Türklər İslamiyyəti qəbul edəndən sonra mədəniyyətləri yeni bir din, inanc, kültür və incəsənətin təsirinə düşdülər. Şəhərlərində qurduqları yeni hamamlar, məscidlər, karvansaraylarda bu özünü göstərməyə başladı. Yaratdıqları memarlıq nümunələrini ən incə detallarına qədər Türk-İslam zövqünə uyğun bəzədilər.
Maraqlıdır ki, Türk-İslam mədəniyyətinin formalaşmasında naxçıvanlı memarların müstəsna xidmətləri olub. Orta əsrlərdən başlayaraq “Qurani-Kərim”, ümumilikdə İslam dini Naxçıvan memarlığı, mədəniyyəti, dini adət-ənənələri və insanlarının həyatına çox güclü təsir edib. Belə ki, naxçıvanlı memarlar “Qurani-Kərim”də olan ayələri xüsusi xətlərlə yaratdıqları incilərin üzərinə həkk ediblər. Naxçıvanda xəttatlığın ilk nümunələrinə orta əsr Azərbaycan memarlığının inkişafında dərin və silinməz iz buraxmış Əcəmi Naxçıvaninin yaratdığı memarlıq nümunələrində rast gəlirik. Naxçıvanda və ona yaxın ərazidə tikilən bir neçə abidədə Əcəmiyə xas olan xəttatlıq üsullarının bu və ya başqa şəkildə təzahürü Əcəmi məktəbində istifadə edilən xətt növlərinin hər zaman geniş şəkildə tətbiq olunduğunun əyani sübutudur. Əcəmi Naxçıvani Yusif Küseyiroğlu və Möminə Xatın türbələrində kufi xətti ilə sözlər yazıb.
Əcəminin irsində şah əsərlərdən biri Yusif Küseyiroğlu türbəsidir. Bu abidə xalq arasında “Atababa günbəzi” adı ilə də tanınır. Yusif Küseyiroğlu türbəsinin giriş hissəsində kufi xətti ilə yazılıb: “Bu, şərəfli dinimizin məşhur rəisi, İslamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif Küseyiroğlu türbəsidir. Şəvval ayı yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci il)”. Məqbərənin üzərində kufi xətti ilə “Qurani-Kərim”dən dekorativ ayələr yer alıb. Girişin sol tərəfində memarın adı həkk olunub: “Əcəmi ibn Əbubəkr Naxçıvani”.
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin xəttatlıq məktəbinin özündən sonra qoyub getdiyi abidələrdə də bu xətt növlərinin daha çox müşahidə olunması heç də təsadüfi deyil. Bunun bariz nümunəsini Naxçıvan şəhərində əzəmətlə ucalan Möminə Xatın türbəsinin giriş qapısında dəqiqliklə görmək mümkündür. Təkcə Azərbaycanda deyil, bütün İslam aləmində ən hündür və incə kompozisiyalı sənət əsərlərindən sayılan Möminə Xatın türbəsi Əcəminin layihəsi əsasında 1186-cı ildə Naxçıvan şəhərinin qərbində ucaldılıb. Bu bənzərsiz sənət əsəri elin yaddaşında “Atabəy günbəzi” adı ilə qalıb. Ümumiyyətlə, İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən biri olan Möminə Xatın türbəsinin baş tağında kufi xətti ilə sözlər həkk olunb. Tarix öz qoynunda Əcəminin həyatı haqqında heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsəri Möminə Xatın türbəsi üzərində belə yazıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Bəli, o ölməz sənət abidəsi bu gün də yaşayır.
Xacə Cəmaləddin orta əsrlər zamanı Naxçıvan memarlıq məktəbinin ilk yetirmələrindən biridir. Onun adı Əlincəçay sahilində, el arasında “Şeyx Xorasan” adı ilə tanınan Xanəgah Kompleksinə daxil olan və özünün inşa etdiyi əsas türbənin kitabəsi əsasında aşkar edilib və elmi ictimaiyyətə və mədəniyyət tariximizə təqdim olunub. Kitabədə memarın adının “hörmətli və alicənab” epitetləri ilə müşayiət olunması onun məşhur və böyük nüfuza malik sənətkar olmasından xəbər verir. Bu fikri onun daşıdığı, orta əsrlər zamanı görkəmli şəxsiyyətlərin adına əlavə olunan “xacə” titulu da təsdiq edir. Çünki həmin dövrdə “xacə” titulu hər bir adama deyil, görkəmli sənətkarlara, alimlərə, şairlərə, öz işinin incəliklərinə yaxından bələd olan ustalara, hətta dövlət başçılarına verilirdi. Tədqiqatçılar türbəni memarlıq-konstruktiv quruluşuna və kitabəsinin xətt xüsusiyyətlərinə əsasən XII-XIII yüzilliklərə aid edirlər.
Şeyx Cühənnah oğlu orta əsr intibah dövründə Naxçıvan memarlıq məktəbinin yetirdiyi ən görkəmli memarlardan biridir. Şeyx ibn Cühənnahın adı Ordubad bölgəsinin Azadkənd kəndindəki minarə üzərindəki kitabənin məlumatları əsasında elmi dövriyyəyə daxil olub. Kufi xətlə yazılmış həmin kitabəni XIX yüzilliyin ortalarında tədqiq edən rus şərqşünası və diplomatı N.V.Xanıkovun yazdığına görə, kitabədə “Bənna Şeyx Cühənnah oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıbmış. Şeyx ibn Cühənnah miladi təqvimi ilə XIV yüzillikdə yaşaıb, Azadkənd minarəsini də həmin vaxt inşa edib.
Orta əsrlər zamanı Naxçıvanda yaşayıb yaradan memarlardan biri də Məhəmməd bəy Hacı oğludur. Yaşadığı dövrdə memar kimi tanınan Məhəmməd bəyin adı Ordubad şəhərinin şərq tərəfində yerləşən “Malik İbrahim” qəbiristanlığında indiyədək qalan bir məzar kitabəsinin təqdim etdiyi məlumatlar vasitəsi ilə elmi dövriyyəyə daxil olub.
İmamqulu Nəzərəli oğlu da orta əsrlərdə Naxçıvanda görkəmli sənətkar kimi yetişən və əhali arasında memar kimi tanınan ustalardan olub. Bu görkəmli memarın adı XX yüzilliyin 80-ci illərində Əlincəçay sahilindəki Şeyx Xorasan Xanəgahında bərpa işləri aparılarkən aşkar edilmiş inşaat kitabəsində aşkar olub. Hicri 1141-ci ilə (miladi 1728-29-cu il) aid olan bu kitabədən məlum olur ki, İmamqulu Nəzərəli oğlu Xanəgah Kompleksinə daxil olan tikililərdən birinin memarıdır.
Bu gün tarix və tarixşünaslığımıza göstərilən həssas münasibət Türk-İslam mədəniyyəti abidələrini də əhatə edib. Ötən il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar olaraq bu diyara üz tutan yerli və xarici qonaqlar “Naxçıvan” adlı ulu torpaqda İslami dəyərlərin necə yüksək səviyyədə qorunmasının şahidi oldular. Artıq muxtar respublika ərazisində milli-mənəvi dəyərlərin, İslam mədəniyyəti abidələrinin qorunub saxlanılması, bərpası və təbliği sahəsində aparılan işləri yeni mərhələyə qədəm qoyub.
“Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir” fikrini öz fəaliyyətinin tərkib hissəsinə çevirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvanın tarixi və mədəniyyətinin araşdırılması, öyrənilməsi və nəhayət, təbliğ edilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin də əsas məqsədi bu potensialı üzə çıxarmaq, təbliğ etməkdən ibarətdir. Bütün bu təşəbbüslər həm də bizə əmanət olunan irsə, mədəniyyətə göstərilən sonsuz sədaqətdir.
Nərgiz İSMAYILOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
“Şərqin səhəri” qəzeti