“Memar Əcəmi yadigarları”

A- A A+

Vətənin hər qarışını bəzəyən, daşına-divarına həkk olunan, qocaman diyarın – Qoca Şərqin dərinliklərindən süzülüb gələn həyat hekayələrini, tarixi hadisələri respublikamızın bütün bölgələrinə daşıyan memarlıq inciləri milli bəşəri dəyərlərimizin ən parlaq nümunəsidir. Hər bir memarlıq nümunəsi özündə bir tarix yaşadan sərlövhədir. Hər santımına tariximizin, hər ornamentinə mədəniyyətimizin, hər simvoluna incəsənətimizin ilmək-ilmək toxunduğu sənətkarlıq nümunələri Azərbaycanın qədimliyindən, ululuğundan xəbər verən mənbələrdir. Üz tutduğumuz həmin tarixi tikililərin gözoxşayan daşı, divarı üzərindəki yazılar sanki dil açıb insanla danışır. Bəşəriyyət qədər uzun bir tarixə malik olan hər bir memarlıq sənəti nümunəsi sanki öz əsrarəngizliyindən özü belə cuşa gələrək onunla maraqlanan, onu araşdıran kəsə üzərindəki qədim yazılarla cavab verir.

Gözəllik qanunu əsasında formalaşan memarlıq sənəti sahəsi zövqlə ərsəyə gətirilmişdir və yerli əhali ilə yanaşı ölkəmizə baş çəkən turistlərin də qəlbini fəth etməkdə davam edir. Günümüzdə bu sənət növü ən vacib və tələb olunan sahələrdən hesab edilir və nümunələri insan sivilizasiyasının əsas xüsusiyyətlərini, ideologiyasını və xarakterini simvollaşdıran memarlıq tikililəri olmaqla ölkənin, şəhərlərin simvolları kimi də yadda qalır.

Ən qədim nümunələrinə Füzuli rayonu yaxınlığındakı Azıx mağarası başda olmaqla, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan Muxtar Respublikasında, Zəngilan, Kəlbəcər və Şamaxıdakı mağaralarda rast gəlinən qədim tarixə malik Azərbaycanda müxtəlif memarlıq üslubunda tikilmiş bənzərsiz saraylar, ibadətgahlar, yaşayış binaları, körpülər vardır. Bu ilkin memarlıq nümunələrinin davamı olaraq Xan sarayı, Naxçıvan şəhər buzxanası, Yusif Küseyr oğlu, Möminə Xatun türbələri, Şərq və Yengicə hamamlarını misal göstərə bilərik. Sadalanan həmin tikililərin ərsəyə gəlməsində mühüm əhəmiyyət kəsb edən isə Azərbaycan mədəniyyətinə töhfələr vermiş və Şərq aləminin tanınmış memarı olan Əcəmi Naxçıvaninin roludur. Yaradılan hər bir sənət nümunəsi və onun yaşatdığı tarix qədər, yaradıcısının, qurucusunun da mükəmməlliyi böyük önəm daşıyır. Çünki, yalnız və yalnız qızıl əllərin inşa etdiyi o sənət nümunəsi əsrlər keçdikcə daha da dəyərlənir və bahabiçilməz sərvət bazasına çevrilir. Həmin bazanın zənginliyindən isə sonrakı bütün nəsillər bəhrələnir.

Orta əsr Müsəlman Şərqinin tanınmış memarı Əcəmi Naxçıvaninin inşa etdiyi zəngin arxitekturaya malik memarlıq inciləri özünəməxsusluğu ilə digərlərindən seçilir. Dövrünün səciyyəvi xüsusiyyətləri ilə seçilən nəfis həndəsi naxışlarla dekorativ rəngarəngliyin ahəngini özündə ehtiva edən sənət nümunələrində Memar Əcəminin memarlıq sahəsinə verdiyi töhfələr aydın şəkildə görünür. Güclü təxəyyülü və bacarıqlı əlləri ilə Azərbaycan, xüsusilə də, Naxçıvan memarlığını intibaha qovuşduran memarımız inşa etdiyi sənətkarlıq nümunələrində “girih” də adlandırdığımız dekorun ən mürəkkəb həndəsi naxışlarından, çoxbucaqlılardan, yaxud ulduzlardan, ya da onların hissələrindən istifadə etmişdir. Girih naxışlarının memarlıq dekorunda aparıcı olması və memarlıq obrazına güclü təsiri baxımından Yusif Küseyr oğlu türbəsi Azərbaycan memarlığında yeni bir mərhələ təşkil edir. Səkkizguşəli gövdəsi olan bu incə nisbətli abidənin üz tağçalarının düzbucaqlı səthləri mürəkkəb quruluşlu, iri elementli kərpic girih naxışları ilə örtülmüşdür. Memar əcəmi Naxçıvani öz şah əsərində – Möminə Xatun türbəsində ənənəvi kərpic girih yaradıcılığını davam etdirərək öz sənətini peşəkarlıqla zirvəyə qaldırmışdır. Bununla yanaşı, söyləyə bilərik ki, Əcəmi özündən əvvəlki antik və müsəlman filosoflarının mülahizələrini yenidən işləyib memarlıq formaları şəklində şəkilləndirmiş, keyfiyətcə yeni bir mərhələ başlatmışdır.

Əsrlərdir zövq oxşayan görünüşü ilə insanları heyran qoyan Əcəmi yadigarlarından fərqli olaraq, Darülmülk – Eldənizlər sarayı günümüzə gəlib çatmamışdır. Orta əsr Əcəmi memarlığının nümunəsi olsa da, Möminə Xatın türbəsinin yaxınlığında inşa edilən bu saray zamanla öz hökmünü itirmişdir. «Əcaib-əd-Dünya» kitabının tədqiqatları zamanı da aşkar edilib ki, Naxçıvanın yaxşı möhkəmləndirilmiş şəhristan hissəsində gözəl memarlıq xüsusiyyətinə malik çoxlu binalar, hökumət binası, şah iqamətgahı tikilmişdir. Adı çəkilən əsərdə məhz memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani olan Darülmülkün də adına rast gəlinir. Verilən məlumatdan aydın olur ki, Eldənizin dövründə Naxçıvan memarlıq sahəsində özünün ən qüdrətli çağını yaşayıb. “Bir gün Eldənizin atının ayağı oyuğa girdi. O, bunun xeyir əlaməti olduğunu düşünərək həmin yerdə bir xanə tikdirəcəyini dedi. Orada şah iqamətgahı quruldu və hökumət binası (Darülmülk, dövlətxana) inşa edildi.” – cümləsindən də görünür ki, Naxçıvanda inşaat işləri sözügedən dövrdə geniş vüsət almış və yerli bənna və memarlar tərəfindən möhtəşəm memarlıq nümunələri yaradılmışdır. Eyni zamanda, memarlıq sahəsində istifadə olunan ornament, naxış və bədii sənət nümunələri günümüzdəki istər yaşayış binalarında, istərsə də digər memarlıq nümunələrində özünü göstərir. Quruluş və formaların hormoniyanın əbədi canlı qanunlarına əsaslanan Əcəmi yadigarları özünün ilahi gözəlliyinin cazibədar qüvvəsini bu gün də bizə nümayiş etdirir.

Xalq tərəfindən yaradılmış memarlıq sənəti tarix boyu yaşayır və müəlliflərini yaşadır. Peşəkarlığı və parlaq zəkası ilə fani dünyada yaratdığı ecazkar və ölməz əsərləri ilə yadda qalan Memar Əcəmi belə şəxsiyyətlərdəndir. Keçdiyi dövrün səciyyəvi xüsusiyyətlərini, nəfis naxışlarını və ornamentlərini, islam dininin ənənələrini, özündə daşıyan tikililərdə əsrlər keçsə də, Xoca Əli Hasil Təbrizi, Şəmsəddin Təbrizi, Şeyx Bəhaəddin və başqa Azərbaycan memarları kimi, Əcəmi Naxçıvaninin də imzası qalır. Elə özünün də əsrlər əvvəl Möminə Xatun türbəsinin baş tağında kufi xətti ilə həkk etdiyi bu ürək sözləri kimi: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar.”

Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyi 2024–2025-ci illər ərzində YUNESKO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilmişdir. Məqsəd isə Azərbaycan memarlığının inkişafı sahəsinə töhfələr verən Memar Əcəminin ərsəyə gətirdiyi gözalıcı və füsunkar abidələrin əvəzedilməz incəsənət məbədinə çevrilməsindən, eyni zamanda, bu incəsənət məbədinin dünya mədəniyyətinə tanıdılmasından ibarətdir.

Türkay Məmmədli,

Bəhruz Kəngərli Muzeyinin 

kiçik elmi işçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: