatın sirləri onda gizlənib. O, əbədi və əzəlidir. Dünyada müxtəlif şəkillərdə təzahür edir. O, elə bir gözəllikdir ki, əgər özünü dərk edərsə, ülvi bir varlığa çevrilib ilahiləşir. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir. O, bir sıra şeirlərində insanı özünü tanımağa, həyat və ölüm haqqında düşünməyə, dünyanın başdan-başa acı və şirinliklərlə dolu olduğunu dərk etməyə çağırır və deyir ki, bütün həyatını ancaq sərvət qazanmaq uğrunda sərf edən insan əzab və əziyyətdən başqa heç bir şeyə sahib ola bilməz.
Bir ovuc tozdur küləklər qarşısında bu bədən
Ömrümüz qor tək ərir hər an günəşdən, şölədən.
İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək
Aqil insan zər üçün öz ömrünü verməz hədər.
Nəsimi yaşadığı dövrdə dəbdə olan saray ədəbiyyatından fərqli mövzularda, həm də yeni tərzdə şeirlər yazırdı. O, öz əsərlərində ilk növbədə humanizmi, nəcib əməlləri, insanlar arasındakı saf məhəbbəti, təmənnasız dostluğu, mənəvi ucalığı, sədaqəti, təbiətin sonsuz gözəlliklərini və gözəlləri yorulmaq bilmədən tərənnüm edir, zülm və əsarəti, ədalətsizliyi, fanatizmi, nadanlığı kəskin surətdə qamçılayırdı.
Nəsiminin sözünü, şeirlərini, özünü sevdirən məqamlardan biri, daha dəqiq desək brincisi, onun Allahla bağlı səsləndirdiyi maraqlı və həqiqətə dayanan fikirləri olub. Nəsimi iddia edirdi ki, Allah insana çox yaxındır, onun daxilindədir, batinindədir. Hətta Allah insanın simasında belə təzahür edib. İnsanın üzündəki orqanları, gözləri, burnu, ağzı ərəb əlifbasının hərflərinə bənzəyir və həmin hərfləri oxuyanda “Allah ” kəlməsinin yazıldığı görünür. Nəsimi bu fikirlərini “Ənəlhəq” deyərək ifadə edirdi. Təəssüflər olsun ki, Nəsimi qədər dinini, tanrısını sevən mükəmməl səviyyədə dini biliklərə sahib olan bir şairi zamanın hürafatçı dindarları qəbul etmirdi. Ona müxtəlif formada ciddi təzyiqlər göstərilirdi. Və sonda da şair ağlasığmaz üsulla edam edildi... Dərisi soyulan Nəsimi əbədiyyətdə doğan günəşə çevrildi, ölümü ilə ölməzliyə qovuşdu. Yazdığı, yaratdığı əsərlər günəşə çevrildi və indi də aləmi işıqlandırmaqda davam edir...
Gülarə Babayeva
C. Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin baş elmi işçisi