Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovla yaxından tanışlığımız Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantı olduğum illərə (2013-2018) təsadüf edir. Tədqiqata başladığım vaxtlarda “Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaların bədii tərtibatı” mövzusunda olan dissertasıya işimə aid ədəbiyyatların, materialların izinə düşərək muzeylərdə, rəssam emalatxanalarında tədqiqatdan əlavə olaraq bütün incəsənət sahələrini özündə birləşdirən teatr və onun tarixini, oradakı yaradıcı kollektivin fəaliyyətini araşdıran teatrşunaslarla görüşlərimiz oldu.
Ulu öndərimizin “xalqın ümumi zəkasını, ağ¬lını birləşdirən böyük bir sərvəti” adlandırdığı AMEA-nın Naxçıvan bölməsinə bu məqsədlə yol aldım. Qayğikeş, hümanist mühiti olan AMEA-nın Naxçıvan bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunu Musiqi və teatr şöbəsinin müdiri vəzifəsində çalışan Əli müəllimlə görüşdüm. Səmimi, təvazökar, təmkinli insan olan Əli müəllim müxtəlif illərdə qələmə aldığı “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı” (2004, 410 s.), “Naxçıvan teatrı: intibah yollarında (1883-1920)” (2008, 160 s.) kitabini hədiyyə etdi. Digər əsərləri – “Naxçıvan teatrı müstəqillik illərində - 1991-2008” (2008, 100 s.) kitabı, Azərbaycan Respublikası Prezidentinin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında” 6 fevral 2008-ci il tarixli Sərəncamına, bu sənəddən irəli gələrək təsdiq olunmuş “Tədbirlər Planı”na əsasən hazırlanmış və hazırlanmasında böyük əməyi olduğu “Naxçıvan teatrının salnaməsi” (2008, 740 s.) adlı ensiklopedik nəşrin, eləcə də Naxçıvan teatr rəssamları haqqında yazdığı müxtəlif elmi məqalələri– “Səməd Vurğunun əsərlərinə rəssam Məm¬məd Qasımovun verdiyi tərtibat haqqında”, (2003), “Məmməd Qasımovun “Vaqif” və “Fər¬had və Şirin” tamaşalarına verdiyi tərtibat haqqında” (2004), “Görkəmli və fədakar teatr rəssamı” (2012), “Naxçıvan rəssamlıq məktəbinin yetirməsi” (2013) adlı əsərləri ilə tanış etdi. Naxçıvan teatrının tarixi, yaradıcı mühiti, rəssamları haqqında tədqiqat aparmış alimlə görüşmək, onun səbrli, qayğılı münasibəti və bu kimi elmi mənbələrlə tanışlıq mənim üçün çox qiymətli idi. Onun bir ağsaqqal elm xadimi kimi təmkinlə hər bir elmi əsəri haqqında geniş məlumat verməsi, mənə tədqiqat yönümlü müxtəlif tövsiyə və məsləhətləri gənc tədqiqatçıya olan qayğısının, diqqətinin nümunəsi, elmə, sənətə olan sevgisinin, örətməyə olan həvəsinin bariz nümunəsi kimi yaddaşıma həkk oldu. Sonrakı illərdə arxiv materialları əsasında dərin, elmi nəzəri təhlillərlə qələmə aldığı “Hüseyn Cavid və Naxçıvan teatrı” (2017, 120 s.), “Naxçıvan teatrına dair tədqiqlər” (2017, 270 s.), “Təbriz teatrı və Böyükxan Naxçıvanski” (2019, 224 s.), “Naxçıvan teatrında rejissor sənəti” (2020, 448 s.) adlı elmi əsərləri sənətşünas alıimin yorulmaz fəaliyyətinin əsas göstəricisidir.
Teatrşünas alim elm yolunda fəaliyyətini indi də davam etdirir. Onun yeni nəşr olunmuş rəyçisi olduğum “Naxçıvan teatrında rəssam işi” adlı monoqrafiyası Naxçıvan teatr səhnəqrafiyasının tarixi inkişaf yolunu araşdırmış, orada fəaliyyət göstərmiş rəssamların yaradıcılığının üslub xüsusiyyətlərini təhlil edərək Azərbaycan incəsənətinə, xüsusilə də Naxçıvan teatr səhnəqrafiyasına böyük töhfə olan dəyərli, çox samballı əsər ortaya qoymuşdur.
Əli Qəhrəmanov eyni zamanda gözəl ictimaiətçidir. Müxtəlif tədbirlərinin, sərgilərin, konfransların iştirakçısıdır. O, həm də qayğıkeş ata və nəvələri üçün gözəl babadır. Əli müəllimin ailəsində onun elm yolunu davan etdirən gənc alim yetişir. Gələcəyin elm və pedaqoji kadrlarını yetişdirən Naxçıvan Müəllimlər İnstitutunun “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə magistraturasının sonuncu kursunda təhsil alan yüksək etik mədəniyyəti, gözəl insani keyfiyyətləri, xarakteri, savadı və qabiliyyəti ilə müəllim və tələbələr arasında hörmət qazanmış Toğrul Əsgərov estafeti davam etdirəcək.
Bu gün Əli Kətan oğlu Qəhrəmanov 80 illik yubileyini qeyd edir. 06 aprel tarixində yetirdiyi incəsənət xadimlərinin, alimlərin, rəssamların çoxluğu ilə seçilən, qədim yurd yerlərindən olan Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun və onun ən ucqar kəndlərindən biri olan Biçənəkdə dünyaya gələn alimi 80 illik yubileyi münasibəti ilə təbrik edir, Şahbuz dağları kimi məğrur, şərəfli ömür yolu keçmiş sənətşünas alimə sənət ətirli elm yolunda uğurlu fəaliyyətinin davamını, sağlıqlı uzun ömür arzu edirik.
Həbibə Rəşad qızı Allahverdiyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı
