Tarixi abidələrimiz milli sərvətimizdir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Tarixi abidələrimiz milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Emin Məmmədov xalqımızın qədim, mədəni sərvətləri içərisində tarix və memarlıq abidələrinin xüsusi yer tutduğunu qeyd edib. Tədbirdə iştirak edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan abidələrində aparılan tədqiqat işləri barədə məlumat verib. Alim bildirib ki, hər il yerli tədqiqatçılarla birlikdə beynəlxalq ekspedisiyalar təşkil olunur. Ekspedisiyalar zamanı keçmişimizdən xəbər verən tarixi abidələrdə tədqiqatlar, arxeoloji qazıntılar aparılır, tariximizə aid yeni faktlar ortaya çıxarılır.
Vəli Baxşəliyev onu da vurğulayıb ki, Naxçıvanın tarixi abidələrlə zəngin olmasının əsas səbəblərindən biri də Zəngəzur dağlarının və digər yerlərin mis, duz, gil, obsidian yataqları ilə zəngin olmasıdır.
Mədəniyyət Nazirliyinin əməkdaşı Əli Rzayev Naxçıvan abidələrinə göstərilən dövlət qayğısından bəhs edib.
Tədbir iştirakçıları sonda mərkəzin foyesində tarixi abidələrimizdən bəhs edən kitablardan və digər materiallardan ibarət sərgiyə baxıblar.
Turab Hacızadə