Azərbaycan musiqisinin parlaq və unudulmaz simalarından olan Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Uşaqlıq illəri isə Qarabağın Ağdam rayonunun Gülablı kəndində keçib. Məhz bu mühit onun gələcəkdə böyük sənətkar kimi formalaşmasına mühüm təsir göstərib. Dövrün məşhur xanəndələri – Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Xan Şuşinski tez-tez həmin məclislərdə iştirak edir, bu isə Sara xanımda musiqiyə böyük maraq oyadırdı.
Bu maraq onu Üzeyir Hacıbəyovun rəhbərliyi ilə keçirilən musiqi müsabiqəsinə aparır. Müsabiqədə ifa etdiyi “Qatar” və “Gəlmə-gəlmə” xalq mahnıları münsiflər heyətini heyran edir. Üzeyir bəyin tövsiyəsi ilə Sara Qədimova Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alır.
Onun sənət yolunda yeni mərhələ 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına solist qəbul olunması ilə başlayır. Bu, sadəcə peşə fəaliyyətinin başlanğıcı deyil, həm də Azərbaycan musiqi tarixində böyük bir sənətkarın doğuluşu idi.
İkinci Dünya müharibəsinin ağır illərində Sara xanım ön cəbhədə çıxış edərək əsgərlərə mənəvi dəstək verib, “Şəfqət bacısı” mahnısını səsləndirib. O dövrdə qadın səsinin uyğun hesab edilmədiyi “Rast”, “Mahur-hindi”, “Bayatı-Şiraz” kimi mürəkkəb muğamları böyük ustalıqla ifa edən Sara Qədimova Azərbaycan musiqisində özünəməxsus iz qoyub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərən sənətkar Leyli və Məcnun operasında Leyli, Əsli və Kərəm operasında isə Əsli obrazlarını yüksək sənətkarlıqla canlandırıb.
Sara Qədimovanın repertuarında “Həsrətindən”, “Küsüb getdi”, “Pıçıldaşın ləpələr”, “Haralısan” kimi məşhur mahnılar xüsusi yer tutur. Onun sənəti dövlət tərəfindən də yüksək qiymətləndirilib — 1954-cü ildə Əməkdar artist, 1963-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
1950–60-cı illərdə müxtəlif xarici ölkələrə, xüsusilə İrana etdiyi qastrol səfərləri zamanı Sara Qədimova Şərq dünyasını öz məlahətli səsi ilə valeh edib.
2005-ci il mayın 12-də dünyasını dəyişən sənətkarın zəngin irsi bu gün də yaşayır, onun səsi hər səsləndikcə Azərbaycan musiqisinin ən dəyərli səhifələri yenidən canlanır.
Qeyd edək ki, Sara Qədimova Azərbaycanın tanınmış müğənnisi Akif İslamzadənin anasıdır.
Nurtac İsmayılova
