Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam!
Nə cahanlara, nə də ki, məkanlara sığdı böyük ustad. Dövrünün çətin qayda-qanunlarından, insan oğlunun kor xislətindən yazaraq öz təbiri ilə desək cahil insanları ayıltmağa çalışan Nəsiminin ruhu bu gün kamillik zirvəsindən Azərbaycana boylanır. Bu ilin ölkəmizdə Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Şairin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlərin bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı “ənəlhəq” deyən insanın möhtəşəm üsyanı idi. Nəsimi ili çərçivəsində Nəsimi fəlsəfəsini dərk etmək, onun ədəbiyyatımız, dilimiz və dövlətçiliyimiz qarşındakı xidmətlərini öyrənmək həmdə gənclərin üzərinə düşən başlıca vəzifədir. Bütün bunları bilməklə gənclik və gələcək nəsil Azərbaycan dilini sevəcək, qoruyacaq, inkişaf etdirəcəkdir. Nəsiminin hansı şəraitdə böyüməsi, onun ailəsi, həmin dövrdə ölkə coğrafiyasının sərhədləri kimi adət-ənənələr də öyrənilməlidir. Çünki Nəsimini yetişdirən bir xalqın tarixidir bunlar. Ona görə də “Nəsimi İli” çərçivəsində işlər təkcə dilçilərin, filoloqların yox, eyni zamanda tarixçilərin, sosioloqların, etnoqrafların üzərinə düşəcək.
“Nəsimi” filmi
Əslində Nəsimi fəlsəfəsini dərk etmək o qədər də asan deyil çünki şair söz yığını yazmayıb, yazdığı hər kəlmə ilə insanı dərindən düşünməyə vadar edib. Şairin irsini öyrənmək, onun keşməkeşli, lakin şərəfli həyat yoluna nəzər salmaq üçün əla vasitə “Nəsimi” filmini izləməkdir. Bütün dünya ekranlarında sevilən və seçilən “Nəsimi” filmi yazıçı İsa Hüseynovun “Məhşər” romanı əsasında lentə alınıb. Film dövlət tərəfindən Heydər Əliyevin göstərişi əsasında Nəsiminin 600 illiyinə həsr olunub. Filmin rejissorluğu Ulu öndər Heydər Əliyevin istəyi ilə Həsən Seyidbəyliyə həvalə olundu. Amma məsələ burasındadır ki, ümummilli lider Heydər Əliyevin sovetlər dönəmində bu filmi israrla çəkdirməkdə məqsədi nə idi? Film doğurdanda bizə Nəsiminin təbirini, onun fəlsəfəsini aşılayır. Filmdə Nəsiminin Şirvan şahını müharibə fikirlərindəndaşındırması, şaha qılıncdan kəskin olan qələmin və ağılın varlığını sübut etməsi Azərbaycan xalqının kamilliyinin ifadəsidir. Nəsimi və ustadı Fəzlullah Nəimi Azərbaycanın bütün əyalətlərində insanları kamilliyə və biliyə səsləyirdi. “Bizim qılıncımız taxtadandır, qan tökmək üçün deyil rəmzi qılıncıdır” deyən Nəsimi insanları müharibənin dəhşətindən yayındırırdı. İstedadlı aktyorumuz Rasim Balayevin ifasında Nəsimi obrazı o qədər təbii alınıb ki, filmə baxan hər kəs Nəsimini sanki öz gözləri ilə görür. Film həmdə bizə onu aşılamağa çalışır ki, bu sənət əsərində istifadə olunan danışıq tərzləri, sadə dildə danışma eyni zamanda klassik Azərbaycan dilinə qayıdışdır. Azərbaycan dilinin ərəb və fars dilləri ilə mübarizədə qalib çıxması, dilimizin elm, ədəbiyyat dili kimi işlənməsi XIII-XIV əsrlərlə, yəni İzzəddin Həsənoğlu və İmadəddin Nəsimi kimi sənətkarların yetişməsi ilə bağlıdır. Yəni bu əsərləri ədəbiyyatşünaslar əbəs yerə “Nəsimi mərhələsi” adlandırmır. Filmdə Nəsiminin tez-tez qəzəl söyləməsi Azərbaycan dilindən vaxtı ilə Nəsiminin necə məharətlə istifadə etməsi deməkdir.
Üzünü məndən nihanеtməkdilərsən, еtməgil!
Gözlərim yaşın rəvan еtməkdilərsən, еtməgil!
Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi biхanimanеtməkdilərsən, еtməgil!
Nəsimi filmində qabardılan əsas cəhətlərdən biri də Nəsimi fəlsəfəsində “mənin” dərk olunmasıdır. Bu gün psixologiya elmində tez-tez istifadə olunan “mənin dərki” anlayışına Nəsimi əsrlər əvvəl müraciət edib, bu səpkidə araşdırmalar aparıb.
Filmin Naxçıvan kadrları
“Nəsimi” filminin Naxçıvanda çəkildiyi məqamlarda var. Filmin yaradıcıları Suraxanı “Atəşgahı”nda, Şirvanşahlar Sarayında, karvansarada bəzi çəkilişləri apardıqdan sonra 1973-cü ilin avqust ayında Naxçıvana gəliblər. Çəkilişlərin aparılacağı yer kimi muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən Əlincə qalası və Əlincəçayın vadisi boyu Xanəgah kəndinə yaxın məkanlar seçilib. Bu məkanların seçilməsində məqsəd hürufilərin bir zamanlar Əlincə qalası ətrafında məskən salması və Xanəgah kəndi ərazisində Fəzlullah Nəiminin dəfn olunmasıdır. Filmdəki Naxçıvan səhnələrində kütləviliyin və döyüş səhnələrinin təbii və canlı alınmasına səbəb həmdə naxçıvanlıların burda yaxından iştirakı olub. Filmə 1000-ə yaxın yerli sakin cəlb olunub. Filmdə Nəsimin Əmir Teymurla dialoqu, Teymurun oğlu Miranşahla qarşılaşdığı səhnələr də Xanəgah kəndi ərazisində və Əlincəçayın sahillərindəçəkilib.
Gənclər Nəsimi ruhunda olsa yaxşı olar
“Nəsimi” filmi keçmiş sovet saxtakarlığı içərisində Nəsimi fəlsəfəsinin əsasında bütöv Azərbaycan mədəniyyətinin təbliği idi. Filmin çəkilişi isə Nəsimi fəlsəfəsini müasirlərə və gələcək nəslə çatdırdı. Bu gün ölkəmizdə, eləcədə Naxçıvan Muxtar Respublikasında Nəsimi irsinin qorunması, onun fəlsəfəsinin, poeziyasının gənclər arasında təbliğində böyük işlər görülür. Naxçıvanda fəaliyyət göstərən orta və ali məktəblərdə “Nəsimi həftələri” təşkil edilir, “Nəsimi” filminin televiziyalarda, kino zallarda mütəmadi nümayişi təşkil edilir. Ancaq Nəsimi fəlsəfəsi, Nəsimi təfəkkürü indiyə qədər tam şəkildə açıqlanmayıb və aydınlaşmayıb. Hər şeydən əvvəl, o dövrün tarixi, elmi, fəlsəfi həqiqətləri sadə və aydın izahını tapmayıb. Bundan əlavə isə bu fəlsəfə dərin və əhatəli olduğundan cürət və cəsarət tələb edir.
Mətin Abbaslı
Naxçıvan televiziyasının əməkdaşı
Yazı Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsinə təqdim etmək üçündür