Yallı xalqımızın mədəniyyət incisidir

A- A A+

Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Yallı” televiziya filmini izləyirdim. Tarixi bir məkanda – “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində müstəqillik dövrünün memarlıq mühiti ilə üz-üzə, nəfəs-nəfəsə çəkilən yallının hər halayında monumentallıqla zəriflik, qeyri-adiliklə sadəlik bütöv bir vəhdət yaradır, xalqın mənəvi birliyinin nümayişinə çevrilirdi. Qalanın geniş meydanında əl-ələ, çiyin-çiyinə halay vuran 100-dən çox iştirakçı eyni şövqlə bu rəqsə öz naxış və ilməsini vururdu. Peşəkarlarla yanaşı, uşaq və gənclər, ahıllar eyni şövqlə orijinal musiqi mənzərəsi yaradırdılar. Sanballı etnoqrafik tutumu, bitkin fəlsəfi-estetik məzmunu ilə seçilən yallı ilk dəfə idi ki, belə geniş miqyasda, belə monumental, orijinal quruluşda təqdim olunurdu. Düşünürdüm: İndi bizim rəqs salonlarına uzaq keçmişdən qonaq gələn yallı, bəlkə, döyüş qabağı qəzəb ovxarlamaq mərasiminin yadigarıdır?! Bəlkə, qələbədən sonrakı sevinci əbədiləşdirmək meyli bu rəqsi daha da təkmilləşdirib, illərin sınağından keçirib?

Filmdə birləşmiş yallı qrupunun başında dayanan ucaboy adam diqqətimi daha çox cəlb edirdi. Qara zurnanın pillə-pillə yüksələn özünəməxsus sədaları altında onun harmoniya ləngəri, möhtəşəm ruhi ecazı yallının etnopsixologiyasını, fəlsəfəsini təqdim edir, bütöv rəqs obrazı  yaradır, coşqun rəqsi digərlərinə təlqin olunurdu. Birləşmiş bu rəqs qrupunun birincisi olmaq onun uzun illərə söykənən təcrübəsindən, istedadından xəbər verirdi. Kim idi o?

Bu günlərdə onunla – Şərur rayonunun Şəhriyar kənd sakini, həyatını yallı sənətinə həsr edən, 1970-ci ildən 2016-cı ilədək mədəniyyət sahəsində çalışan, 1972-ci ildən 1980-ci ilə qədər “Şərur” Xalq Yallı Ansamblına rəhbərlik edən Əli Əsgərovla görüşdüm. Onunla yallı sənəti haqqında geniş söhbət etdik, həmçinin “Şərur” Yallı Ansamblının keçdiyi böyük yola nəzər saldıq:

– Əli müəllim, əvvəlcə milli dəyərlərimizdən biri olan yallı sənəti haqqında sizin fikirlərinizi öyrənmək istərdim.

– Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.

Ümumiyyətlə, incəsənətin ən geniş yayılmış növlərindən biri olan rəqs sənətinin tarixi çox qədimdir. İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs etmişlər. Bu cəhətdən muxtar respublikamızın Ordubad rayonu ərazisində yerləşən Gəmiqayadakı qayalarda rəqs edən insanların təsvir olunması bu sənətin qədim tarixi haqqında çox söz deyir. Bu təsvirlər həm də yallıların qədim dünyanın ən nadir sənət nümunələrindən biri olduğunu göstərir. Yallı dünəndən bu günə uzanan bir yoldur.

Bizim üçün maraqlı faktlardan biri də odur ki, bu sevinc incəsənətin ən geniş yayılmış növlərindən biri olan, yaranması Naxçıvan diyarının Şərur bölgəsi ilə əlaqələndirilən yallılara daha çox hopmuşdur.

Bu gün muxtar respublikamızda 40-dan çox yallı növü vardır. “Xələfi”, “Tənzərə”, “Köçəri”,  “Qazı-qazı”, “Sareyi”, “Şahgəldi”, “Tello”, “Nazilə”, “Qızılbaş”, “Çökəli”, “Çaleyi”, “Göyçəməni”, “Hərilli”, “Xəlili”, “Əfsəri”,  “Sındırma”, “Şərili”, “Tirməşal”, “Urfanı”, “Gilanı”,  “Baharı” və başqa yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, babalarımızın yer titrədən ayaq səslərini, nərə səslərini özündə yaşadır, hər kəsi Vətən uğrunda birliyə, döyüşə çağırır.

 –  “Şərur” Yallı Ansamblının keçdiyi yolun ən yaxın bələdçilərindən biri kimi bu ansambl haqqında, həmçinin bu kollektiv haqında nə deyə bilərsiniz?

– Qeyd etdiyimiz kimi, Naxçıvanda yallıya ta qədimdən maraq olub. 1924-cü ildən sonra naxçıvanlı incəsənət adamları yallı ilə daha ciddi maraqlanmağa başlayıblar. İlk yallı qrupu Çərçiboğan kəndində, daha sonra isə Oğlanqala, Yengicə və başqa kəndlərdə yaranıb. “Şərur” Xalq Yallı Ansamblı da elə həmin dövrdə qrup olaraq yaradılıb və 1932-ci ildən başlayaraq səhnələrə yol açıb. 2005-ci ildə “Şərur” yallı ansamblına Xalq Yallı Ansamblı statusu verilib. Bu günə qədər ansambl ölkədə və xaricdə keçirilən müxtəlif festivallarda uğurla iştirak edərək bir çox mükafatlar qazanıb.

Bu gün Şərur rayonunda yallı ifaçılarının üç nəsli bu qədim rəqs növünü yaşadır. Şərur yeganə rayondur ki, burada həm gənc, həm ortayaşlı, həm də yaşlı nəslin nümayəndələrindən ibarət yallı ansamblları fəaliyyət göstərir. Bu da onu deməyə əsas verir ki, Şərur yallısı dünən və bu gün olduğu kimi, gələcəkdə də yaşayacaqdır.

-Əli müəllim, sizi yallı sənətinə bağlayan nədir və sizin yallı ansamblına gəlişiniz necə olub?

– Bizim yerlərin el şənliklərini, toylarını yallısız təsəvvür etmək mümkün deyil. Elə bizim kəndimizdə də toylarımız yallı ilə başlayar, yallı ilə qurtarar. Biz ailəliklə bu sənətin vurğunu olmuşuq. Mənim də uşaqlıqdan bu el sənətinə böyük marağım olub. Bu günlərdə 70 yaşım tamam oldu. Bu ömrün təxminən 50 ilini yallı ilə peşəkar səviyyədə məşğul olmuşam. Hətta orta məktəbdə keçirilən bayram tədbirlərində də sinif yoldaşlarımızla birgə dəstə tutub rəqs edərdik. Elə o vaxt da mən həmişə dəstənin başında durardım.

Sonralar bu sənətə olan marağım daha da artdı. 1970-ci ildə Şərur Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən yallı ansamblına üzv kimi daxil oldum. Eyni vaxtda həm də Şəhriyar kənd mədəniyyət evinin direktoru, 1972-ci ildə isə Yallı ansamblına bədii rəhbər təyin olundum. Həmin dövrdə ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda yallı sənətini inkişaf etdirmək məqsədilə Bakıdan bir qrup rəqs ustası Şərura gəldi. Həmin tərkibdə Əminə Dilbazi, Əlibaba Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Roza Cəlilova, Aliyə Ramazanova, Kamil Dadaşov, Əli Əşşari kimi sənət fədailəri də var idi. Bu böyük sənət adamları ilə işləmək, sözsüz ki, peşəkarlıq baxımından bizim işimizə öz müsbət təsirini göstərdi.

- Rəhbərlik etdiyiniz yallı kollektivi həmin dövrdə hansı səfərlərdə olub, hansı uğurları qazanıb?

– 1972-ci ildə  SSRİ-nin təmsilçisi kimi Almaniya Demokratik Respublikasında keçirilən folklor festivalına dəvət aldıq. Bu səfərdə ifa olunan yallıya Xalq artisti Əminə Dilbazi quruluş vermişdi. Almaniyaya gedən kollektivin tərkibində İsabala Mustafayev, Musa Nəcəfov, Azad Ramazanov, Əli Əsgərov, Vasif İbrahimov, Yusif Həsənov, Kəmalə Babayeva, Tünzalə Babayeva, Hüseyn Cabbarov, Səfər Qəhrəmanov, Rəna Əliyeva, Həbib Ələkbərov, Zəmanə Həsənova, Tamara Babayeva kimi tanınmış yallı ustalarının olması festivalda mükəmməl çıxışımızı təmin etdi. Festivalda çıxışımız çox uğurlu alındı və biz festivalın laureatı olduq. Kollektivimiz festivalda 1-ci dərəcəli diploma layiq görüldü. Daha sonra Moskvada mərkəzi televiziyada çıxışlar etdik. Ansamblımız haqqında televiziya filmi çəkildi. 1973-cü ildə kollektivimiz Moskvada Azərbaycan ədəbiyyat və incəsənət günlərində iştirak etdi və SSRİ Ali Sovetinin fəxri fərmanına layiq görüldü.

1974-cü ildə Azərbaycan Televiziyasının sifarişi ilə kollektivimiz haqqında daha bir televiziya filmi çəkildi. 1977-ci ildə Moskvada, 1975-1977-ci illərdə davamlı olaraq ümumdünya folklor festivallarına qatıldıq.  Sonuncu festivalın laureatı olduq. 33 nəfər festival üzvü kiçik qızıl medalla təltif edildi. Mən isə festivalda yallının bədii rəhbəri kimi böyük qızıl medala, 1-ci dərəcəli diplomla, daha sonra isə Naxçıvan MSSR  Ali Sovetinin fəxri fərmanına layiq görüldüm.

Bədii rəhbəri olduğum kollektiv 1980-ci ildə isə Macarıstan Xalq Respublikasına səfər etdi. Bu səfərimiz də keçmiş SSRİ-də böyük əks-səda doğurdu. Bayram Zaxarov, Nərminə Məmmədova, Çinar Babayeva, Əmanət Cavadova, Kimya Babayeva, Mircəfər Həşimov, Səttar Əhmədov, Hüseyn Cabbarov və başqa ansambl üzvləri Hətəm Məmmədovun, Kamal Babayevin və Eldar Nəcəfovun müşayiəti ilə Macarıstanda unudulmaz çıxışları ilə yadda qaldılar. Həmin səfərdə kollektivin uğurlu çıxışı münasibətilə mən ikinci dəfə Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanına layiq görüldüm. Ancaq, təəssüf ki, elə həmin il səhhətimlə bağlı yallı kollektivindən ayrılmalı oldum.

“Şərur” Xalq Yallı Ansamblının adı çəkiləndə sizin yadınıza əsasən kimlər düşür?

– “Şərur” Xalq Yallı Ansamblının formalaşmasında xüsusi rolu olan, adı bu kollektivlə qoşa çəkilən insanlar çoxdur. Azərbaycan Respublikasının, həmçinin Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Səttar Əhmədov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Kimya Babayeva, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Əfsər Novruzov və başqaları vaxtilə yallı kollektivində çıxış edən, müxtəlif illərdə ona rəhbərlik edən əsl sənət adamları olublar. Dövrünün məşhur yallı ustalarından söz düşəndə Səyyub Abdulayev, Əli Abbasov, Qədim Qədimov, Yəhya Abdullayev, daha sonralar Bahəddin Əsgərov, İsa Mustafayev, Azad Ramazanov və bu kimi onlarla insan yaddaşımda canlanır.

Ancaq onu da deyim ki, ansamblın tanınmasında hər bir üzvün, hər bir musiqiçinin özünəməxsus rolu olub. Bu mənada zurna ifaçısı Hüseyn İsmayılov, dəmkeş Nəsrullah İsmayılov, nağaraçı İsabala Mustafayev, tulumçu Məmməd Yaqubov da kifayət qədər tanınmış sənətkarlar olublar. Yaxşı haldır ki, dövlətimizin diqqət və qayğısı ilə bu sənətkarların da böyük əksəriyyətinin əməyi yüksək qiymətləndirilib. Kollektivin üzvlərindən nağaraçı İsgəndər Əliyev Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti adına və Prezident mükafatına, zurna ifaçısı Kamal Babayev Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi adına və Prezident mükafatına, zurna ifaçısı Natiq Məmmədov isə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.

Əli müəllim, aydın olur ki, sənətdə böyük xidmətləriniz və çoxlu yetirmələriniz olub. Bəs bu gün öz ailənizdə bu yolu davam edən varmı?

– Bəli, nəvəm Ahumə Əsgərova bu gün mənim yolumu davam etdirir. O, hazırda Naxçıvan Musiqi Kollecində təhsil almaqla yanaşı, bu sənətlə də məşğul olur. İnanıram ki, o, gələcəkdə əsl incəsənət adamı olacaqdır.

Bildiyimiz kimi, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” ötən il UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bu barədə fikirləriniz də oxucular üçün maraqlı olardı.

–Bu işdə əsas məqsəd ölkəmizin qədim və tarixi ərazisi olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələri UNESCO səviyyəsində qorumaqdan ibarətdir. Bununla da Şərur, ələlxüsus “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınmış, növbəti dəfə bu ölkəyə layiqli cavab verilib.

Bu, eyni zamanda, Naxçıvan-Şərur yallılarının tədqiqi, unudulmuş nümunələrinin üzə çıxarılması, bərpa edilməsi və təbliğ olunması istiqamətində də yeni mərhələdir.

Dərin milli tarixi köklərə malik olan “Yallı” rəqsinin beynəlxalq miqyasa çıxarılması azərbaycançılıq ideologiyasının təbliği baxımından da çox əhəmiyyətlidir. Artıq “Yallı” da bəşər mədəni irsində azərbaycançılıq möhürlərindən biridir. “Yallı” rəqsinin UNESCO kimi dünyada ən böyük mədəniyyət təşkilatının Təcili Qorunma Siyahısına daxil edilməsi müstəqil Azərbaycan diplomatiyasının və mədəniyyətinin mühüm nailiyyətidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talibovun “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı isə Şərur yallılarının tədqiqi, təbliği və qorunması istiqamətində yeni bir mərhələ olacaqdır. İnanırıq ki, bu Sərəncam həm də “Şərur” Xalq Yallı Ansamblının tarixinə yeni və parlaq səhifələr əlavə edəcəkdir.

Maraqlı müsahibə üçün çox sağ olun, Əli müəllim.

– Siz də sağ olun.

Müsahibəni hazırladı:

Qafar Qərib

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: