Bu gün Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür

A- A A+

20 aprel Azərbaycan səhnəsinin görkəmli nümayəndəsi, Xalq artisti və Azərbaycan Dövlət Mükafatı laureatı Nəsibə Zeynalovanın doğum günüdür.

Aktyorluq sənətində özünəməxsus üslubu ilə seçilən, tamaşaçılar arasında daha çox “qayınana” obrazı ilə sevilən sənətkar 1916-cı ildə Bakıda anadan olub. O, uzun illər fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının inkişafında mühüm rol oynayıb, repertuarın əsas yükünü ləyaqətlə daşıyan sənətkarlardan biri kimi yadda qalıb.

Nəsibə Zeynalova 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub, 1934-cü ildən səyyar Kolxoz və Sovxoz Teatrında fəaliyyət göstərib. 1937-ci ildə Bakıda aktrisa kimi çalışmağa başlayıb və 1938-ci ildə yeni yaradılan Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Həmin il Bakı Teatr Məktəbində təhsil alaraq sənətini daha da inkişaf etdirib.

Səhnədə yaratdığı yaddaqalan obrazlar sırasında Üzeyir Hacıbəyovun əsərlərində “Gülpəri”, “Cahan xala”, “Sənəm”, həmçinin Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” əsərində “Mələk xanım” və “Kələk xanım” kimi rollar xüsusi yer tutur.

Aktrisa televiziya və kinoda da geniş fəaliyyət göstərib. “Fatmanisə” (Ögey ana), “Telli” (Böyük dayaq), “Züleyxa” (Ulduz), “Cənnət xala” (Qayınana), “Gülsüm” (Molla Fətəlinin sərgüzəşti), “Əsli xala” (Bəyin oğurlanması) kimi obrazları ilə yadda qalıb.

Xüsusilə 1978-ci ildə çəkilən “Qayınana” filmində yaratdığı “Cənnət” obrazı onun yaradıcılığının zirvəsi hesab olunur. Bu roldan sonra sənətkar tamaşaçılar tərəfindən “XX əsrin qayınanası” kimi tanınıb.

Musiqili teatrın inkişafındakı xidmətlərinə görə Nəsibə Zeynalova 1960-cı ildə “Əməkdar artist”, 1967-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. “Hicran” musiqili komediyasında yaratdığı “Qızbacı” roluna görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

Görkəmli aktrisa 10 mart 2004-cü ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Nurtac İsmayılova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: