Aktyor səhnəyə çıxanda, sadəcə, rol oynamır, insanın daxilindəki hayqırışların daşıyıcısına çevrilir

A- A A+

Ey doğma xalqım, ey qədim Bakının, Naxçıvanın, Şuşanın, Gəncənin, Lənkəranın, bütün Azərbaycanın teatrsevər övladları! Ey gənclər, ey qocalar, ey analar, atalar, bacılar və qardaşlar! Bu gün martın 10-u mənim qəlbimə elə bir od salır ki, sanki 1873-cü ilin o soyuq, lakin ümid dolu bahar günündəyəm yenə. Bakı Real məktəbinin, ovaxtkı gimnaziyanın kiçik zalında, bir ovuc cavanla, Həsən bəy Zərdabi ilə birgə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri”ni səhnəyə qoymuşduq. O gün, sadəcə, bir tamaşa deyildi, ey xalqım! Bir millətin oyanışının ilk zəngi idi! Dilimizin, Azərbaycan dilinin səhnədə ilk dəfə qürurla, ucadan, bütün zalı dolduraraq səslənməsi, qaranlıqda qalmış xalqın üzünə ilk dəfə işıq salınması idi! Mən o vaxt gənc idim, on doqquz yaşımda, ürəyimdə od, gözlərimdə ümid, qəlbimdə isə, sadəcə, bir sual var idi: “Niyə biz öz dilimizdə danışmırıq? Niyə bizim dərdlərimiz, gülüşümüz, göz yaşlarımız səhnədə yoxdur? Niyə rus teatrında, fransız pyeslərində gülürük, amma özümüzün acısını, özümüzün sevincini səhnəyə çıxarmırıq?” Allah Həsən bəyə rəhmət eləsin, o da mənimlə eyni fikirdə idi. Hər zaman: “Teatr millətin məktəbidir, millətin güzgüsüdür. Orada yalan ifşa olunmalı, haqq-ədalət təntənəsi ucalmalıdır!”– deyərdi. Biz o gün qərar verdik ki, teatr artıq, sadəcə, əyləncə yeri olmayacaq, maarif ocağı, bir xalqın vicdanı olacaq!

İllər keçdi, ömrüm keçdi. Mən “Müsibəti-Fəxrəddin”imi yazaraq faciə janrını Azərbaycan ədəbiyyatına gətirdim.  Fəxrəddin kimi bir gənc obrazı yaratdım ki, o, xalqı üçün öz həyatını qurban verir, elmə, maarifə xidmət edir. Düzünə qalsa, həmin obrazda mən özümü gördüm, Zərdabini gördüm, bütün o cavanları gördüm ki, gecə-gündüz oxuyur, fikirləşir, xalqın qaranlıqdan çıxması üçün çalışırdılar. Sonra “Ev tərbiyəsinin bir şəkli”ni, “Adı var, özü yox”u, “Pul düşkünü Hacı Fərəc”i, “Ağa Kərim xan Ərdəbili”ni yazdım... Hər biri xalqın dərdini, cəmiyyətin yaralarını göstərmək üçün idi. Mən faciə yazanda da gülürdüm, amma o gülüş acı idi... Zalımların, riyakarların, pul düşkünlərinin üzərinə atılan daş kimi ağır idi! Teatr nədir, bilirsinizmi? Orada aktyor səhnəyə çıxanda, sadəcə, rol oynamır, xalqın daxilindəki hayqırışların daşıyıcısına çevrilir. Tamaşaçı oturub baxanda özünü görür, öz ailəsini görür, öz qonşusunu görür. Orada zalım lənətlənir, məzlum qorunur, haqsızlıq ifşa olunur. Mən o vaxt teatr xalqın məktəbidir deyirdim, indi də bu sözümlə həmfikirəm. Görürəm ki, on doqquz yaşlı Nəcəf bəy doğru yolda addımlayıb.  Ey gənclər! Sizə müraciət edirəm! Siz ki, indi yeni əsrdə yaşayırsınız, necə ki yeni ümidlərlə dolusunuz  bu sənətə sahib çıxın! Ana dilimizi səhnədə yaşadın! Unutmayın ki, biz o vaxt üç-dörd nəfər idik, mən idim, Zərdabi, bir neçə ziyalı və cavan. Amma indi minlərlə, on minlərlə insan var! Teatr evləri doludur, aktyorlar, rejissorlar, sənətsevərlər çoxalıb. Amma bu yetərli deyil! Daha dərinə getmək lazımdır! Xalqın dərdlərini, ümidlərini, mübarizəsini səhnəyə gətirmək lazımdır! Qoy hər tamaşa bir maarif dərsi olsun, qoy hər gülüş bir həqiqət açsın, qoy hər gözyaşı bir oyanış olsun!

Mən ömrümü bu yola verdim. Moskvada oxuyanda da, Peterburqda da, Bakıya qayıdanda da teatr haqqında düşünürdüm. Hətta xəstə yatanda da pyeslərim haqqında fikirləşirdim. İndi qocalmışam, amma qəlbim hələ də cavan olaraq qalıb, çünki teatr hələ də, bizim dövrümüzdəki kimi cavandır, millət cavandır!

Bu gün, 10 martda–Milli Teatr Günündə sizə söz verirəm və sizdən də söz istəyirəm: Azərbaycan dilini, milli səhnəmizi, teatrımızı əbədi yaşadacağıq! Qaranlıq gəlsə də, işıq sönməyəcək! Zalım olsa da, haqq qalib gələcək! Çünki xalq yaşayır!

Pərvərdigar, sən şahidsən! Mən bu millətə, bu dilə, bu sənətə ömrümü verdim. İndi də deyirəm ki,  yaşasın Azərbaycan teatrı! Yaşasın milli səhnəmiz! Yaşasın 10 mart...

Rafiq TƏHMƏZ

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: