Türkoloji qurultayın ideyaları kontekstində türkdilli xalqların folkloru

A- A A+

1926-cı ildə Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultaydan 100 il ötür. “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamda qeyd edildiyi kimi, Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi edib.

Birinci Türkoloji Qurultayda Azərbaycan, Türkiyə, Orta Asiya respublikaları, Gürcüstan, Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan, Altay Muxtar respublikalarından, Yakutiyadan 131 nəfər görkəmli dilçi, ədəbiyyatçı, tarixçi, etnoqraf alimlər, tanınmış şair və yazıçılar iştirak ediblər. Bu mühüm tədbir çərçivəsində 17 iclas keçirilib. İclaslarda Türk dünyasının dili, tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyəti ilə bağlı 38 məruzə təqdim olunub. Qurultayda ortaq tarix, ədəbiyyat, terminologiya, orfoqrafiya, etnoqrafiya məsələləri müzakirə olunub, türkologiya elminin əsasları yaradılıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamı ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə malik olan türk xalqlarının bu gün qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açdı. Qurultayın tarixi dərslərinin öyrənilməsi, ənənələrinin yaşadılması və yeni nəsillərə çatdırılması müasir dövr üçün aktualdır. Dövlət başçımızın Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyində, Elm və Təhsil Nazirliyində, Milli Elmlər Akademiyasında geniş tədbirlər planı hazırlanıb həyata keçirilməkdədir.

Birinci Türkoloji Qurultay 1926-cı ilin fevral-mart aylarında Bakı şəhərində keçirilmiş və türk dünyasının ilk genişmiqyaslı elmi toplantısı XX əsrin əvvəllərində baş verən böyük siyasi və mədəni dəyişikliklər fonunda təşkil olunmuşdur. Xüsusilə Rusiya imperiyasının süqutundan sonra türk xalqları arasında milli oyanış, dilin inkişafı və mədəni özünüdərk prosesi güclənmişdi. Bu şəraitdə ortaq problemlərin müzakirəsi üçün vahid elmi platformaya ehtiyac yaranmışdı. Qurultayda Sovet İttifaqı daxilində yaşayan türk xalqlarının nümayəndələri ilə yanaşı, Türkiyə və Avropadan gəlmiş alimlər də iştirak edirdi. Bu tədbirdə Azərbaycandan: Səməd ağa Ağamalıoğlu (rəyasət heyətinin sədri), Bəkir Çobanzadə, Ruhulla Axundov, Həbib Cəbiyev, Mustafa Quliyev, Hənəfi Zeynallı, Xalid Səid Xocayev, Fərhad Ağazadə; Türkiyədən: Mehmed Fuad Köprülü, Əli bəy Hüseynzadə; Rusiya və digər bölgələrdən: Vasili Bartold, Sergey Oldenburq, Aleksandr Samoyloviç, Nikolay Marr, İlya Borozdin, Teodor Menzel, Sergey Malov və başqaları iştirak etmişdir.

Bəkir Çobanzadə və Ziya Gökalp davamçıları, eləcə də bir çox dilçi, ədəbiyyatşünas və tarixçilər bu qurultayın təşkilində və icrasında mühüm rol oynamışdırlar. Bəkir Çobanzadə XX əsrin əvvəllərində türkoloji elmin ən nüfuzlu nümayəndələrindən biri olmuş, Krım tatarı əsilli alim, dilçi və ədəbiyyatşünas kimi qurultayda ortaq əlifba və dil problemləri üzrə mühüm məruzələr etmişdir. Onun əsas fəaliyyət sahələri: Türk dillərinin müqayisəli tədqiqi, Dialektologiya (ləhcələrin öyrənilməsi), Əlifba və dil islahatı məsələləri idi. O, türk xalqları arasında elmi birlik ideyasını müdafiə edirdi. Onun elmi yanaşması müasir türkologiyanın əsasını qoyan istiqamətlərdən biri hesab olunur. Təəssüf ki, 1930-cu illərdə repressiyalara məruz qalmış və həyatını faciəli şəkildə itirmişdir. 

Ziya Gökalp isə türk dünyasının ən mühüm ideoloqlarından və fikir adamlarından biri olmuşdur. O, Osmanlı imperiyasının son dövründə və Türkiyə Cümhuriyyətinin formalaşması mərhələsində böyük təsirə malik olmuşdur. Onun əsas ideyaları: Türkçülük (türk milli kimliyi ideyası), Mədəni birlik və ortaq dəyərlər, Dilin sadələşdirilməsi və milliləşdirilməsi idi. Onun ən məşhur əsərlərindən biri “Türkçülüyün əsasları”dır ki, bu əsərdə o, türk xalqlarının ortaq mədəni və mənəvi dəyərlər əsasında birləşməsini əsaslandırmışdır. Qeyd edək ki, Ziya Gökalp 1924-cü ildə vəfat etdiyi üçün Birinci Türkoloji Qurultayda şəxsən iştirak etməmişdir. Lakin onun ideyaları qurultayın ruhuna və müzakirələrinə ciddi təsir göstərmişdir. Ümumilikdə hər iki şəxs türk dünyasının intellektual tarixində mühüm yer tutmuşdur: Bəkir Çobanzadə elmi türkoloji araşdırmaların aparıcı siması, Ziya Gökalp isə türk milli ideologiyasının əsas qurucularından biri kimi türk xalqları arasında: dil birliyi, mədəni yaxınlaşma, elmi əməkdaşlıq kimi istiqamətlərin formalaşmasına güclü təsir etmişdir. Bu şəxsiyyətlər Birinci Türkoloji Qurultay kimi mühüm tədbirlərin ideya əsaslarını formalaşdıraraq türk dünyasının həm elmi, həm də mədəni inkişafına böyük töhfə vermişdirlər.

İlk qurultayda müzakirə olunan əsas məsələlər bunlar idi:

1. Əlifba islahatı - burda ən mühüm məsələlərdən biri ərəb əlifbasından latın qrafikasına keçid idi. Bu təşəbbüs savadlılığın artırılması və ortaq yazı sisteminin yaradılması məqsədi daşıyırdı.

2. Ortaq ədəbi dil problemi - Türk xalqları arasında ünsiyyəti asanlaşdırmaq üçün ortaq ədəbi dil məsələsi müzakirə olunurdu. Bu, həm elmi, həm də mədəni inteqrasiyanın əsas şərti kimi qəbul edilirdi.

3. Folklor və ədəbiyyatın toplanması - Qurultayda folklor nümunələrinin dastanlar, nağıllar və xalq şeirlərinin toplanması və sistemləşdirilməsi xüsusi vurğulanmışdır. Bu kontekstdə “Kitabi-Dədə Qorqud” kimi abidələrin əhəmiyyəti qeyd olunmuşdur.

4. Terminologiya və elmi dil - müxtəlif sahələr üzrə ortaq terminologiyanın yaradılması məsələsi də gündəmdə idi. Qurultayın ən mühüm nəticələrindən biri latın əlifbasına keçid ideyasının geniş dəstək qazanması oldu və bu qərar sonrakı illərdə Azərbaycan, Türkiyə və digər türk respublikalarında həyata keçirilən islahatlara ciddi təsir göstərdi.

Bundan əlavə: folklorun sistemli şəkildə toplanması təşviq edildi, türkoloji tədqiqatların inkişafı üçün əsas yaradıldı, türk xalqları arasında elmi əlaqələr gücləndi. Qurultay yalnız dil məsələləri ilə məhdudlaşmamış, həm də mədəni irsin, xüsusilə musiqi və folklorun qorunmasına diqqət çəkmişdir. Bu baxımdan: “Muğam” kimi mürəkkəb və zəngin musiqi sistemləri, Aşıq sənəti kimi şifahi ənənələr türk dünyasının ortaq mədəni sərvəti kimi qiymətləndirilmişdir. 

Birinci Türkoloji Qurultay türk dünyasının tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Onun 100 illiyi yalnız keçmişin xatırlanması deyil, həm də gələcək üçün strateji istiqamətlərin müəyyənləşdirilməsidir. 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq dil, tarix və mədəniyyət məsələlərini elmi əsaslarla araşdırmaq baxımından mühüm mərhələ olmuşdur. Qurultayın ideyaları bu gün türkdilli xalqların folklorunun müqayisəli şəkildə öyrənilməsinə də zəmin yaradır. Folklor isə yalnız keçmişin mirası deyil, həm də milli kimliyin canlı daşıyıcısıdır.

Türkdilli xalqların folkloru ortaq tarixi və etno-mədəni köklərə əsaslanır. Bu baxımdan Kitabi-Dədə Qorqud bütün türk dünyasında qəbul edilən ən mühüm epik abidələrdən biridir. Burada əks olunan qəhrəmanlıq, ailə dəyərləri, igidlik və mənəvi bütövlük motivləri Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan kimi ölkələrin folklorunda da geniş yayılmışdır. Məsələn, qırğızların “Manas” dastanı ilə Azərbaycan dastanları arasında qəhrəmanlıq və tayfa birliyi ideyaları baxımından böyük oxşarlıqlar mövcuddur. Bu, türkoloji tədqiqatlarda “ortaq mifoloji yaddaş” anlayışı ilə izah olunur.

Türkdilli xalqlar arasında musiqili-poetik ənənə geniş yayılmışdır. Azərbaycanda və Anadoluda Aşıq sənəti inkişaf etdiyi halda, Qazax və qırğızlarda bu ənənə “akın” və “manasçı” kimi formalaşmışdır.

Bu ənənələrin ortaq cəhətləri:

İmprovizasiya (bədahətən şeir demək)4

Saz və ya komuz kimi alətlərin müşayiəti;

Xalqın problemlərini və hisslərini ifadə etmək.

Lakin bu oxşarlıqla yanaşı fərqli cəhətlər də mövcuddur. Məsələn, Azərbaycan aşıqları daha çox lirik və məhəbbət mövzularına üstünlük verdiyi halda, qırğız manasçıları epik və qəhrəmanlıq motivlərinə daha çox yer verirlər. Qazax akınları isə ictimai-satirik mövzulara meyillidirlər. Bu fərqlər regionların tarixi inkişafı və sosial strukturları ilə bağlıdır.                        

Türk xalqlarının musiqi folkloru da ortaq və fərqli xüsusiyyətlərə malikdir. Muğam Azərbaycan musiqisinin əsasını təşkil etdiyi halda, Orta Asiyada pentatonik sistem üstünlük təşkil edir. Muğamın kökləri qədim Şərq musiqi ənənələrinə, xüsusilə ərəb-fars maqam sisteminə qədər gedib çıxır, lakin zamanla yerli türk elementləri ilə sintez olunaraq özünəməxsus forma almışdır. Dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” əsərində muğamı yalnız musiqi sistemi deyil, həm də estetik-fəlsəfi düşüncə forması kimi xarakterizə edir. Tarixi baxımdan muğam şəhər mədəniyyəti ilə daha sıx bağlı olmuş, saray və məclis mühitində inkişaf etmişdir. Bu isə onun strukturunun mürəkkəbləşməsinə və peşəkarlaşmasına şərait yaratmışdır. Orta Asiya türklərinin musiqisində isə əsasən pentatonik (beşsəsli) sistem üstünlük təşkil edir. Bu sistem Qazaxıstan, Qırğızıstan və Monqolustan ərazilərində yaşayan xalqların musiqisində geniş yayılmışdır. Elmi baxımdan bu sistem daha qədim hesab olunur və ilkin türk musiqi təfəkkürünün izlərini qoruyub saxlayır. Köçəri həyat tərzi, geniş çöl mühiti və kollektiv həyat forması bu musiqinin sadə, lakin ekspressiv olmasına səbəb olmuşdur. Muğam və pentatonik sistem arasında fərqlər yalnız texniki deyil, həm də sosial-mədəni xarakter daşıyır: hər ikisi şifahi ənənəyə əsaslanır, improvizasiya əsas rol oynayır, musiqi kollektiv yaddaşın daşıyıcısıdı. 

Zamanla qərbə doğru hərəkət edən türk xalqları Yaxın Şərq və Qafqaz mədəniyyətləri ilə qarşılıqlı təsirdə olmuş, nəticədə daha mürəkkəb musiqi sistemləri formalaşdırmışdır. Şərqdə qalan xalqlar isə daha konservativ musiqi ənənələrini qoruyub saxlamışdır. 

Üzeyir Hacıbəylinin tədqiqatlarında qeyd olunur ki, Azərbaycan musiqisi Şərq və türk elementlərinin sintezidir, bu isə onu digər türk musiqilərindən qismən fərqləndirir. Türkdilli xalqların folklor janrları da böyük ölçüdə oxşardır: Nağıllar, Dastanlar, Atalar sözləri, Bayatılar və Qoşmalar. Məsələn, Azərbaycan bayatıları ilə Anadolu maniləri arasında struktur və məzmun baxımından ciddi oxşarlıqlar mövcuddur. Hər ikisi qısa, lakonik və emosional ifadə formasıdır.

Lakin fərqlər də diqqətəlayiqdir:

Orta Asiya folklorunda şamanizm elementləri daha güclüdür;

Anadolu folkloru İslam təsiri ilə daha çox dini motivlər daşıyır;

Azərbaycan folkloru isə bu iki istiqamətin sintezini təşkil edir.

Türkdilli xalqların folklor janrları, nağıllar, dastanlar, atalar sözləri, bayatılar və qoşmalar ortaq tarixi köklərdən qaynaqlanaraq əsrlər boyu inkişaf etmiş və müxtəlif coğrafiyalarda fərqli çalarlar qazanmışdır. Bu janrların hər biri həm qədim mifoloji düşüncənin, həm də sonrakı ictimai-mədəni proseslərin məhsuludur. Nağıllar türk folklorunun ən qədim janrlarından biri olub, ilkin mərhələdə mifoloji dünyagörüşü əks etdirmişdir. Qədim dövrlərdə insanlar təbiət hadisələrini izah etmək üçün simvolik hekayələr yaradırdılar. Bu hekayələr zamanla inkişaf edərək məişət, əxlaq və sosial münasibətləri əks etdirən nağıllara çevrilmişdir.

Türk xalqlarında ortaq nağıl motivləri:

Sehrli köməkçilər (quşlar, divlər, pərilər); 

Yaxşı ilə pisin mübarizəsi;

Qəhrəmanın sınaqlardan keçməsi.

Məsələn, Azərbaycan nağıllarında “Məlikməmməd”, Anadolu nağıllarında “Keloğlan” obrazı, Orta Asiyada isə oxşar qəhrəman tipajları bu ortaq strukturun nümunəsidir. Bu paralellər folklorun ortaq mifoloji köklərini sübut edir.

Dastanlar türkdilli xalqların kollektiv yaddaşını və tarixi təcrübəsini əks etdirən epik janrdır. Onların formalaşması əsasən tayfa birliklərinin və erkən dövlətlərin yaranması dövrünə təsadüf edir.

Bu baxımdan Kitabi-Dədə Qorqud türk dünyasının ən mühüm epik abidələrindən biridir. Eyni zamanda qırğızların “Manas”, qazaxların “Alpamış” dastanları ilə struktur və məzmun baxımından oxşarlıq təşkil edir. Tarixi baxımdan dastanlar əvvəlcə ozanlar tərəfindən şifahi şəkildə ifa olunmuş, daha sonra yazıya alınaraq ədəbi abidəyə çevrilmişdir.

Atalar sözləri uzun tarixi təcrübənin nəticəsi olaraq formalaşmış qısa və dərin mənalı ifadələrdir. Onların kökləri qədim tayfa həyatına və kollektiv düşüncə sisteminə gedib çıxır. Türkdilli xalqlar arasında oxşar məzmunlu atalar sözlərinə tez-tez rast gəlinir:

Azərbaycan: “Dost dar gündə tanınar” 

Türkiyə: “Dost kara günde belli olur” 

Qazax: “Дос қиындықта сыналады” 

Bu paralellər göstərir ki, müxtəlif coğrafiyalarda yaşayan türk xalqları eyni həyat təcrübəsini bənzər şəkildə ifadə etmişdir.

Bayatılar və qoşmalar: lirik xalq poeziyası türk folklorunun lirik qolunu təşkil edir. Bu janrlar xüsusilə Aşıq sənəti ilə sıx bağlıdır. Bayatılar isə daha qədim olub, qısa (4 misralı) və lakonik formaya malikdir. Onlar əsasən sevgi, kədər, ayrılıq və həyat fəlsəfəsini ifadə edir.

Qoşmalar isə daha sonrakı dövrdə inkişaf etmiş və aşıq yaradıcılığının əsas formalarından biri olmuşdur. Burada həm lirik, həm də ictimai mövzular yer alır. Məsələn, Aşıq Ələsgər yaradıcılığında qoşma janrı yüksək poetik səviyyəyə çatmışdır. XX əsrdə keçirilən Birinci Türkoloji Qurultay bu janrların sistemli şəkildə araşdırılmasına və müqayisəli folklorşünaslığın inkişafına böyük təkan vermişdir.

Bəli, Birinci Türkoloji Qurultay zamanı irəli sürülən ortaq mədəni irs ideyası bu gün folklorun müqayisəli öyrənilməsində öz əksini tapır. Folklor, türk xalqları arasında körpü rolunu oynayaraq onların ortaq keçmişini və mədəni yaxınlığını sübut edir. Eyni zamanda, fərqlər bu xalqların zənginliyini və çoxşaxəli inkişafını göstərir. Bu baxımdan folklor həm birləşdirici, həm də fərdiləşdirici funksiyaya malikdir. Folklorun müqayisəli təhlili göstərir ki, türk dünyası vahid mədəni sistem daxilində çoxşaxəli və zəngin irsə malikdir. Bu isə gələcək tədqiqatlar üçün geniş imkanlar açır.

Türkdilli xalqların folkloru ortaq mifoloji köklərdən başlayaraq epik, dini və regional mərhələlərdən keçərək bu günə qədər inkişaf etmişdir. Bu inkişaf prosesi həm davamlılıq, həm də dəyişmə ilə xarakterizə olunur. Ortaq motivlər türk xalqlarının birlik ideyasını gücləndirir, fərqli inkişaf yolları isə bu mədəniyyətin zənginliyini göstərir. Bu baxımdan folklor həm tarixi yaddaş, həm də gələcəyə yönəlik mədəni körpü rolunu oynayır. 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultay yalnız öz dövrünün elmi hadisəsi deyil, həm də bu gün üçün aktual olan strateji mədəni və ideoloji istiqamətlərin əsasını qoymuşdur. Qurultayın əsas ideyaları ortaq dil, mədəni birlik və elmi əməkdaşlıq – XXI əsrdə türkdilli xalqlar arasında münasibətlərin inkişafında mühüm rol oynamaqdadır.

Müasir qloballaşma şəraitində milli və etnik kimliyin qorunması əsas məsələlərdən biridir. Qurultayda irəli sürülən “ortaq türk kimliyi” ideyası bu gün Türk Dövlətləri Təşkilatı kimi qurumların fəaliyyətində öz əksini tapır. Türkdilli xalqlar arasında: ortaq tarix dərsliklərinin hazırlanması, mədəni festivalların təşkili, ortaq media və informasiya məkanının formalaşdırılması kimi təşəbbüslər birbaşa qurultayın ideoloji mirasına əsaslanır.

Qurultayın ən mühüm müzakirə mövzularından biri əlifba islahatı idi. Bu gün də bu məsələ актуallığını qoruyur. Bir çox türkdilli ölkələr latın qrafikasına keçid etmiş və ya bu istiqamətdə islahatlar aparmışdır (məsələn, Azərbaycan, Türkiyə, Özbəkistan). Bu proses: ortaq ünsiyyəti asanlaşdırır, elmi və mədəni əlaqələri gücləndirir, informasiya mübadiləsini sürətləndirir. Beləliklə, qurultayın dil birliyi ideyası müasir texnoloji dövrdə daha praktik əhəmiyyət qazanır.

Qurultay eynizamanda türkoloji elmin institusionallaşmasına təkan verdi. Bu gün müxtəlif ölkələrdə fəaliyyət göstərən universitetlər və elmi mərkəzlər arasında əməkdaşlıq genişlənməkdədir.

Müasir dövrdə: ortaq konfranslar və simpoziumlar keçirilir, elmi jurnallar və layihələr həyata keçirilir, rəqəmsal arxivlər yaradılır. İnternet və rəqəmsal texnologiyalar qurultayın ideyalarını yeni səviyyəyə çıxarmışdır. Artıq ortaq onlayn platformalar, rəqəmsal kitabxanalar, virtual mədəni layihələr vasitəsilə türkdilli xalqlar arasında əlaqələr daha sürətli və effektiv şəkildə qurulur.

Bu gün qurultayın 100 illik yubileyi türk dünyasında geniş şəkildə qeyd olunur. Bu yubiley çərçivəsində: beynəlxalq konfranslar və simpoziumlar keçirilir, elmi nəşrlər və tədqiqatlar hazırlanır, mədəni tədbirlər və sərgilər təşkil olunur. Bu tədbirlər Türk Dövlətləri Təşkilatı və digər qurumların dəstəyi ilə həyata keçirilir.

Musiqi və folklor baxımından Birinci Türkoloji Qurultay türkdilli xalqlar üçün yalnız tarixi bir hadisə deyil, həm də bu günün və gələcəyin inkişaf istiqamətlərini müəyyən edən mühüm ideoloji və elmi platformadır. Onun əsas prinsipləri birlik, ortaq mədəniyyət, elmi əməkdaşlıq və dil yaxınlaşması müasir dövrdə daha da актuallaşmışdır. Bu baxımdan qurultayın mirası türk dünyasının inteqrasiyası və davamlı inkişafı üçün əsas dayaqlardan biri olaraq qalır. 

Məhəbbət Babayeva,

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin direktoru, Əməkdar müəllim 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: