Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 27-də təşkil olunacaq.
Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, altıncı dəfə keçiriləcək sərgi-yarmarka üç gün davam edəcək. Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakla bağlı ərizə-müqavilə formasını Təşkilat Komitəsindən əldə etmək olar. (e-mail: [email protected], tel: 012 493 23 77).
Ərizə-müqavilə ən gec avqustun 31-i tarixinədək Təşkilat Komitəsinə təqdim edilməlidir.
Eyni zamanda ziyarətçi kimi qatılmaq istəyənlər üçün sərgiyə giriş sərbəst olacaq.