Nakam ömrün əbədi iqamətgahı – Bəhruz Kəngərli Muzeyi - FOTOLAR
Xeyirlə Şərin, Məzlumla Zalımın rəqabəti təkcə döyüş meydanında deyil, sənət dünyasında, mədəniyyət aləmində də öz sözünü demişdir. Əzmkar Azərbaycan xalqı tarixin bütün mərhələlərində igid pəhləvanlar, söz ustadları, nəqqaşlar diyarı olaraq mübarizəsini məqamı gəldiyində istər qılıncı, istər qələmi, istərsə də fırçası ilə davam etdirmişdir. Əsrlər boyu xalqının yaddaşına həkk olunmuş bu dahilər istənilən sahədə sələf rolunu oynamış, yeni nəsillər üçün daim örnək olmuşdur. Uğurlu gələcəyə aparan cığır açaraq xələflərə işıqlı yol göstərmişdir. Müxtəlif çalarlı rəngli boyalarla kətanı, karandaşla, kömürlə ağ vərəqləri bir sənət əsərinə çevirən Bəhruz bəy Kəngərli isə sehrli fırçasından güc alaraq məşəqqətli bir yaradıcılıq yoluna başlamış və bu yolu sönməz, əbədiyanar sənət işığına çevirmişdir. Bu sənət işığından təkcə dövrünün qabaqcıl ziyalıları, maarifçiləri, elm adamları bəhrələnməmiş, əsrlər sonra belə dürə çevrilmiş xəzinə mədəniyyətin bir qolunun inkişafının təməlini təşkil etmişdir.
Bir dönəmin qayğıya ehtiyac duyan köməksiz və çarəsiz balaca Bəhruzu illər ötdükcə insanların taleyi və sənəti ilə yaxından maraqlandığı böyük bir şəxsiyyətə çevrilmişdir. Hələ çox balaca ikən ana qayğısından məhrum olub həyatın ilk sınağı ilə üz-üzə qalan körpə illər sonra ikinci silləsini də kiçik yaşlarında keçirdiyi xəstəlik zamanı alır. Dövrünün ən gözəl çağında quşların xoş avazına, axan çayların şırıltısına həsrət qalır. Yağan hər yağış damlası onun yaralı qəlbindən süzülüb gələn göz yaşlarına qarışır. Mənası “xoş gün” olsa da, adı taleyinə yansımayan Bəhruz 30 illik ömür yolunu ağır imtahanlarla başa vurur. Buna baxmayaraq, rastlaşdığı heç bir maneə qəlbindəki sənət sevgisini öldürə bilmir. Əksinə, həmin sevgi onu əbədiyaşar şəxsiyyətə çevirir. Və beləcə qısa ömrünün cəmi 7 ilini sənətə həsr edən Bəhruz Kəngərli özündən geriyə zəngin bədii irs qoyur. Realist boyakarın nakam ömrünün sürüklədiyi qısa, lakin mənalı həyat yolu Azərbaycan rəssamlıq sənəti üçün məşəl tək alovlanan sənət ocağına çevrilir. Əsərlərində xalqının ağrı-acısını, sevincini, həyatını və taleyini əks etdirən Bəhruz Kəngərli bu gün də öz sənəti ilə qəlblərdə yaşayır. Onun yaratdığı sənət dünyası zaman keçdikcə daha da dərin məna qazanır, mili mədəniyyətimizin ölməz xəzinəsinə çevrilərək gələcək nəsillərə işıq saçır. Bu məqamda deyə bilərik ki, doğulduğu qədim Naxçıvan diyarında yaradılmış Bəhruz Kəngərli adına Rəssamlar Parkında ucaldılmış heykəl rəssamın daş yaddaşa çevrilmiş ruhudur. Ölməz yaradıcılıq irsinin qorunduğu Bəhruz Kəngərli Muzeyinin divarlarından asılmış hər rəsm əsəri sənətkarın qəlbindən süzülən duyğuların təcəssümüdür. Hər portret tarixin ağrı-acılı mərhələsinin lövhələrə yansımış əks-sədasıdır. Özündə ölməz sənətlə yanaşı bir tarix yaşadan Bəhruz Kəngərli Muzeyi bu gün artıq 25 yaşını qeyd edir. Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi, tarixin ağır sınaqlarla dolu mərhələlərindən keçən, öz əzəmətini, vüqarını bu gün də qoruyan binada ilk dəfə 1897-ci ildə Qızlar Məktəbi, XX əsrin əvvəllərində isə Naxçıvan Pedaqoji Texnikumu fəaliyyət göstərmişdir. 1930-cu illərdə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyev həmin texnikumda təhsil almışdır. 1945-1946-cı tədris ilindən etibarən uzun illər Heyran xanım adına Tibb Məktəbi kimi fəaliyyət göstərmiş bina 2002-ci ildən öz qapılarını Bəhruz Kəngərli Muzeyi olaraq ziyarətçilərin üzünə açmışdır. 18 iyun 2002-ci il tarixdə keçirilmiş muzeyin açılış mərasimində ümummili lider Heydər Əliyev iştirak etmiş, nitq söyləmiş, sənətşünaslara görkəmli rəssamın irsinin tədqiqinə dair dəyərli tövsiyələrini vermişdir. Bəhruz Kəngərli yaradıcılığını yüksək qiymətləndirən Müdrik Rəhbər demişdir: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik, fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur.”
Azərbaycan xalqının qüdrətli lideri Heydər Əliyevin vaxtilə tələbəlik illərinə şahidlik edən binanın birinci mərtəbəsində yerləşən ilk ekspozisiya zalındakı guşəyə həkk olunmuş şəkli və müdrik kəlamları illərdir muzeyi ziyarət edən qonaqlarda xalqın böyük oğluna olan sevgi və ehtiram hissini daha da artırır, qürurverici anlar yaşadır. Azərbaycan təsviri sənətində silinməz iz qoymuş Bəhruz bəy Kəngərlinin sənət dünyasını yaşadan bu tarixi muzey binasında Ulu Öndərin əziz xatirəsini əbədiləşdirən Xatirə otağı xüsusi mənəvi dəyəri ilə diqqət çəkir. Bu gün də öz müqəddəs missiyasını layiqincə davam etdirən Bəhruz Kəngərli Muzeyi təkcə böyük rəssamın zəngin yaradıcılıq irsini qoruyub yaşatmır, eyni zamanda, milli-mənəvi dəyərlərimizin, təsviri sənət tariximizin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Muzeyin hər guşəsində duyulan sənət nəfəsi, divarlardan boylanan əsərlər, burada yaşadılan tarix və xatirələr ziyarətçiləri bir əsrdən digərinə apararaq Azərbaycan mədəniyyətinin zənginliyini bir daha nümayiş etdirir.
Türkay Məmmədli,
Bəhruz Kəngərli Muzeyinin kiçik elmi işçisi