Səmimiyyəti və yumoru ilə yadda qalan sənətkar – Telman Adıgözəlov

A- A A+

Azərbaycan teatr və kino sənətində elə simalar var ki, onların adı çəkiləndə insanın üzündə qeyri-ixtiyari təbəssüm yaranır. Bu simalardan biri, bəlkə də ən sevilənlərindən biri səmimiyyəti və bənzərsiz yumoru ilə milyonların rəğbətini qazanan Telman Adıgözəlovdur.

1953-cü ildə Balakən rayonunda dünyaya göz açan Telman Adıgözəlov əslən Ordubaddandır. Ailəsi sovet dövründə bir çox ailələr kimi köçmək məcburiyyətində qalıb. Uşaq yaşlarında xəstələnən Telman müalicə alaraq sağalsa da, qolunda yaranan limfa şişləri həkimləri narahat edib. Onlar iqlim dəyişikliyinin vacib olduğunu bildiriblər. Bu səbəbdən ailə onun sağlamlığı üçün Bakıya köçüb.

Onun sənətə marağı da məhz bu şəhərdə formalaşmağa başlayıb. Uşaqlarla birlikdə teatrdan çıxarkən televiziyadan təklif alması həyatında dönüş nöqtəsinə çevrilib. Telman Adıgözəlov “Evrika” verilişində, “Yasəmən” televiziya teatrında çıxış edib.

1975-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən sənətkar 1980-ci ildən etibarən Azərbaycan Milli Dram Teatrında fəaliyyətə başlayıb. O, “Dəli yığıncağı”, “Xurşidbanu Natəvan”, “Mahnı dağlarda qaldı”, “Maqbet”, “Közərən ocaqlar”, “İblis”, “Vaqif” kimi bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb.

Bununla yanaşı, o, televiziya və kino sahəsində də uğurla fəaliyyət göstərib. “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular”, “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr üzü” kimi ekran işlərində rol alıb.

Onun yaratdığı obrazlar istər klassik dram əsərlərində, istərsə də müasir komediyalarda özünəməxsusluğu ilə seçilib və tamaşaçıların yaddaşında silinməz iz buraxıb.

2010-cu il aprelin 15-də sənətkarın qəfil vəfatı ailəsini və sevənlərini dərindən sarsıdıb. Telman Adıgözəlov “Azərbaycan Respublikasının əməkdar artisti” və “Azərbaycan Respublikasının xalq artisti” fəxri adlarına layiq görülüb.

Nurtac İsmayılova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: