Folklorumuz “Molla Nəsrəddin”in dili ilə

A- A A+

Hər xalqın özünəməxsus şifahi söz xəzinəsi var. Hələ lap qədim dövrlərdə yaşamaq uğrunda mübarizə aparan, təbiətdən maddi nemətlər əldə etməyə çalışan insanlar özlərinin ilk bədii söz xəzinəsini də yaradıblar.

Azərbaycan xalqının da çox qədim dövrlərdən başlayaraq yaranan şifahi söz yaradıcılığı ağızdan-ağıza, nəsildən-nəslə keçərək, cilalanıb büllurlaşaraq indiki dövrümüzə qədər gəlib çatıb. Şifahi xalq ədəbiyyatı hər bir xalqın yazılı ədəbiyyatının ayrılmaz tərkib hissəsi, onun başlanğıcıdır. Folklorşünaslıq isə geniş mənada, ədəbiyyatşünaslığın bir hissəsi, xalqın şifahi yaradıcılığının tarixi inkişaf mərhələlərini, onun ədəbi növ və janrlarının xüsusiyyətlərini öyrənən elmdir. Tanınmış yazıçı və şairlərimiz də həmin folklora əsaslanaraq yazıb-yaradıb, xalq tərəfindən seviliblər.

XX əsr Azərbaycan xalq ədəbiyyatını demokratik cəbhədən təhlil edən, ona qiymət verən və özünün bədii yaradıcılığında folklordan səmərəli istifadə edən görkəmli ədib, mollanəsrəddinçilər məktəbinin banisi və özünün ölməz əsəri ilə hər zaman yaddaşlarda yaşayan  Cəlil Məmmədquluzadədir. Cəlil Məmmədquluzadə bütün ömrü boyu ədəbiyyatın demokratik cəbhəsində ön sırada dayanan nəzəri fikirləri ilə yanaşı, bədii əsərlərində də xalq yaradıcılığının mütərəqqi xüsusiyyətlərini yazılı ədəbiyyata nümunə kimi göstərib. Böyük ədib “Molla Nəsrəddin” jurnalının ilk nömrəsində mövcud ədəbi dillə canlı danışıq dili arasında olan “uçurumu” aradan qaldırmağa çalışıb. Məlumdur ki, XX əsrin əvvəllərindən vahid Azərbaycan ədəbi dili yaratmaq uğrunda gedən mübarizədə mollanəsrəddinçilər xalq dilini, bu dildə yazan yazıçıları müdafiə və təbliğ ediblər.

Mirzə Cəlil felyetonlarında, hekayə və pyeslərində dəfələrlə bu mövzuya müraciət edib, hər yerdə klassik şeirin, həmin şeirə istinad olunaraq yaranan müasir poeziyanın ərəb-fars tərkibləri ilə dolu ağır dilinə qarşı mübarizə apararkən xalqın canlı danışığından, Azərbaycan folklorundan nümunələr gətirib. Ədib geniş xalq kütləsinin bədii yaradıcılığını, xalqın arzu və istəklərini əks etdirən, sadə xalq dilində yeni yaranan əsərlərin yazılmasının zəruri olduğunu bildirib. Bu barədə Cəlil Məmmədquluzadə yazırdı: “Hər şeydən əvvəl, xalqın başa düşdüyü dildə yazıb-yaratmaq lazımdır, dolaşıq cümlələr, mənasız cümləpərdazlıq, real zəminə əsaslanmayan bədii yaradıcılıq estetik zövq vermir, belə əsərləri dinləmək və oxumaq olmur”.

Cəlil Məmmədquluzadənin “Şeir bülbülləri” hekayəsində qabardılan məsələ daha canlı və dramatik şəkildə əks etdirilib. Ədib burada heç kəsin başa düşmədiyi sözləri əzbərləyib, ondan uzun-uzadı söhbət açan bir ziyalıdan bəhs edir. Onun oxuduğu hər dəqiqə “qiyamətdir, heç bir şair belə deməyib”-deyə, təriflədiyi şeirlər xalq ədəbiyyatı ilə qarşılaşdırılır. Yazıçı,  beləliklə, folklorun təsir gücünü, onun xalqın həyatında oynadığı rolu diqqətə çatdırır.

C.Məmmədquluzadə jurnalist fəaliyyətində də folklorumuzun rəngarəng janrlarından, xüsusən atalar sözü və məsəllərdən geniş istifadə edib. C.Məmmədquluzadə məşhur jurnalını  heç də təsadüfi  olaraq  lətifə qəhrəmanı Molla Nəsrəddinin adı ilə adlandırmayıb. O, xatirələrində bu haqda yazırdı: “...Jurnal üçün bundan yaxşı ad tapmaq çətin idi”.

Azərbaycan ədəbiyyatının canlı xalq həyatına daha da yaxınlaşmasında və Azərbaycan ədəbi-bədii dilində əsl xəlqilik prinsipinə əsaslanmasında “Molla Nəsrəddin” jurnalının çox böyük xidməti var.  Mollanəsrəddinçilər jurnalın ruhuna uyğun olaraq atalar sözlərini, lətifələri dəyişdirir, alınan əks mənanın doğurduğu gülüş onların idealını, tənqid hədəfini müəyyənləşdirirdi. Məsələn:

Xalqda

Anlayanın qulu ol, anlamayanın ağası.

Çox oxuyan çox bilməz, çox gəzən çox bilər.

Tısbağa qınından çıxdı, qınını bəyənmədi.

“Molla Nəsrəddin”də

Anlayana da qul ol, anlamayana da.

Çox oxuyan çox bilməz, çox yatan çox bilər.

Tısbağa qınından çıxsa, obrazovannı olar.

“Molla Nəsrəddin”in atalar sözləri vasitəsilə ictimai münasibətlərdə, əxlaq və şüurlarda olan müxtəlif  nöqsanlar tənqid olunurdu. Xalq üslubu “Molla Nəsrəddin” jurnalının qanına hopmuşdu ki, bu da onun xalq kütləsi tərəfindən sevilməsi səbəblərindən biri idi. Məhz bu sevgi ilə də “Molla Nəsrəddin” də, Mirzə Cəlil də hər zaman xoş xatirələrlə anılır.

 

Tərifə Məmmədova

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: