AZƏRBAYCAN QADIN RƏSSAMLARININ YARADICILIĞINDA NOVRUZ RƏNGLƏRİ

A- A A+

Əməklə bağlı yaranan və qədim dövrlərdən müasir dövrümüzədək cilalana-cilalana gələn bayramlara sosial-mədəni, əxlaqi-estetik ideyaları ifadə edən fakt kimi baxmaq lazımdır. Azərbaycan xalqının öz mərasimlərini, ayinlərini, oyun-əyləncə, tamaşaların zənginliyi ilə seçilən və elliliklə qeyd etdiyi bayramlardan biri Novruz bayramıdır. Tarixin çətin sınağından çıxmış, keçmişimizi, mədəniyyətimizi, etnoqrafiyamızı özündə əks etdirən Novruz bayramı həm də yazın ilk günü, bahar fəslinin başlaması, təbiətin bütövlüklə oyanması, canlanması ilə əlaqədardır.

Azərbaycan xalqının əski çağlarından daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünə məxsus yeri olmuşdur. Tarixi kökləri qədim dövrə gedib çıxan Novruz bayramının mahiyyəti, adət-ənənələri, ayin mərasimləri və bununla bərabər Novruzun gəlişi özü ilə gətirdiyi təbiətin oyanışı, təzələnməsi və s. öz əksini başqa sahələrdə olduğu kimi Azərbaycan təsviri sənət sahələrindən olan boyakarlıq, qrafika sahəsində rəssamlarımızın yaratdığı əsərlərdə tapır. Azərbaycan rəssamları sırasında özünəməxsus yaradıcılıq xüsusiyyətləri ilə öz dəsti xətti ilə seçilən qadın rəssamlarının mövzu tematıkasında Novruz bayramının özünəməxsus yeri vardır. Burada xanım rəssamlar tematik tablo janrında işlədiyi əsərlərlə bayramın aydın mənzərəsini rənglərin ifadəsində səmimi bir səpkidə göstərmişdir. Qadın dünyası, qadın yanaşması ilə bu mövzu daha əhatəli işlənmiş və bu əsərlərlə Novruz bayramının ab-havasını daha aydın hiss etmək mümkün olur. Novruz mövzusu Xalq rəssamları Elmira Şahtaxtinskayanın “Bayrama hazırlıq”, Xalidə Səfərovanın “Novruz” əsərində daha yaddaqalandır.

Elmira Şahtaxtinskayanın 1966-cı ildə çəkdiyi “Novruz bayramı ərəfəsində” (bəzi mənbələrdə “Bayrama hazırlıq”) əsəri adından da göründüyü kimi bayrama hazırlıq işlərinin bir hissəsini– şəkərburaların bişirilməsini özündə əks etdirir. Kağız üzərində quaş boyalarla çəkilən bu əsər məişət janrına aiddir. Əsərin ümumi kompozisiya və rəng həlli xüsusilə maraqlıdır. Əsərdə tünd rəngli xalça fonunda iki qadın fiquru təsvir olunmuşdur. Stolun üzərindəki cücərdilmiş səmənilər, gəlin və qaynananın birlikdə hazırladıqları Azərbaycan milli kulinariyasının dadlı şirniyyatlarından olan şəkərburalar, paxlavalar, boyanmış yumurtalar Novruz bayramının xoş əhval-ruhiyyəsini özündə əks etdirir. Bu xoş əhval təsvir olunmuş qadınların çöhrəsindəki təbəssümlə də həmahəngdir. Əsər həm də Azərbaycan ailə münasibətlərini, adət-ənənələrini, etnoqrafik xüsusiyyətləri özünəməxsus ifadə tərzi ilə realist formada əks etdirir.

Xalq rəssamı Xalidə Səfərovanın da yaradıcılığında “Novruz”un öz mühüm yeri var. “Bu əsər Novruz təntənəsinə həsr edilib və başdan-başa milli, tarixi-etnoqrafik əhəmiyyət kəsb edir. Milli adət-ənənəmizi əks etdirən əsər 1990-cı ildə kətan üzərində yağlı boya ilə çəkilib. Kompozisiyanın ön planında söhbət edən, əlində səməni tutmuş iki gənc qız, yerdə palazın üzərində yazın ilk çiçəklərindən olan nərgiz və Novruz xonçası təsvir olunub. Əsərin digər tərəfində isə musiqiçilər, kosa, rəqs, yallı təsvirləri öz dinamik və canlı ifadəsini tapıb. Lakin əsərdə daha çox Novruz bayramında keçirilən oyunlardan olan “Xoruz döyüşü” diqqəti cəlb edir. Şəhər qalasının fonunda yaradılmış əsərin səmasında qızaran günəş əsərə rəng və kompozisiya baxımından tamlıq və dolğunluq gətirir və əsərdə xoş ovqat yaradır.

Milli-mənəvi dəyərlərimiz silsiləsində xüsusi yer tutan Novruz bayramının fəlsəfi tutumu, bayrama aid adət-ənənə, bayrama hazırlıq və s. Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan xanım rəssamlardan Ülviyyə Həmzəyevanın, Həbibə Allahverdiyevanın, Ləman Məmmədovanın yaradıcılığında da yer almışdır. Ülviyyə Həmzəyevanın “Torpağın qızı səməni”, “Novruz bayramı”, Həbibə Allahverdiyevanın “Novruz” adlı kompozisiyası, Ləman Məmmədovanın yaradıcılığında “Novruz süfrəsi” adlı natürmortu, “Tonqal” adlı kompozisiyası bu mövzuda fəlsəfi, milli-ideoloji, etnoqrafik, tarixi və estetik əhəmiyyətə malikdir. Ülviyyə Həmzəyevanın “Torpağın qızı səməni” əsərində Novruz bayramında səməninin cücərdilməsinin fəlsəfi mahiyyətinə toxunmuşdur. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunan səməni əsərdə qadın obrazı ilə hormonik şəkildə təsvir edilmişdir. Rəssam bu qrafik əsərin bədii həllində miniatürün ifadə vasitələrindən yaradıcılıqla istifadə edərək özünəməxsus milli ruh bəxş etmişdir. Əsərdə forma və rənglərin ritmik ifadəsinin bayramsayağı nikbin hisslər yardır.

Rəssamlar sadə təsvir vasitələrindən istifadə edərək xalqımızın adət-ənənələri, bayramlarımızın o dövrdə necə qeyd olunduğu haqqında tamaşaçıda dərin təsəvvür yaradır. Novruz bayramının qədim tarixə malik olduğunu, xalqın inam və etiqadlarını, hətta, onların yaşayış tərzini haqqında öz sənətinin təsir gücü ilə tamaşaçıda dərin təəssürat oyadır. Ləman Məmmədovanın “Novruz xonçası” natürmortu, “Tonqal” tematik tablosu kompozisiya və rəng baxımından diqqətəlayiqdir. Yaradıcılığında daha çox milli dəyərlərimizin yer aldığı Ləman Məmmədova bu natürmortunda qədim xalça nümunələrimiz fonunda məişət əşiyalarımız və səməni ilə Novruz şirniyyatları zəngin rəng koloriti ilə təsvir olunub. Rəssam natürmort janrının imkanlarından istifadə edərək Azərbaycanın qədim mədəniyyətını, adət-ənənələrini bu əsər vasitəsilə əks etdirmişdir. Onun “Tonqal” əsəri gecə ay işığında tünd və açıq rənglərin təzadı ilə realist janrda yaradılmışdır

Azərbaycan təsviri incəsənətimizə zəngin töhvələr vermiş rəssamlarımızın Novruz adətənənələrinə, qayğılarına, tarıxinə, fəlsəfəsinə həsr etdikləri əsərlər etnoqrafiyamızın zənginliyini əks etdirən mənəvi qaynaq kimi qeyd etmək olar. Xalqımızın çox sevdiyi bu bayrama həsr olunmuş əsərlər tariximizin, milli-mənəvi dəyərlərimizin tədqiqi, tanıdılması, təbliği və yaddaşımızda əbədiləşməsi, gələcək nəsillərə ərməğan edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Həbibə Rəşad qızı Allahverdiyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: