Mayın 17-də Azərbaycan Milli Xalça Muzeyində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş “Xalçalarda memarlıq” adlı sərgi açılacaq.
Muzeydən NUHÇIXAN-a bildirilib ki, sərgidə muzeyin kolleksiyasına aid XIX-XXI əsrlərdə toxunmuş xalq yaradıcılığı nümunələri və müəllif xalçaları nümayiş etdiriləcək. Ekspozisiyada Azərbaycan xalça sənətində memarlıq motivlərinin bədii ifadəsi, eləcə də tarixi abidələrin ornamental yaddaşda yaşadılması öz əksini tapacaq.
Sərgidə Xalq rəssamları Lətif Kərimov, Eldar Mikayılzadə, Əməkdar rəssam Taryer Bəşirov, gənc xalçaçı-rəssam Afaq Abdullayeva və digər müəlliflərin əsərləri yer alacaq.
Tədbir çərçivəsində Xalq rəssamı Eldar Mikayılzadənin “Məlhəm” xalçası, həmçinin rəssam Cəmilə Həşimovanın “Yol” adlı konseptual layihəsi ictimaiyyətə ilk dəfə təqdim ediləcək.
