NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərində möhtəşəm konsert proqramı təşkil olunacaq.
Tədbir 10 may 2026-cı il tarixində saat 19:00-da Naxçıvan şəhərində yerləşən Saat Meydanı Turistik İstirahət Mərkəzi ərazisində keçiriləcək.
Açıq hava şəraitində baş tutacaq konsertdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri ilə yanaşı, tanınmış sənət adamları da çıxış edəcəklər. Gecədə Samir Cəfərov, Gülyaz Məmmədova, Nuriyyə Hüseynova, Sərxan Bünyadzadə və Şəmistan Əlizamanlı öz repertuarları ilə tamaşaçılar qarşısında çıxış edəcəklər.
Konsert proqramında muğam, xalq musiqisi və müasir bəstəkarların əsərləri səsləndiriləcək. Müasir səhnə tərtibatı, işıq və səs effektləri ilə müşayiət olunacaq gecənin şəhər sakinləri və qonaqlarına unudulmaz anlar yaşadacağı bildirilir.
Tədbirin milli-mənəvi dəyərlərin təbliği və Ümummilli Liderin xatirəsinə ehtiramın ifadəsi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
