Şəfiqə Qasımova 1924-cü il dekabrın 5-də Bakı şəhərində anadan olub.
O, sənət fəaliyyətinə 14 yaşında başlayıb. Maestro Niyazinin bədii rəhbər, Həbib İsmayılovun isə baş rejissor olduğu Musiqili Komediya Teatrının xorunda çalışıb. 1942–1949-cu illərdə xor truppasının üzvü olub. 1951-ci ildə isə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilib və burada aparıcı rolların ifaçılarından birinə çevrilib.
Aktrisa “Ulduz”, “Qayınana” və digər tamaşalarda çıxış edib. O, Səməd Vurğunun “Vaqif” dramında Xuraman, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərində isə Gülnisə obrazlarını uğurla canlandırıb. Gülnisə roluna görə Cəfər Cabbarlı adına mükafata layiq görülüb.
Şəfiqə Qasımova teatr səhnəsi ilə yanaşı, Azərbaycan kinosunda da yaddaqalan obrazlar yaradıb. O, Həbib İsmayılovun “Ögey ana” filmində Zeynəb, Tofiq İsmayılovun “Vulkana doğru” və “Bizim məhəllənin uşaqları” filmlərində isə ana obrazlarını canlandırıb.
1960-cı ildə ona Azərbaycan SSR əməkdar artisti fəxri adı verilib.
Şəfiqə Qasımova 2008-ci il aprelin 3-də, 83 yaşında vəfat edib.
Nurtac İsmayılova
