Beynəlxalq Mədəniyyət Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Teatrında “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Elvin Əhmədov bu günün tarixindən danışıb. Bildirib ki, 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədar bu əlamətdar gün təsis olunub. 1998-ci ildə “Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası” adlı ictimai təşkilat bu tarixin Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib və həmin vaxtdan dünyanın bir çox ölkələrində Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunmaqdadır. Azərbaycan YUNESKO ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq edir.
Tədbirin bədii hissəsində Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” uşaq yallı ansamblı “Tirməşal”, “Xələfi” yallılarını, Babək Rayon Nehrəm Kənd Mədəniyyət Evinin nağara dərnəyi “Azərbaycan ritmləri”, Babək Rayon Mədəniyyət Sarayının rəqs dərnəyi “Azərbaycan maralı” rəqsini, Babək Rayon Vayxır Kənd Mədəniyyət Evinin balaban dərnəyi “Nəlbəki rəqsi”ni, Culfa Şəhər Klubunun dram dərnəyi “Kitablar tozlanmasın” pantomim tamaşasını göstəriblər.
Əli Rzayev