Naxçıvanda Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təqdim edilib - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin “Sevincin İnciləri” ansamblının 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, Heydər Əliyev Sarayında təşkil olunan tədbir Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycan Respublikasının və beynəlxalq müsabiqələrin Qran-pri mükafatçısı, Prezident mükafatçısı Sevinc Babayevanın bədii rəhbərliyi ilə reallaşıb. Əvvəlcə Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, Prezident mükafatçısı Mir Qabil Əkbərov Sevinc Babayevanın sənət fəaliyyəti, yaradıcılıq uğurları və tamaşaçılar qarşısında nümayiş etdirdiyi yüksək səviyyəli çıxışlarından bəhs edib.
Konsert proqramında milli və xarici musiqilərdən ibarət rəngarəng repertuar təqdim olunub. Ansambl tərəfindən Vüqar Camalzadənin “Zəngəzur”, “Butterfly”, Mahirə Nağıqızının “Vətən”, “Gürcü rəqsi”, Fuad Musayevin “Can qardaşı”, “Çahargah” kompozisiyası, Vüqar Şiriyevin “Mərd adam”, “Dele Kucolo”, Elnur Naxçıvanlının “Naxçıvanım”, “Bahar Hora”, Şakir Quliyevin “Türkün qartalları”, “Bella Ciao” (“La Casa de Papel”) və Azərbaycan xalq mahnısı “Nərgilə” tamaşaçılara təqdim olunub.
Tədbir Elçin Cəfərovun “O tay, bu tay Azərbaycan” mahnısının ifası - 75 nəfərlik kollektivin birgə səsləndirdiyi möhtəşəm repertuar ilə yekunlaşıb.
Sonda Sevinc Babayevaya gül dəstələri və müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, konsertin xormeysteri Aytəkin Mustafayeva, xoreoqrafları isə Prezident mükafatçıları Zeliha Hüseynquliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Sona Əliyeva və Naxçıvan Dövlət Universitetinin müəllimi Ramil Bağırov olub.