Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin birinci rübündə milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği sahəsində tədbirlər keçirilib, görkəmli sənət adamlarının yubileyləri qeyd edilib
Muxtar respublikanın rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə 20 konsert və 11 tamaşa təşkil olunub. Həmçinin müxtəlif müsabiqələr, dəyirmi masa, oxucu konfransı, xatirə gecəsi, anım günü, kitab müzakirəsi, intellektual oyun, maarifləndirici tədbir, mühazirə, metodik kurs, seminar-treninq, kitabxana və kitabxanaçı, mütaliə, nağıl günləri, açıq və distant dərslərin keçilməsi diqqətdə saxlanılıb, sərgilər təşkil olunub. Şərur yallılarının reyestrə alınması işi də davam etdirilib, bir neçə yallının çəkilişi aparılıb və nota köçürülüb.
Bu dövrdə muzeyləri 30 min 523-ü əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 125 min 998 tamaşaçı ziyarət edib. Muzey fondlarının zənginləşdirilməsində muxtar respublika sakinləri fəal iştirak edib, muzeylərə 410 eksponat daxil olub. Kitabxanalara 215 adda 581 nüsxə çap məhsulu verilib. Ötən dövrdə muxtar respublika kitabxanalarında yeni oxucu sayı 926, oxucu gəlişi 26 min 770 nəfər olmuş, 33 məhdud fiziki imkanlı şəxsə səyyar kitabxana xidməti göstərilib. Mədəniyyət müəssisələrinin fəaliyyəti də diqqətdə saxlanılıb, dərnəklərin təşkili ilə bağlı işlər görülüb, mədəniyyət evləri və klublarda 569 mədəni-kütləvi tədbir keçirilib, 182 sərgi açılıb.
Naxçıvan Dövlət Musiqili Dram Teatrı Hüseyn Cavidin “Xəyyam”, Əli Əmirlinin “Əli və Nino”, Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunan “Ehsan xan Kəngərli”, Naxçıvan Dövlət Kukla Teatrı “İnanmayaq tülkülərə”, “Göyçək Fatma”, “Adam-badam iyisi gəlir”, “Qoğalın sərgüzəşti”, Naxçıvan Dövlət Uşaq Teatrı “Bu günün çay dəsgahı”, Babək Rayon Xalq Teatrı “Beş manatlıq gəlin”, Şərur Rayon Xalq Teatrı “Varlı qadın”, Ordubad Rayon Xalq Teatrı “Yalan” tamaşalarını nümayiş etdirib. Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayon və kəndlərində “Yarımçıq xatirələr”, “Nəsimi”, “Dərs”, “Cavad xan” filmlərini nümayiş etdirib, məktəblilər üçün kinoviktorina keçirilib.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə musiqi, teatr, təhsil müəssisələri kollektivlərinin rəngarəng konsert proqramları olub.
Birinci rübdə yaddaqalan mədəniyyət hadisələrindən biri də Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin “Testene ART Baku-2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində iştirak etməsidir. Müxtəlif yaş qrupları üzrə 180-ə yaxın iştirakçının qatıldığı müsabiqədə kollecin 9 tələbə və 1 müəllimi diplomlara layiq görülüb. Festival-müsabiqənin Qran-pri mükafatçısı Nəcəf Hacılı may ayında İtaliyada keçiriləcək “Özünü dünyaya tanıt” beynəlxalq festival-müsabiqəsində Naxçıvanı təmsil edəcəkdir.