Ordubadda yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsi bərpa olunacaq - FOTOLAR
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinə həsr olunan geniş müzakirə keçirilib.
Bölmənin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, tədbirdə abidənin mövcud vəziyyəti, tarixi əhəmiyyəti və gələcək qorunma perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsini icra edən, nazir müavini Həsən Seyidov qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naxçıvan Muxtar Respublikasında tarix-memarlıq abidələrinin qorunması, bərpası və konservasiyası istiqamətində sistemli və məqsədyönlü işlər həyata keçirilir. O vurğulayıb ki, bu fəaliyyətlər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunan strateji sənədlər çərçivəsində daha da sürətləndirilib.
Həsən Seyidov çıxışında xüsusi olaraq Prezidentin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edib. Bildirib ki, proqramda nəzərdə tutulan tədbirlər nəticəsində muxtar respublika ərazisində yerləşən çoxsaylı tarix-memarlıq abidələrinin bərpası istiqamətində ciddi irəliləyişlər əldə olunub.
Nazir müavini Ordubad Tarix-Memarlıq Qoruğu haqqında da məlumat verib. Bildirib ki, bu qoruq regionun ən mühüm mədəni irs obyektlərindən biridir. Qoruq ərazisində aparılan kompleks bərpa və konservasiya işləri həm milli irsin qorunması, həm də beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Həsən Seyidov qeyd edib ki, 2026-cı ildə qoruğun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi mühüm nailiyyətlərdən biridir. Bununla yanaşı, hələ 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilməsinin də bu abidənin beynəlxalq əhəmiyyətini bir daha təsdiqlədiyini vurğulayıb.
Tədbir çərçivəsində Həsən Seyidov “Mədrəsə” tarix-memarlıq abidəsinin mövcud vəziyyətini əks etdirən slayd təqdimatı ilə çıxış edib. Abidənin müxtəlif rakurslardan çəkilmiş görüntüləri nümayiş olunub, onun memarlıq xüsusiyyətləri, tarixi qatları və bərpa ehtiyacları ətraflı şəkildə izah edilib.
Bildirilib ki, “Mədrəsə” abidəsi Ordubadın zəngin memarlıq irsini özündə əks etdirən nadir nümunələrdən biridir. Abidənin plan quruluşu, daxili həyət sistemi və tikinti materialları dövrünün memarlıq xüsusiyyətlərini aydın şəkildə nümayiş etdirir. Uzun illər ərzində təbii aşınma və müxtəlif təsirlər nəticəsində müəyyən dərəcədə zədələnən abidənin bərpası həm tarixi görkəminin qorunması, həm də gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
“Mədrəsə” abidəsinin bərpası yalnız tarixi irsin qorunması baxımından deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.